Vasif Süleyman : - ATAMIN XATİRƏSİNƏ
Bu yerlərin bəxti yatıb, ayı, ili yox
Hara baxsan, yaşamağın tərsi yazılıb
O daş üstə bir kişinin ad-famili yox,
O daş üstə kişiliyin dərsi yazılıb.
Nə öyrəndik qalan odur, biləydik əvvəl,
Gərək idi biz binadan-başdan öyrənək.
Qardaş-bacım, harda çaşıb qalsaq məəttəl,
Gəlin gedib atam baxan daşdan öyrənək.
Çox şeyləri Tanrıya da aça bilmərəm,
Açammaram içimdəki sirr mənim olsun.
Mən heç nəyin yaxınını istəməmişəm,
Qoy, atamın yanındakı yer mənim olsun.