TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib 

Gündəm 20:19 / 06.07.2024 Baxış sayı: 2078

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Yenises.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

 

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevinçıxışı

-Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!”.

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm.

Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.

Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.

Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Sərəncamımla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.

Qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.

Bu gün Qarabağ Bəyannaməsi də Şuşada imzalanacaq.

Hörmətli həmkarlar, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır.

“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.

Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm.

Əziz dostlar, hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.

Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.

Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır.

Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.

Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.

Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.

Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

***

Sonra digər dövlət və hökumət başçıları çıxış etdilər.

Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində atılan addımları xüsusi vurğulayaraq dedi: “Ümumiyyətlə, istənilən münaqişə və qarşıdurmanı həll etməyin bir yolu var. Bu, konstruktiv dialoqdur. Bu mənada, sədrliyimiz çərçivəsində biz vasitəçiliyə xüsusi diqqət yetiririk. Mən Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində müsbət tendensiyanı vurğulamaq istərdim. Biz barışığa yönəlmiş addımları alqışlamalıyıq. Biz Bakı və İrəvan arasında sülh danışıqları üçün platformamızı təklif etməyə hər zaman hazırıq”.

Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətini vurğulayan Qazaxıstan Prezidenti bildirdi: “Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialı istifadə olunmalıdır. Bu gün bu istiqamətdə konteyner daşımalarının həcmi kəskin şəkildə artıb. Biz nəqliyyat daşımalarının vaxtını azaltmaq üçün multimodal rəqəmsal platforma, rəqəmsal ticarət dəhlizi yaratmışıq. Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edirik”.

Prezident Kasım-Jomart Tokayev COP29-da fəal iştirak edəcəklərini diqqətə çatdıraraq vurğuladı: “Biz iqlim məsələləri ilə bağlı Türk dünyası ilə əməkdaşlığı gücləndirməyə hazırıq. Bununla əlaqədar biz bu il Azərbaycanda keçiriləcək COP29 iqlim konfransının işində fəal iştirak etməyi planlaşdırırıq”.

***

Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxış edərək dedi: “Hörmətli cənab Prezident. Hörmətli dövlət başçıları. Hörmətli Baş katib. Hörmətli tədbir iştirakçıları və qonaqlar. Türkdilli dövlətlərin qeyri-rəsmi Zirvə görüşündə sizi görməkdən məmnunam. Görüşümüz Azərbaycanın Qarabağ bölgəsinin rəmzi və incisi olan, türk xalqlarının birliyinin və həmrəyliyinin yeni rəmzi olan tarixi Şuşa şəhərində keçirilir. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə ənənəvi qonaqpərvərliyə və yüksək səviyyəli hazırlığa görə dərin minnətdarlığımı ifadə etmək istəyirəm”.

Azərbaycanın noyabrda COP29-a uğurla sədrlik edəcəyinə əminliyini ifadə edən Qırğızıstan Prezidenti bildirdi: “Sevindirici haldır ki, bu ilin noyabr ayında qardaş Azərbaycan ən vacib qlobal forumlardan birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Əminəm ki, Azərbaycanın COP29-a sədrliyi qarşıdan gələn konfransın gündəliyində duran məsələlərin, o cümlədən iqlim maliyyələşməsini əhəmiyyətli dərəcədə irəliyə apara biləcək”.

Qırğızıstan Prezidenti Azərbaycanla və təşkilata üzv olan digər ölkələrlə bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq qeyd etdi: “Azərbaycanın bərpaolunan enerji mənbələrini, o cümlədən COP29-a sədrliyi çərçivəsində fəal inkişaf etdirdiyini və təşviq etdiyini nəzərə alaraq, biz Azərbaycan tərəfinə və ümumilikdə üzv dövlətlərə bərpaolunan enerji mənbələri ilə bağlı birgə layihələri həyata keçirmək üçün çağırış edirik”.

