VAQİF  YUSİFLİ : - RÜBAİLƏR  ALƏMİNDƏ

Ədəbiyyat 19:35 / 16.05.2023 Baxış sayı: 4505

 

Çoxəsrlik Azərbaycan poeziyasının qədim şeir formalarından biri rübaidir. Təkcə Azərbaycan klassik poeziyasıfnda deyil, ümumən Şərq xalqlarının ədəbiyyatında da çox geniş yayılan   rübai bugün-XXI əsrdə dəbdən düşməyib. Doğrudur, rübai qəzəl kimi populyar deyil, lakin həm klassik, həm müasir şeir şəkillərinin intensiv halda işlədilməsinə rəğmən rübaiyə müraciət olunması təqdirəlayiqdir. Bu, onu sübut edir ki, birincisi, müasir Azərbaycan poeziyası qətiyyən klassik poeziyadan onun yaşarı ənənələrindən təcrid oluna bilməz-. İkincisi, «köhnə havalar»da  təzə nəğmələr ötmək olarTəki ortada deyilməli fikir olsun bu fikrin hansı formada ifadə edilməsi o qədər önəmli deyil.

 Rübai klassik şeirin dördlük növünə aiddir. Məlumdur ki, dördlük hər bəndi dörd misradan ibarət olan şeirə deyilir. Şeirin formasından asılı olaraq dördlüklər müxtəlif cür qafiyələnir. Dördlüyə daxil olan iki şeir şəklinə daha çox müraciət edilmişdir ki, bunların biri mürəbbe, digəri rübaidir.

  Əvvəlcə mürəbbelər haqqında. Mürəbbe Divan ədəbiyyatında dörd misradan ibarət olan şeirə deyilirİlk bəndin dörd misrası qafiyəlidir. Son bəndlərdə mürəbbenin üç misrası həmqafiyə, dördüncü misrası ilkin bəndi ilə qafiyələnir.

 İndi isə rübai haqqında: rübai dördlük misradan ibarətdir. Türk xalqlarında rübai çox geniş yayılıb. Şərq ədəbiyyatında Rudəki, Xəyyam Məhsətinin rübailəri orta əsrlərdə daha çox populyarlıq qazınıb Xaqaninin, Qazi Bürhanəddinin, Nəsimi Füzulinin gözəl rübailəri var.

  Rübai klassik Şərq ədəbiyyatınıne ən «nərmə-nazik» şəkillərindən biridir deyim ki, şairlər bu formaya müraciət edərkən öz məharətlərini nümayiş etdirməyə çalışırlarÇünki dörd misrada, özü sanki texniki cəhətdən çərçivələnmiş şeir formasında ictimai, fəlsəfi, əxlaqi fikir söyləmək lazımdırKlassik şeirin digər formalarında bunu etmək o qədər çətin deyil, çünki rübaiyə nisbətən o formalarda həcm genişdir. Bu mənada klassik şeirin rübai forması xalq şeirinin bayatı forması ilə doğmalaşır.

 Şərq ədəbiyyatında bu formadan bütün klassik şairlər istifadə etmişlər.

 

  Əlimdə olsaydı əgər iqtidar,

  Bu köhnə fələyi kökündən yıxar,

  Təzədən elə bir fələk qurardım-

  Kim, hər kəs yaşardı azad, bəxtiyar.

                                                               (Xəyyam)

  Bu dünya bir qızıl kuzəyə bənzər,

  Suyu gah şirindir, gah da ki, zəhər.

  Çox da öyünmə kim, uzundur ömür,

  Əsəl köhlənində hazırdır yəhər.

                                                                (Məhsəti)

 

 Azərbaycan dilində ilk rübailərin müəllifi Qazi Bürhanəddindir. O, 20 rübaisini divanına daxil etmişdir. Onların hamısı aşiqanə mövzuda yazılmışdır:

XX əsr Azərbaycan poeziyasında da rübai bir şeir forması kimi yaşadı, öz ənənəsini davam etdirdiDoğrudur, əvvəlki əsrlərlə müqayisədə rübaiyə nisbətən az müraciət olundu, lakin şeirimizin xəzinəsinə əlavələr etdi. M.Müşfiq, M.M.Seyidzadə, Qabil, O.Rza kimi şairlərimiz yeni rübailər yaratdılar. Mikayıl Müşfiqin «Duyğu yarpaqları» silsiləsindən 41 rübaisinin əksəriyyəti bu şeir növünün ən gözəl nümunələri kimi diqqəti cəlb edir.

 Bu ənənəni davam etdirən şairlərdən biri Hafiz Əlimərdanlıdır. O, kimyaçı alim olsa da (AMEA-nın müxbir üzvüdür), ədəbiyyata, xüsusilə, poeziyaya meyli  onu şeirlər yazmağa, özü klassik şeir formalarına müraciət etməyə gətirib. Hafiz müəllim artıq bir qəzəllər kitabının müəllifidir akademik Nizami Cəfərov o kitaba ön söz yazıb. İndi ikinci kitabı –«Xəyalımın qanadlarında.Rübailər» çapdan

çıxıb Nizami Cəfərov bu kitabda da geniş bir ön sözlə çıxış edir. O yazır ki: «Hafiz müəllimin rübailərinin fəlsəfəsi oxucunu düşündürür, ruhu oxşayırŞairin rübailərində klassik fəlsəfənin  əsas məziyyətləri ilə yanaşı, həm müasir həyatımızla  səsləşən motivlərə təsadüf olunur».

