Süleyman Abdulla: - QƏRİBİN QÜRBƏT ŞEİRİ

Ədəbiyyat 08:36 / 11.08.2022 Baxış sayı: 13369

Uzaqlardır ayrılığın ünvanı,
Hansı şəhər unudacaq adını?
Xəyalında şirin idi, gizlədin,
Damağında acıların dadını.
Yollar keçər gözlərindən dolama,
Toz dumanı lap axıra saxlayar.
Nə olsun ki, gülümsəyir dan yeri,
Axşamüstü qürub xəlvət ağlayar.
Həsrət var ki, yaşamağa dəymir heç,
Öz yurdunda ölmək imiş ən çətin.
Doğma elin qəribliyi bir ayrı,
Bir başqadır sıxıntısı qürbətin.
Uçurumlar atılmağa yarayır,
Nəfəsini dərə adam son kərə.
Üz çevirib sinə dolu çəkə ah,
Əlçatmayan, ünyetməyən yerlərə.
Kimsə yoxdu söyləməyə əlvida,
Əllərini az silkələ boşluğa.
Yad olarsan yer olar ki, hamıya,
Öyrəşmək var hələ, hələ boşluğa.
Tanış gəlməz küçələrin cod adı,
Tənhalığı ya tanıma, ya tanı.
Yaxınlaşıb yad birindən soruş lap,
Uzaqlardır ayrılığın ünvanı.