Səlbi BAXIŞ : - ŞEİRLƏR

AZMAYAQ
Duman altdan Ay işığı süzülməz,
Küt baltayla haqqın boynu üzülməz.
Namərd ilə, bilin, çörək kəsilməz,
Adam olaq, hər dəliyə sızmayaq.
Haqqa gələk, doğru yoldan azmayaq.
Çaylar, sellər dənizlərə lil qatır,
Gül qoynunda bildiyimiz sar yatır.
Aralığa xain ürək pəl qatır,
Yaxşılığı biz yamana yozmayaq.
Haqqa gələk, doğru yoldam azmayaq.
Qəribliyə salmayın siz sözümü,
Kotan salıb şumlayıblar düzümü.
Belə gördüm, tanıyalı özümü,
Bu dünyada əyrini düz yazmayaq.
Haqqa gələk, doğru yoldan azmayaq.
Nadanlarla dolubdu sağ-solumuz,
Kəsilibdi nura gedən yolumuz.
Belə getsə, Səlbi, gələr sonumuz,
Özümüzə gəlin məzar qazmayaq.
Haqqa gələk, doğru yoldan azmayaq.
22.3.2024.
GƏZİRƏM
Bəhanədir gülüstana çıxmağım,
Bir diləyin sorağında gəzirəm.
Ya ölərəm, ya yolumu taparam,
Sərt uçrumun qırağında gəzirəm.
O vəfasız söndürsə də közümü,
Duyğularım hələ gəzir düzümü.
Künc-bucaqda itirmişəm özümü,
İndi şamın çırağında gəzirəm.
Fövqəluca Allahımın pozanı,
Silər, Səlbi, kəm-kəsirli yazını.
Ötürsəm də ömrün bahar, yazını,
Səadəti qış çağında gəzirəm.
19.3.2024
Hisslərim
Fikrimi cəmləyib yığa bilmirəm,
Sarıbdı ruhumu həsrətin çəni.
Nədən darıxıram sənsiz bu qədər?
Bu hisslər yamanca qorxudur məni.
Deyəsən, ürəyə eşq toxum əkir,
Sevgi dənizimə damlasın tökür.
Məhəbbət qoxusu üstümə çökür.
Bürüyür xoş ətri, çölü, çəməni.
Gizli arzularım sənlə gül açır,
Sularım dadlanır, Ayım nur saçır.
Gecələr gözümdən yuxum da qaçır,
Axı, ürək demir, dilim deyəni.
Gəlirsən yuxuma niyə hər gecə?
Könlümün bağını gəzmə gizlicə.
Bu eşqlə çağlayım, çoşum mən necə?
Yel ilə sovrulub sevdamın dəni.
Hislərim qarışıb, bu nədir belə?
Ayaq saxla, Səlbi, bir dayan hələ.
Yandırıb qəlbini, döndərmə külə,
Bəlkə həbs eyləyim qəlbimə səni?
17.2.2024
CAVANLIĞINDA
Bütün ürəklərdə açar gül bağı,
Qayğısız keçinən cavanlığında.
Hər arzu, diləyin var öz marağı,
Qayğısız keçinən cavanlığında.
Dünyanı kədərsiz-qüssəsiz sanar,
Həyata rəng qatar, könül ruhlanar.
Sevgiyə tutuşar, alışıb yanar.
Qayğısız keçinən cavanlığında.
Yoluna nur saçar hələ ki, bəxti,
Ömür sarayında qurular təxti.
Birinə yar deyib sevər xəlvəti,
Qayğısız keçinən cavanlığında.
Geyinib-keçinər, sevərdi dəbi,
Fərəhlə dolardı o sevən qəlbi.
Bilməzdi nə idi sevdanın zərbi,
Qayğısız keçinən cavanlığında.
Uzun hörükləri, qapqara teli,
Yaraşıq verərdi o incə belə.
Nəğmələr söylərdi Səlbinin dili,
Qayğısız keçinən cavanlığında.