***

Tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkürlərə səmimi-qəlbdən qoşulduğunu bildirən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dedi: “Sizinlə Türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Hazırda tarixi ədalətin bərpa olunduğu bir zamanda və Azərbaycanın azad etdiyi Qarabağda hörmətli İlham Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq işlərinin, memarlıq və mədəni abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin əyani şahidi oluruq. Sizin kimi dəyərli qardaşımızın belə möhtəşəm işləri yaxın dostlarınız olaraq bizləri sonsuz dərəcə sevindirir və qürurlandırır. Birgə səylərimiz və xüsusi marağımızla bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağın gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcəyinə inanıram”.

Beş il əvvəl məhz Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv olduqlarını xatırladan Özbəkistan Prezidenti bildirdi ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda reallaşdığını söyləyən Şavkat Mirziyoyev qeyd etdi: “Belə bir qarışıq vəziyyətdə əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan, bugünkü görüşün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır”.

Özbəkistan Prezidenti bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxundu, bu tədbirin bütün ölkələrimiz üçün böyük tarixi hadisə olduğunu vurğuladı. “İqlim dəyişikliyi məsələsində dünya liderlərinin uğurlu bir görüş keçirmələrini səmimi-qəlbdən diləyirik. Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa və bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq”, - deyə Şavkat Mirziyoyev əlavə edib.

***

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Zirvə görüşünün iştirakçılarına müraciətlə dedi: “Sizləri cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın adından ehtiramla salamlayıram. Türk dünyasının mədəniyyət paytaxtlarından biri - Qarabağın incisi azad Şuşada olmaqdan böyük məmnunluq duyuram. Can Azərbaycana və hörmətli cənab Prezident İlham Əliyevə ev sahibliyinə görə təşəkkürümü bildirirəm”.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində doğma torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın inkişafı üçün fürsət yarandığını vurğulayan Cevdet Yılmaz qeyd etdi: “Üç il əvvəl – 2021-ci il iyunun 15-də bu qədim şəhərdə Türkiyə ilə Azərbaycan arasındakı bənzərsiz əlaqələri taclandıran Şuşa Bəyannaməsi imzalandı. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri də rəsmi olaraq elan edildi. Azad edilmiş bütün bölgələrdə olduğu kimi, Şuşadakı inkişaf və tərəqqini qürurla müşahidə edirik. Bir daha “Qarabağ Azərbaycandır!” və həmişə də Azərbaycanın olaraq qalacaqdır.

Biz lap əvvəldən bu Zəfəri təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması olaraq gördük. Bu çərçivədə müzakirə prosesi böyük səy və həssaslıqla aparılan Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ən qısa müddətdə imzalanması ilə Cənubi Qafqazda genişmiqyaslı regional həllin qarşımızdakı ən böyük əngəli ortadan qaldıracağına inanıram. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq.

Beynəlxalq təşkilatların onilliklər ərzində Azərbaycana qarşı ədalətsizliyə göz yummasına baxmayaraq, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə öz qəhrəmanlığı sayəsində haqqını bərpa etdi. Birinci Qarabağ müharibəsi nəticəsində öz yurdlarından didərgin salınan bir milyon azərbaycanlı qardaşımız üçün səsini çıxarmayan dövlətlərin bu gün haqsız və əsassız ittihamlarla qardaş Azərbaycanı hədəfə alması əsla qəbul edilə bilməz. Türk dünyası olaraq bu əsassız ittihamlara qarşı Azərbaycana güclü dəstək verməyimiz qardaşlığımızın olduğu kimi, ədalətin də zərurətidir.