  Hafiz Əlimərdanlı rübai janrının özəlliklərinə yaxşı bələddir. Məlumdur ki, rübai öz həcminə görə şeirin miniatür janrına daxildir dörd misrada şair müəyyən bir fikir söyləməlijir. Elə bir fikir ki, o fikir bu dörd misrada öz poetik həllini tapsın. Çünki hər hansı fikir qupquru səslənməməlidir, gərək onun poetik, obrazlı yaraşığı da olsun. Hafiz müəllim bir rübaisində deyir ki: «Açılan çiçəkdir yazılan şeir».  Onun rübailərinin mövzusu rəngarəngdir. Amma hansı mövzuda  mövzuda yazılırsa-yazılsın, Hafiz Əliməranlı maarifçi mövqeyindədir. Bu mənada o, bizim böyük maarifçilərimizin ənənələrini davam etdirir. Maarifçilikdə əsas meyar insan ağlının qüdrətini nümayiş etdirməkdir. Bir maarifçi kimi nəyi təbliğ edir Hafiz Əlimərdanlı? Ağılın baş xətti bilikdir. Baxın:

   Bar versə bir ağac, başını əyər,

   Həyatı biliklə insan dərk edər.

   Biliklər olmasa, yaşamaq çətin,

   İnsanlar biliklə daim yüksələr.

 

Ümumiyyətlə, Hafiz müəllim  öz rübailərində insan ömrünün mənasını, mahiyyətini ifadə edən bütün mənəvi keyfiyyətlərə üz tutur. Özü onun müraciətləri, çağırışları daha çox cavan nəsilə aiddir, yaşına görə, keçdiyi həyat yoluna görə onun buna haqqı var. Amma təkcə cavanlar deyil, hamı bu çağırışlardan bəhərlənməlidir. Klassik rübai  ustalarının (Xəyyam, vardı, insanı düz yola səsləyən çağırışlar daHafiz müəllim bu ənənəni davam etdirir, təbii ki, müasir həyatın reallıqları da nəzərə alınmaqla.

    Çox uca zirvəyə qalxanda düşün,

    O məkan layiqsə, təmkinli görün.

    Yadında saxla ki, qalxdığın yolla,

    Çox çətin eniş var həyatda bir gün.

H.Əlimərdanlı bu mürəkkəb, hər günü az qala bir ilə bərabər olan, müharibəli-qanlı- qadalı dünyada yaşayır bizim hamımız kimi o da dünyada baş verən hadisələrə, dəyişmələrə biganə deyildirO, baxıb görür ki, dünyanı bölmək istəyənlər var, yəhudiliyə, xristianlığa, müsəlmanlığa. O baxıb görür ki, hər gün mövqelər dəyişir, dünyanı yalanlar idarə edir, amma İnsan bu dünyanın naxışıdırİnsan ona verilən həyatı insantək yaşamalıdır, həyat yolu mürəkkəb olsa belə. Amma insanlar da xasiyyət xarakterinə görə müxtəlif çeşidlərə bölünür:

   İnsan var ki, əzəmətdə bir dağ qədər,

   İnsan var ki, səxavətdə bir bağ qədər.

   İnsan var ki, qaranlıqda yanar çıraq,

   İnsan var ki, insanlığa qara yamaq.

 

H.Əlimərdanlının rübailərində müasir həyatın gerçəklikləri öz əksini tapır. Təbii ki, Azərbaycanda türk dünyasında baş verən olaylar onun da nəzərindən yayınmır yayına da bilməz. 44 günlük qələbəmizi  o, bir rübaisində böyük sevinc hissilə alqışlayır:

   Sevinir ürəyim, sevinir bu gün,

   Qayıtmış Qarabağ, qayüıtmış bütün.

   Qəlbim söyləyir, bir zaman gələr,

   Çoxalar bu günlər sevinmək üçün.

 

Bizim poeziya vətənpərvərlik duyğuları ilə köklənib yüzlərlə şeirlərin adını çəkə bilərik. H. Əlimərdanlının qəzəlləri rübailərində Vətən sevgisi öz əksini tapırAmma Vətən sevgisini təkcə yaşadığın vətəni mədh etməklə məhdudlaşdırmaq olmaz. H.Əlimərdanlının «Quşcuğaz» rübaisinə diqqət yetirək:

    Quşcuğaz qəfəsdə söylərdi hey vətən, vətən,

    Hər səhər, hər axşam nəğməsi susmadı hərdən.

    Soruşdum, bəs Vətən ediyin diyar haradır?

    Dedi ki, tikanlı səhradır o gözəl məskən.Amma onun Vətənlə bağlı bir rübaisi var ki, onu burada xatırlamamaq insafsızlıq olardı:

      Vətənə ol sevgi, söylə nədəndir?

      Bilmirəm bir xəyal, yoxsa ki çəndir.

      Suala heç cavab verməkmi olar?

      Vətən səhra olsa, yenə Vətəndir!

İstər klassik rübailərimizdə, istərsə müasir övrdə yazılan rübailərdə bir əsas mövzu  eşqin gözəlin tərənnümüdür. Amma Hafiz müəllimin rübailərində biz buna nadir hallarda təsadüf edirik.

     Həyatı yaradan yeganə eşqdir,

     Sərvətə, dövlətə biganə eşqdir.

      Eşq yoxsa, həyatın mənası var?

      Ömür şamtək yansa, bəhanə eşqdir.

Bu yazıdaHafiz Əlimərdanlının rübailərindən yenə söz aça bilərik. Sənət sənətkar haqqında, şeir barədə, insan əxlaqına xas olan düzlük, halallıq,  həyatda onu narahat edən müxtəlif məsələrlə bağlırübailəri çoxdur. biz arzu edirik ki, rübailərinin sayını artırsın, bir az da bədii sanbalına diqqət yetirsin. Klassik ədəbiyyata sevgisinə görə Hafiz müəllimi alqıfşlayırıq .