14.1.2024
BİR NƏNƏM VARDI
Mənim bir nənəm vardı,
Şirin dilli mehriban.
Qayğımı çəkə-çəkə,
Deyərdi sənə qurban.
Sənsən qəlbimdə açan,
Ən gözəl, ətirli gül.
Oxşayaraq deyərdi:
-Gül ki, gülsün çəmən, çöl.
Sən güləndə gül balam,
Sevincim aşıb-daşır.
Unuduram dərd-səri,
Sənə gülmək yaraşır.
Sığallaylb başımı,
Əzizləyib, öyərdi:
-Gəl, ye isti aşını
Qurban olum, deyərdi.
Deyərdi;- Allah bunu,
Nə yaxşı ki, veribdi.
Çəməndəki güllərin,
Gözəlin göndəribdi.
Qucağından o məni ,
Düşürməzdi heç yerə.
Nənəmin qucağında,
Uçalardım göylərə.
Məni ən çox saxlayan,
Mənim gözəl nənəmdi.
Xoş xasiyyət, xoş qılıq,
O mənim bir dənəmdi.
Yıxılanda alardı ,
O isti qucağına.
Elə bərk-bərk sıxardı.
Üzünü yanağıma.
Mənimlə keçirərdi,
Vaxtının lap çoxunu.
İndi həsrətəm, nənə,
Sənin o gül qoxuna.
Mənim bir nənəm vardı,
Şirin dilli mehriban.
Xəyalımdan çıxmayır,
İndi də heç bir zaman.
26.1.2024.
HƏQİQƏT NURLANDI ONUN SÖZÜNDƏN
(Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə)
Düşmənə dərd oldu Ulu Öndərim,
Onları qorxuda saxladı daim.
Tanıtdı dünyaya Azərbaycanı,
Bacara bilmədi ağlıyla heç kim.
Dönmədi bir addım, and-amanından,
Arxa- dayağ oldu öz millətinə.
Qorxmadı düşmənin fitnə- felindən,
Sığındı Allahın mərhəmətinə.
Gərgin əməyiylə, siyasətiylə,
Yenilməz bir ordu, bir dövlət qurdu.
Bu xalqın mərd, iğid oğullarıyla,
Günəşli gündüzə O, qovuşdurdu.
Ey Səlbi, bu şanlı tariximizdən,
Heç vaxt Öndərimin silinməz izi.
Əmanət qoyduğu böyük siyasət,
Nurlu gələcəyə aparır bizi.
17.07.2023.
Nənəm
Hamıdan sevimli mənim bir dənəm,
Ay mənim mehriban, ağ birçək nənəm.
Hicran libasını geyib əyninə,
Nə yaman fikirə dalmısan yenə?
Nədir ürəyini sıxan, ay nənə?
Könlünü yandırıb, yaxan ay nənə?
Nədən buludlardan gözün nəm çəkir?
Ahu-zar eyləyib leysan tək tökür.
- Qızım, xatirələr düşüb yadıma,
Heç biri çatmayır inan dadıma .
Yaman darıxmışam çəmən, gül üçün,
Mənə həmdəm olan şirin dil üçün
Sökür qəlbindəki xatirələri,
İlmə-ilmə edir bilməm nələri.
Hələ bədəndə ruh, cavan yaşında,
Danışdıqca eşqi çaxır başında.
Fikirdən-zikirdən solub bənizi,
Dağları yıxılıb kəsib yol-izi.
Axı susuz qalsa quruyar çiçək,
İnsana hər yaşda bil, qayğı gərək.
Qəlblərə hakimdi bu eşq, məhəbbət,
Gətirər insanı cuşa səadət.
O könül həmdəmi, ciyər parası,
Gedən o bir gündən göynər yarası.
Ömür, gün yoldaşsız insan çox yalqız,
Yerini verməyir nə oğul, nə qız.
Çəkilər bir küncə hamıdan küsər,
Səlbinin də sözü düyünə düşər.
5.4.2023
Məhəbbət
İnsanın dövləti, - şanıdır sevgi,
Damarda dövr edən, - qanıdır sevgi.