Türk dünyasının hörmətli liderləri, qlobal səviyyədə yaşanan proseslər enerji təhlükəsizliyinin və enerji sahəsində əməkdaşlığın önəmini bir daha ortaya qoyub. Resurslarla zəngin və əlverişli coğrafi mövqedə yerləşən türk dövlətlərinin rolu bu baxımdan mühüm önəm daşımaqdadır. Şərq ilə Qərbi bir-biri ilə birləşdirən genişmiqyaslı enerji infrastrukturu layihələrini birlikdə uğurla həyata keçiririk. Azərbaycan ilə bu sahədə həyata keçirdiyimiz layihələr həqiqətən nümunədir. Başda türkmən təbii qazı olmaqla, Xəzərin digər tərəfindəki resursların Türkiyəyə və Avropaya daşınması həm bizlərin milli rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Türk Dövlətləri Təşkilatının nəzdində enerji mexanizminin qurulmasından məmnunluq duyuruq. Bu çərçivədə ortaq layihələrin inkişaf etdirilməsini dəstəkləməkdəyik”.

Çıxışında Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini xüsusi vurğulayan Türkiyənin vitse-prezidenti bildirdi: “Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsindən böyük məmnunluq duyuruq. Xüsusilə iqlim maliyyələşməsi mövzusunda mühüm qərarların qəbul ediləcəyi bu konfransa hazırlıq prosesində bir çox mövzularda sıx əməkdaşlığımızı və dəstəyimizi davam etdirəcəyik. Azərbaycanın COP29-a ev sahibliyi regional əməkdaşlıq baxımından da böyük önəm daşıyır. Bu baxımdan, Azərbaycanın konfransda Türk Dövlətləri Təşkilatının bir təşəbbüsünə yer verilməsi və ya ortaq bir tədbirin keçirilməsi ilə bağlı təklifini məmnunluqla qarşılayırıq”.

Şuşadakı Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin də təmsil olunmasının önəmini qeyd edən Cevdet Yılmaz dedi: “Bu gün Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti hörmətli Ersin Tatarı aramızda görməkdən böyük məmnunluq duyuruq. Cənab Prezident İlham Əliyevə göstərdiyi həssaslığa görə təşəkkürümüzü ifadə edirik. Cənab Tatarın qarşıdakı Bişkek Zirvə görüşünə də qatılmasını arzu edirik və bu məsələdə Sizlərin dəstəyini gözləyirik”.

Türkiyənin vitse-prezidenti tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğuladı: “Bu gün imzalanacaq Qarabağ Bəyannaməsinin də xeyirli olmasını arzu edirəm. Sizi ehtiramla salamlayır, ev sahibi Can Azərbaycana, çox hörmətli cənab Prezident İlham Əliyevə təşəkkürlərimi bildirirəm. Təşkilatın üzvləri olan dost və qardaş ölkələrin xalqlarına sevgilərimi çatdırıram”.

***

Zirvə görüşündə çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Şuşada keçirilən bu mötəbər tədbirə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi: “İlk növbədə, icazə verin, Prezident Əliyevə Şuşada, bu şəhərdə bizi qəbul etdiyinə və sizi burada görmək imkanı yaratdığına görə minnətdarlığımı bildirim. Hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident Əliyevə dərin ehtiramımızı bildiririk. Arzu edirik ki, bu fürsət ən qısa zamanda Avropada da əldə edilsin.

Hazırda müharibələr nəticəsində dünyanın müxtəlif bloklara bölünməsi risklərinin olduğunu vurğulayan Viktor Orban bildirdi: “Kədərli tarixi təcrübələrimizə əsaslanaraq, sülhə hörmət naminə qlobal əməkdaşlığı bərpa etmək üçün ünsiyyət və qarşılıqlı fəaliyyət dövrünə üstünlük verərdik. Bu mübarizədə sizə güvənirik. Biz Türk Dövlətləri Təşkilatına Qərb ilə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat kimi baxırıq”.

Baş nazir Viktor Orban çıxışında Macarıstanın Avropa İttifaqına sədrliyinin prioritetlərindən danışdı, yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha təşəkkürünü bildirdi.

***

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şuşadakı tarixi Zirvə görüşünə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi: “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşa Zirvə görüşündə çıxış etməkdən duyduğum böyük xoşbəxtliyi və məmnunluğu sizinlə bölüşmək istəyirəm. Türk dünyasının mənəvi paytaxtı Şuşada, azad olunmuş bu gözəl torpaqlarda Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə bu Zirvə görüşündə aranızda olmaqdan duyduğum böyük məmnuniyyəti təkrar bildirmək istəyirəm. Əvvəlcə, bu günə qədər Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi böyük dəstəyə və bizi Şuşa Zirvəsinə dəvət etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə çox təşəkkür edirəm”.

