TƏRANƏ   DƏMİR : - ŞEİRLƏR

Ədəbiyyat 19:54 / 14.11.2022 Baxış sayı: 6744

 

***

Sən orda fikirlisən,

Mən burda narahatam.

Gecə də imkan vermir

Adam səhərə çata.

 

Səsi,səmiri gəlmir

Evlərin,küçələrin.

Qaranlıqda bir özgə

Xofu var gecələrin.

 

Bir az həsrət qoxuruq,

Bir az yağış dadırıq.

Hərəmiz bir tərəfdə

Gecəni aldadırıq.

 

Külək döyür qapını

Diksinirəm səsindən:

...Bircə səhər gəlsəydi

Canımız qurtarardı

Gecənin tənəsindən.

 

 

 

 

 

***

Mən odda bişən adamam,

Mən dərdi eşən adamam,

Sığışmıram yerə,yurda,

Mən göydən düşən adamam.

 

Min yerindən qanadıblar,

Min yerimdən sarınmışam.

Tanrının daş bəndəsiyəm,

Dərddən,sərdən barınmışam.

 

Yandırıb kül eləyiblər,

Külümlə oynama,adam.

Özünü məndən uzaq tut,

Ölümlə oynama,adam.

 

 

 

***

Sabahın xeyir,ay adam,

Günün mübarək,mübarək.

Mübarək qaşın,qabağın,

Çənin mübarək,mübarək.

 

Nə yaman pis oyanmısan,

Qaranlığın yorub səni?

Kim ağladıb yuxularda?

Kim ovudub,qərib səni?

 

Bax gör ayağın yerində?

Bax gör başın yerindədi?

Bax gör günahın yerində,

Bax gör daşın yerindədi?

 

 

Allahına şükür elə,

Səfərdən sağ qayıtmısan.

Yarı ölü,yarı diri,

Axır ki,bax,qayıtmısan.

 

Geyin səhəri əyninə,

Gecəni soyun,tez elə.

Tök gözündən bu zülməti,

İşıqda yuyun,tez elə.

 

Sabahın xeyir,ay adam,

Günün mübarək,mübarək.

Mübarək qaşın,qabağın,

Çənin mübarək,mübarək.

 

 

 

***

Bu qədər qara içində

Sevin ki,hələ ağ qalıb.

Ağın,qaranın altında

Nə yaxşı dünya sağ qalıb.

 

Gah şişirib,köpürüblər,

Gah üzünə tüpürüblər,

Gah siliblər,süpürüblər,

Nə yaxşı dünya sağ qalıb.

 

Ətindən,qanından keçib,

Adından,sanından keçib,

Ölümün yanından keçib

Nə yaxşı dünya sağ qalıb.

 

Adını cahan qoyublar,

Basıb gözünü oyublar,

Min yol canına qıyıblar,

Nə yaxşı dünya sağ qalıb.

 

Bu qədər qara içində

Sevin ki,hələ ağ qalıb.

Ağın,qaranın altında

Nə yaxşı dünya sağ qalıb.

 

 

***

Durub pəncərəmdən əl eləyirsən,

Gəl səni bağrıma basım,ay gecə.

Yenə şeir-şeir dindirim səni,

Yenə kitab-kitab susum,ay gecə.

 

Kölgən divar-divar düşsün otağa,

Qələmim sarılsın sözə,varağa,

Bütün xatirələr dursun ayağa,

Səni misra-misra gəzim,ay gecə.

 

Gerçəklə,yalanla yarışa çıxım,

Enişdən dolanım,yoxuşa çıxım,

Qarayla,bəyazla barışa çıxım,

Düşsün qulağına səsim,ay gecə.

 

Özümü aldadım,səni aldadım,

Aldana,aldana səhərə çatım,

Bir dəli işığın əlindən tutum,

Sözümü könlümdən asım,ay gecə,

Yenə kitab-kitab susum,ay gecə.

 

 

 

***

Bu qədər çiçəyin,gülün içində

Hardan vurulmusan qışıma mənim?

Ömrümün şaxtalı,sazaq çağında

Gəlib dərd açmısan başıma mənim.

 

Yorğun ürəyimdən min ağrı keçir,

Könlümün düyünü,dağı darıxır.

Əlin saçlarımın telini sevir,

Saçımın qarası,ağı darıxır.

 

Qalmışam ged ilə qal arasında,

Nə ata bilirəm,nə tuta səni.

Sən bahar çiçəyi,mən payız yeli,

Qorxuram nəfəsim quruda səni.

 

 

***

Hamı öz kefində,öz damağında,

Elə bircə mənəm gəmisi batan.

Qalmışam yer ilə göy arasında,

Canımı qoymağa yer tapammıram.

 

Torpaq ayağımdan,göy də əlimdən

Çarmıxa çəkibdi gör necə məni.

Boğacaq təkliyin məngənəsində

Bu otaq,bu şəhər,bu küçə məni.

 

Nə söz kara gəlir,nə qələm daha,

Şeir də ürəyə boş təsəllidi.

Deyirəm bəlkə də hələ bilmirik

Ölüm azadlığın ən gözəlidi.

 

Olum da sənindi,ölüm də sənin,

Nə versən bir azca tez elə,Allah!

Bircə əllərimi buraxma hələ,

Qoyma ətəyindən üzülə,Allah!

 

 

***

Bir əl də tapılmadı

Saçını sığallaya,

Sevincinə sevinə,

Qəmini qucaqlaya.

 

Bir yuva da olmadı,

Sığınıb ağlayasan.

Girəsən qucağına,

Qapını bağlayasan.

 

Bütün arzularının

Üstünə daş qoydular.

Dopdolu ürək verdin,

Aldılar boş qoydular.

 

Səsin gedib çatmadı,

Tanrı da uzaq oldu.

Düşdün ümidlərindən,

Ömrün baş ayaq oldu.

 

 

***

Nə çox uzandı bu ömür,

Dartdıqca dalı gəlir.

Boşaldıb geri verirsən,

Üstünə dolu gəlir.

 

Hərə öz nağıl payını

Çeynəyir, uda bilmir.

Özündən aldığı bəxti

Özünə sata bilmir.

 

Göy də, yer də oyundadı,

Arada biz qalmışıq.

O qədər dərd veriblər ki

Yeməkdən düz qalmışıq.

 

Olumdan bir şey çıxmadı,

Ölümü çağır gəlsin.

Bu cənnətdi, cəhənnəmdi,

Hər nədi, axır gəlsin.

 

***

Çox gözlədim dostdan, yaddan,

Qapımı döyən olmadı.

Ürəyimə bir söz dəydi,

O da mən deyən olmadı.

 

Özüm özümdən gen gəzdim,

Qayıtdım gəldim özümə.

Durub özümə ağladım,

Oturdum güldüm özümə.

 

Ürəyim də bivec çıxdı,

Bir fərli ürək olmadı.

Elə vaxtda oda düşdü,

Heç nəyə gərək olmadı.