Ruhumun qidası, ülvü məhəbbət,
Tək onun əlindən çəkmişəm zillət.
Həmişə cavandır bədəndəki ruh,
Bahar təravətli, həm çılğın, həm şux.
Sevib-sevilməyə o, verər həvəs,
Heç nə, edə bilməz sevgini əvəz.
Bitməz bir sevdadır sonsuz olan eşq
Dibi görünməyən dəryadı bu eşq
Sevgdə sərhəd yox gələr hər yaşda,
Əqli əldən alıb yer alar başda.
Sevgini qoruyun, dünya varı tək,
Sevgi bağçasında, qəlbin barı tək.
Onunla həyatın üzü güləcək,
Hər arzu - diləyin açacaq cicək.
Səlbiyəm, sevgimi gətirdim dilə,
Yanaqdan süzüldü yaş gilə - gilə.
Utansın halımı pərişan edən,
Çəkdiyim əzabdır məni incidən.
18. 3.2023
Qorxuram alışar külüm
(ARZUMUN SƏSİ)
Səni məndən alıb aparan yollar,
Saldı aralığa ayrılıq, həsrət.
Sənsiz mənasını itirdi həyat,
Qaldı iztirabla bu gözəl afət.
Talesiz sevgimiz mənə dərd oldu,
Dilimə salmısan hicran nəğməsi.
Ağlayır kamanım, ağlayır sazım,
Duyulur hər simdə arzumun səsi.
Getdiyi o gündən, ağlar qalmışam,
İndi sənsiz yaman olmuşam kövrək
Üstümə tökülən bu boyda dərdlə,
Bilmirəm heç necə baş edim mən tək.
Hər gecə xəyalda, röyamda sənsən,
Fikirdən, zikirdən quruyub beynim?
Bir yandan ev-eşik, bir yanda qayğı,
Nə qədər arxanca axı deyinim.
Səlbiyəm, ağırmış ailənin yükü ,
Zəhərə dönüşdü şirin məhəbbət.
Məhv etdi könlümü ehtinassızlıq
Mənimçün əlçatmaz oldu səadət.
19. 2.2023
Türkiyəm ağladı
İlahi bu nədi? Bu nə dəhşətdi,
İnsanın həyatı qəmdi, möhnətdi.
Yıxılmış binalar qəlbi göynətdi,
Minlərlə insanı qorxuya saldı.
Yer-yerdən oynayıb bizdən can aldı.
Şiddətlə yarıldı torpağın bağrı,
Yerindən oynatdı qayanı, dağı.
Bir anda sovurdu bağçanı- bağı.
Millətin naləsi göyə ucaldı.
Yer-yerdən oynayıb bizbən can aldı.
Türküyəm yas tutub yaman ağladı,
Aləmi bürüyən duman ağladı.
Zalımın əlindən kaman ağladı,
Neçə ev dağıldı viranə qaldı?..
Yer-yerdən oynayıb bizdən can aldı.
Haqsızlıq dünyaya yağdırır ölüm,
Köç edir gül, çiçək göynəyir çölüm.
İnsana eylədi tamahı zülüm,
Dözmədi torpağın bağrı yarıldı.
Yer-yerdən oynayıb bizdən can aldı.
Hər yerə yayıldı səsim sorağım,
Çatladı min yerdən dilim, dodağım.
Uçqunlar altında körpə qundağım,
Bir anda elə bil qiyamət oldu.
Yer-yerdən oynayıb bizdən can aldı.
Ey Səlbi, bəd əsdi, kükrədi yelim,
Yandırdı köksümü alışdı külüm.
Bir gecə içində büküldü belim,
Analar, bacılar saçını yoldu.
Yer-yerdən oynayıb bizdən can aldı.
Dünyaya gəlməzdik gərək
Gözlərdən oxunur qəm, qüssə, kədər,
Arzular, ümüdlər olub dərbədər.
Hər gələn yeni gün bu gündən betər,
Söyləyin, heç buna dözərmi ürək ?