Şuşanın tarixi əhəmiyyətini vurğulayan Ersin Tatar bildirdi: “Azərbaycan xalqının ənənələrinin bir rəmzi olan, zəngin və görkəmli tarixə sahib Şuşa dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş, bir çox məşhur sənətkar, musiqiçi, memar, rəssam və yazıçının yetişdiyi qədim şəhərdir. Uzun illər erməni işğalı altında qalan Şuşa 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən həmin il noyabrın 8-də azad edilib. Qarabağda 30 il davam edən işğal Can Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra başa çatmışdır. Bu tarixi Zəfərdən böyük qürur və sevinc duyuruq. Qarabağ, o cümlədən Şuşa 44 günlük Vətən müharibəsində və sonra yaşanan hadisələr baxımından Türk dünyasında birlik və bərabərliyin rəmzinə çevrilib”.

“Ən böyük gücümüz Türk dünyasının birlik, bərabərlik və həmrəyliyidir”, - söyləyən Ersin Tatar vurğuladı: “Bir araya gələndə, həmrəy olanda nələr edə biləcəyimizi göstərmişik. Bu baxımdan, Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasının ayrılmaz hissəsi olaraq bu gün qədim Şuşada təmsil olunması son dərəcə önəmli və tarixi hadisədir”.

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfəni vurğuladı və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq dedi: “Mən, ilk növbədə, Naxçıvan Sazişinin 15 illiyi ilə əlaqədar İlham Heydər oğlu Əliyevə dərin minnətdarlığımı bildirmək istərdim. Təsadüf elə gətirib ki, Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib və bu görüşü burada keçirməyimiz rəmzi məna kəsb edir”.

Təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafında beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunan Baş katib qeyd etdi: “Orta Dəhliz qlobal ticarətdə həyati əhəmiyyət kəsb edən arteriya rolunu oynayır. İki ölkə arasında ən təhlükəsiz və ən qısa marşrut vəd edən bu dəhliz, sadəcə, yüklərin daşınması üçün yol deyil. Bu, iqtisadi artım, innovasiyalar və əməkdaşlıq üçün xilas kəməridir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm bağlantı olacaq”.

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin önəmini vurğulayan Kubanıçbek Ömüralıyev dedi: “Mən qabaqcıl təşəbbüs olan və ən aktual məsələlərdən birinin müzakirəsi üçün bütün dünyadan minlərlə insanı bir araya gətirəcək COP29-a ev sahibliyi edəcəyi münasibətilə qardaş Azərbaycanı təbrik etmək istərdim”.

Şuşa Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının fəaliyyətinin inkişafı üçün mühüm qərarın qəbul olunduğunu qeyd edən Baş katib vurğuladı: “Türk Dövlətləri Təşkilatının 10-cu Sammitində dövlət başçıları heyətin və büdcəmizin artırılması təklifini dəstəklədilər. Sizin bu gün qeyd olunan məsələlərlə bağlı qəbul etdiyiniz qərar, sözsüz ki, təşkilatımızı daha da gücləndirəcək. Bu mənada biz Azərbaycan Prezidenti Zati-aliləri cənab Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın verdiyi töhfəni - büdcəmizə 2 milyon ABŞ dollarının ayrılmasını yüksək qiymətləndiririk”.

Zirvə görüşü çərçivəsində Qarabağ Bəyannaməsinin imzalanmasının önəminə toxunan Kubanıçbek Ömüralıyev bildirdi: “Hesab edirəm ki, Zati-aliləriniz tərəfindən bu gün imzalanacaq Qarabağ Bəyannaməsi qardaşlıq əlaqələrinin daha da dərinləşməsi istiqamətində növbəti mühüm addım olacaq”.