Belə bir dünyaya gəlməzdik gərək.
Bu necə həyatdı, bu necə dövran,
Od-alov içində alışır hər yan.
Dərd üçün doğulub, elə bil, insan,
Ömürlər tarimar, puç olub dilək.
Belə bir dünyaya gəlməzdik gərək.
Kimə baxıramsa gözləri qan- yaş,
Dünyanın işinə qalmışam çaşbaş.
Görürəm viranə neçə min dam- daş.
Xəzanın qurbanı olub gül-çiçək.
Belə bir dünyaya gəlməzdik gərək.
Fəlakət bürüyüb bütün cahanı,
Sel-sular cənginə alıb hər yanı.
Bir yandan zəlzələ qaraldır qanı,
Qiyamət yaxınmı? Bəd əsir külək.
Belə bir dünyaya gəlməzdik gərək.
Dərdimiz göl olub, bax, dama-dama,
Niyə çatmayırıq arzuya, kama?
Dünyada yaşadıq günahkar, amma:
Bizə ğörk eyləyir, bəlkə də fələk.
Belə bir dünyaya gəlməzdik gərək.
Ay Allah kəsilmir ah-nalə səsi,
Ağır imtahana çəkdin hər kəsi.
Günbəgün kəsilir haqqın nəfəsi,
Durmadan ələndik, dünya bir ələk.
Belə bir dünyaya gəlməzdik ğərək.
Səlbiyəm, qəlbləri göynədər sözüm,
Qaralar içində ağlayar gözüm.
Saralıb, solubdu yamyaşıl düzüm.
Könlümdə duyğular, hislərim kövrək.
Belə bir dünyaya gəlməzdik gərək.
6.2.2023
Vətən gözəldi
Ağzımın ləzzəti vətəndə qaldı,
Orda duz-çörək də, pendir də baldı.
Çəməndə güllərim rəngbərənğ aldı,
Hər dağın, qayanın daşı gözəldir.
Min bir nemətlidi bağı obamın,
Başqadı həniri isti sobamın.
Pencərli, umaclı, dadlı şorbamın,
Dolması, dovqası, aşı gözəldir.
Əyninə güllü don biçən qızların,
Sevgi şərbətindən içən qızların,
Küçədən naz ilə, keçən qızların,
Qara saç, qara göz-qaşı gözəldir.
Füsünkar Maral göl, bax Göy-gölüm var,
Yamyaşıl sıx meşəm, düzüm, çölüm var,
Bənövşə, yasəmən, nərgiz gülüm var,
Lalənin gözündə yaşı gözəldir.
Səlbi qürbət eldə, kefsiz dolanar,
Könlündə həsrətin odu qalanar,
Gözdən leysan tökər qəlbi talanar,
Yurdumun yazıtək qışı gözəldir.
Analar səb(i)rli olar
Köksündə çağladı, coşdu göy dəniz,
Namusla saxladln adı tər-təmiz.
Köçdün bu həyatdan vaxtsız-vədəsiz,
Ana, çox dözümlü, səb(i) rli oldun.
Gecə də, gündüz də fikirli oldun.
Sən öyrətdin bizə evdə hər işi,
Səliqə-səhmanı, həm də, biş-düşü.
Oturub- durmağı, düzgün yerişi,
"Enişi, yoxuşu" - dedin - "var yolun" .
Gecə də, gündüz də fikirli oldun.
Çətinə düşəndə olmusan dayaq,
Geçələr yuxusuz qalmısan oyaq.
Salmadın qaşqabaq, büzmədin dodaq,
Nə də əsəbləşib saçımı yoldun.
Gecə də, gündüz də fikirli oldun.
Dedin: "Uzağ olun xatadan, şərdən" ,
Bağışla, üzünə ağ olduq hərdən,
Bəlkə də, xətrinə dəydik bilmədən.
Hər işdə öncədən tədbirli oldun.
Gecə də, gündüz də fikirli oldun.
Gecələr aranı, dağa daşıdın,
Xəyallar içində arzu yaşadın.
O qarlı dağları sən necə aşdın?
Qara bulud təki boşalıb, doldun.
Gecə də, gündüz də fikirli oldun.
Səlbiyəm, qurbanam adına, ana,
Doymadım əlinin dadına, ana,
"Bir mələk" dedilər-qadına, ana,
Mələklər solmazlar sən niyə soldun?
Gecə də, gündüz də fikirli oldun.
8.12.2022
Qoruyaq sevgimizi
Sevgisiz açılmaz bağçada güllər,
Oxumaz sevdasız, sona bülbüllər.
Mənasız yaşamdan lal olar dillər,
Sevgidi yaşadan mavi dənizi.
Gəl, birgə qoruyaq bu sevgimizi.
İnsanlıq rəmzidi əzəl məhəbbət,
Düz ilqar, etibar, bir də sədaqət.
Bəxş edər ömrünə sevgi səadət,
Sevənlər, düz yola çağırıram sizi.
Gəl, birgə qoruyaq bu sevgimizi.
Tale bizi atar haradan - hara,
Gör necə tufana, şaxtalı qara.
Vurar yaraları vermədən ara,
İlahi sevgidir yaşadan bizi.
Gəl, birğə qoruyaq bu sevgimizi.
İllərdi, əzablı yollardan keçdim,
İndisə, doyulmaz bir sevda içdim.
Görüncə, könlümün quşunu seçdim,
Kaş bizə dəyməsin bədnəzər gözü.
Gəl, birgə qoruyaq bu sevgimizi.
Gəlib ilahi eşq xəbər-ətərsiz,
Nəgmələr söyləyık, qoşa kədırsiz.
Mənimçün olmusan hamıdan əziz,
Allah qovuşdurmuş hər ikimizi.
Gəl, birgə qoruyaq bu sevgimizi.
Eşqimiz qaynayan- dumduru bulaq,
Zülmətli gecədə yanan çıl- çıraq.
Bizlərdən xəyanət qoy olsun uzaq,
Zərbəsi soldurar, o gül bənizi.
Gəl, birgə qoruyaq bu sevgimizi.
Ay eşqim, çəkdirmə daha cəfanı.
Bu yazıq Səlbiyə göstər vəfanı.
Xəstəyəm, könlümə eylə şəfanı.
Mənəm, öz eşqimin qulu, kənizi.
Gəl, birgə qoruyaq bu sevgimizi.
Gedək bu şəhərdən
Könlümü ovladın, ey sevgili yar,
Eşqinlə tavladın, ey sevgili yar.
Könül sarayımda özəl yerin var,
Kölğələr düşməmiş saf sevgimizə.
Gedək, bu şəhərdən, yer yoxdu bizə.
Məhəbbət odunda birgə odlanaq,
Sevdamız yandırsın sönməyən çıraq.
Gəl, gedək, duymamış nə dil, nə dodaq,
Nadanlar baxmamış xor ikimizə.
Gedək, bu şəhərdən, yer yoxdu bizə.
Təhlükə, qadağa anlamır ürək,
Səni itirməkdi əndişəm bir tək.
Qorxuram sevgimi əzər daş-kəsək,
Paxıllıq edərlər, gələrik gözə.
Gedək, bu şəhərdən, yer yoxdu bizə.
Gəl məni həsrətin əlindən qopar,
Əlimdən tut mənim uzağa apar.
Yoxsa dünyamızı eyləyərlər dar,
Ayrılıq önündə çökməyək, dizə.
Gedək, bu şəhərdən, yer yoxdu bizə.
Arzunun, istəyin tutub qolundan,
Səlbinin sevgisi, etdi yolundan.
Bu elə dərddi ki, vurur solundan,
Atamla, qardaşım düşərlər izə.
Gedək, bu şəhərdən, yer yoxdu bizə.
9.10.2022
Məhəbbətim
Mən bir çayam, sənsə Dəniz,
Sevgimizdir coşan ümman.
Qarışaraq bir olduq biz,
Sevdamı mən necə danım.