***

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış edərək dedi: “Bu gün Şuşada - tarixi şəhərdə, mədəniyyət paytaxtında Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün keçirilməsinin ayrı bir tarixi önəmi var. Şuşanın işğaldan azad edilməsindən sonra - 2021-ci ilin iyununda cənab Prezidentimizlə birlikdə burada idik və Şuşa Bəyannaməsinin imzalanmasında iştirak etdik. Həmin gündən indiyədək Şuşadakı dəyişiklikləri böyük heyranlıq və diqqətlə izləyirəm. O vaxt gördüyüm yerlə-yeksan olunmuş bir şəhər yenidən dirçəlir. Bunun üçün çox hörmətli cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Qardaş ölkələrimizin birlikdə mühüm layihələr həyata keçirməsindən danışan Binəli Yıldırım bildirdi: “Bu məsələdə bir daha möhtərəm cənab Prezidentə təşəkkür edirəm, 2004-cü ildə birlikdə fikir olaraq planlaşdırdığımız Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin reallaşdırılmasında hörmətli Prezidentimiz böyük bir liderlik etdi. Gürcüstanın layihə ilə bağlı tərəddüdlərinin aradan qaldırılmasında hörmətli Prezidentimizin mühüm töhfələri oldu. Bakı-Tbilisi-Qarsın reallaşması bu gün Orta Dəhlizin çatışmayan halqasının tamamlanması deməkdir və bu dəhlizdən artıq daha səmərəli istifadə olunmasına imkan yaradıb. 2030-cu ilə qədər bu marşrutla yükdaşımalarının həcmini 11 milyon tona çatdırmağımız mümkündür. Bunun üçün bəzi addımlar atılmalıdır”.

Binəli Yıldırım Zirvə görüşünün çox mühüm mövzuya həsr olunduğunu vurğulayaraq dedi: “Şuşa Zirvə görüşündə göstərdiyiniz mehriban qarşılanma və ev sahibliyi üçün Zati-alinizə, heyətinizə bir daha təşəkkür edirəm. Bu tədbirdə Orta Dəhlizin əsas mövzu olaraq seçilməsi təşkilatımızın gələcəyinə və ortaq hədəflərimizə - “Türk dünyasına baxış-2040” sənədində qarşıya qoyulan məqsədə çatmaqla bağlı strateji planımız baxımından çox uyğun işdir. Bunu burada sizlərlə bölüşmək və bu dəhlizin daha da inkişafını təmin etmək üçün həyata keçiriləcək işləri ifadə etməkdən böyük məmnunluq duydum. Bu fürsəti mənə verdiyiniz üçün bir daha təşəkkür edir, hamınıza ehtiramımı bildirirəm”.

***

Sonra Şuşa Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalandı.

***

Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:

- Əziz dostlar.

Bu gün biz Türk dünyasının birliyini bir daha təsdiqlədik. Birgə həyata keçirdiyimiz layihələrin icrasına yeni təkan verdik.

Noyabrda Bakıda keçiriləcək COP29 ilə əlaqədar iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizədə birgə fəaliyyət göstərməyin vacibliyini vurğuladıq.

Tarixən dünya sivilizasiyasına böyük töhfələr vermiş türk sivilizasiyasının tədqiq və təşviq edilməsi, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq təsisatlarla əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bir daha qeyd etdik.

Əminəm ki, bugünkü müzakirələr, qəbul etdiyimiz qərarlar Türk Dövlətləri Təşkilatının gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edərək, hazırda Türk Dövlətləri Təşkilatına sədrlik edən Qazaxıstan Prezidenti hörmətli Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Əminəm ki, qarşıdan gələn Bişkek Zirvə görüşündə səmərəli və nəticəyönümlü müzakirələrimizi davam etdirəcəyik.

İndi isə sizi Qarabağ Bəyannaməsini imzalamağa dəvət edirəm.

***

Daha sonra Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi oldu.

Sonda birgə foto çəkdirildi.

***13:25