Sevgi duydum xoş sözündən,
Mərdlik yağdı üz-gözündən.
Götürmüşəm od, közündən,
Sənlə keçir hər bir anım.
Bu gecə gəl, nolar, qonaq,
Səhərədək qalaq oyaq,
Çatlamasın susuz dodaq,
Yol tutmasın çən, dumanım.
Qanadlansın arzu-dilək,
Gəlişinlə açsın çiçək.
Ayırmasın bizi fələk,
Allahadı tək gümanım.
Aramızda xoş ülfəti,
Saxla, ey yar, sədaqəti.
Sən Səlbinin məhəbbəti,
Dilə gəlsin tar, kamanım.
9.11.2022
Qayıt gəl, ana
Qopub Yer üzündən uçdun göylərə,
Getdiyin yollarla qayıt gəl, ana.
Yoxluğun qərq etdi qəmə-kədərə,
Getdiyin yollarla, qayıt gəl, ana.
Dilimin əzbəri olubdu adın,
Yerini bilmisən qohumun, yadın.
Sənintək ismətli görmədim qadın,
Getdiyin yollarla, qayıt gəl, ana.
Sənsizlik adında qəlbimdə yaran,
İllər ötsə belə sağalmaz asan.
Həsrətdi, nisgildi qəlbimi saran,
Getdiyin yollarla, qayıt gəl, ana.
O gün gözlərimə sən baxlb getdin,
Gözündən bir damcı yaş sıxıb getdin,
Qurulu evini sən yıxıb getdin,
Getdiyin yollarla, qayıt gəl, ana.
Qara bayram olur gələndə yaşın,
Çəkirəm payını qaralı aşın.
Yoxmuş etibarı bacı, qardaşın,
Getdiyin yollarla, qayıt gəl, ana.
.
Sən gedən o gündən dam-daş soyuyub,
İndi doğma ocaq yaddan-yad olub.
Əkdiyin o güllər dibçəkdə solub,
Getdiyin yollarla, qayıt gəl, ana.
Səlbini qoyandan ağlar gözünü,
Hamı qəribliyə saldı sözünü.
Nə olar, ana gəl, görüm üzünü,
Getdiyin yollarla, qayt gəl, ana.
22.10.2022
Ey ulu ondər
Oğlun qalib gəldi, ey ulu öndər,
Öyüd, nəsiyyətin getmədi hədər.
Ali Baş Komandam qəhrəman bir ər,
Xalqınla birləşdi gücü, qüdrətin.
Ağlı, zəkasıyla yox oldu zülmət.
Düşmənə od qoydu qopdu qiyamət.
Sarsılmaz, yıxılmaz belə hökümət,
Yayıldı hər yana şanın-şöhrətin.
Oldu qurd yuvası tam yerlə-yeksan,
Qalxdl göy üzünə qara toz, duman.
Düşmənə vermədin bir daha aman,
Qorxuya salıbdı bu qətiyyətin.
Bizə lağ edəni, rişxənd edəni,
İti qovan kimi qovdun düşməni.
Görüm bu dünyada min yaşa səni,
Xalqı ruhlandırdı lap cəsarətin.
İftixar, qürurum sən ey hökümdar,
Sənin damarında Heydər qanı var.
Xain, satqınları eyləmisən xar,
Dünyanı qoyubdu mat maharətin.
Oğlum, qızım
İlhamlanıb şeir yazdım,
Həm qızımdan, həm oğlumdan.
İkisi də Allah payı,
Müntəzəmdi sag, solumda.
Biri Vətən əsgəridi,
Cəsur, igid, mərdanədir.
İkincısi baş tacıdı,
Gözəl pəri, şahanədir.
Hər ikisi qol, qanadım,
Bir ağacın barıdırlar.
Allah verən xoşbəxtliyə,
Səadətə yarıdılar.
Qız ananın sirdaşıdır,
Oğul onun iftixarı.
Onlar mənim canın, qanın,
Rəbbim qoru sən onları.