Saqif QARATORPAQ :- ŞEİRLƏR

60 yaşı tamam olan ŞAİRİMİZİ ürəkdən təbrik edir, Ona can sağlığı və bir-birindən gözəl ŞEİRLƏRLƏ biz oxucuları SEVİNDİRMƏYİ, öz könül PIÇILTILARINI ŞEİRLƏRƏ çevirməyi arzu edirik!
Yenises.az
***
Məndən başqa hamıya
canın elə yanır ki…
Halına yandıqların
səni bir yol anır ki?!
Axı,öyrəşməmişəm
mən “ah”-uf” eləməyə.
Elə söz var,qıymıram
onu sənə deməyə.
Mən çoxdan alışmışam
dərdi tək daşımağa.
Göz yaşımı qəlbimə
axıdım yaşamağa.
Eh…səni aldatmasın
üzümdəki təbəssüm.
Hönkürüb ağlayarsan
görünsə birdən üzüm…
Məni belə qoyub get!
de ki,eh,sən də nə var?
Qoy dərdi tək aparım,
sonra sənə yük olar…
***
Özünü aldadarsan
“unutdum” deyə hər gün.
O sevgini yaşadar
hər addımı bu ömrün.
Söndürüb göz yaşıyla
ürəyinin odunu.
Hamıdan gizlədərsən
o zalımın adını.
Bəlkə də səndən ötrü
təsəllidi darıxmaq.
Axı,bilmirsən hələ
necə olur unutmaq…
***
Yay bitdi…
Hamı getdi…
Dəniz qaldı tənha,tək.
Sahildə tənha qayıq,
bir də yetim yelləncək.
Sular ayaq izini
yuyub aparıb çoxdan.
Xatirələr yaxında,
ancaq sən uzaqdasan
Gündüzlər elə səssiz,
gecələr elə qərib.
Bəlkə elə bu gecə
dəniz yuxuna girib…
Günəş saralıb-solub
yolunu gözləməkdən.
İndi külək yellənir
kimsəsiz yelləncəkdə…
Sənsiz ürək sinəmdə
boş qalan bir qutudu.
Tənha qayıq elə bil
bir eşqin tabutudu.
Dizini qucaqlayıb
bilirəm,evdə təksən.
Məni dəfn eləməyə
nə zaman gələcəksən.
***
Bir sənsən bu dünyada,
bir də təkcə mən varam.
Hər gün gözünə baxsam,
yenə səndən doymaram.
Bizdən başqa kimsə yox
eşq adlı bu səhrada.
Ötənləri unutduq,
düşməz bir kimsə yada…
Əllərinin istisi
ürəyimi isidər.
Elə bir yerdəyik ki
nə sevinc var,nə kədər…
Nə gözəldi bir ömrü
gözlərindən oxumaq!
Burda darıxmağa da
vaxtımız yoxdu ancaq.
Əriyib zaman itib
içində sonsuzluğun.
Yenidən doğulmuşuq
bətnində bu yoxluğun…
***
Mən hamının unutduğu
bir uçuq komadan betər.
Zalım,sənin yollarına
göz dikmişəm axşam-səhər.
Barı bir yol ayaq saxla,
bircə dəfə qanrılıb bax!
Bir də gördün daş üstündə
heç daşım da qalmayacaq.
Bircə isti baxışınla
suya dönər bu buz, bu qar.
Ürəyimin oyuğundan
bənövşələr baş qaldırar.
Nə olacaq,aldat məni,
bircə dəfə yalan danış.
Bəlkə elə ömrümüzü
uzadacaq bu aldanış.
Eh… nə deyim sənə daha,
bağışla yoldan elədim.
Gərək dilim quruyaydı,
bunu sənə niyə dedim?!
***
Dedin ki,keçib gedər…
keçib getmədi ancaq.
Bu sevdanın əlində
könlüm olub oyuncaq.
Ürəyimi içindən
bir ağrı oyur elə.
Nə biryolluq öldürür,
nə rahat qoyur elə.
Sən də arzuna çatdın,
əllərinə xına yax!
Məni külə döndərər
səni isidən ocaq…
İtirər mənasını
bir gün yersiz inadın.
Sonuncu nəfəs kimi
dilimdən düşər adın.
Bəlkə elə unutdun
bir də düşmədim yada.
Eh…bu da bir ömürdü,
bəlkə getdim…əlvida…
***
Saxlamaq istəsən də
çıxıb gedəcək hamı.
indi tənha qarşıla
sən bu qərib axşamı…
Boğazdan yuxarıymış
xoş sözlər,xoş qılıqlar.
Qapını külək döyər,
ya da ki ayrılıqlar.
Bir az özünə ağla,
sonra kirit özünü.
yaddaşını varaqla,
bir azca yum gözünü…
Görsən ki yuxun qaçıb
kədəri söhbətə tut.
söykən bir xatirəyə,
sonra özünü unut…
***
Bilirsən səndən ötrü
Nələr çəkir bu ürək…
A zalım,bircə dəfə
Çəkdiyimi sən də çək,
Gör darıxmaq necədi…
Baxıb mən gələn yola.
Köksünü ötür,ağla…
Qucaqla dizlərini,
Bir azca otur, ağla…
Gör darıxmaq necədi…
Yarpaq kimi titrə,əs,
Hər qapı döyüləndə.
Ürəyini tutub qaç
Hər adım deyiləndə,
Gör darıxmaq necədi…
Diksin,atıl yerindən
Hər telefon zənginə,
Gör nələr çəkdirmisən
Bu günəcən sən mənə…
Gör darıxmaq necədi…
Dur,boylan pəncərədən,
Tez-tez bax da saata.
Hərdən ümidini üz,
Nifrət elə həyata,
Gör darıxmaq necədi…
Unut getdiyin yeri,
Hərdən unut adını.
Ancaq unutma heç vaxt
Darıxmağın dadını…
Gör darıxmaq necədi!
***
Birini qoyub gedirsən,
dönürsən ki çıxıb gedib.
Özünə ev tikəsiydi,
öz evini yıxıb,gedib…
Baxt bir gülər,ildə,ayda…
onsuz ömür çıxıb yaydan.
son ümidi qoydum çayda,
gəlib gördüm axıb gedib…
Ay üzündə halə qandı,
Sinəmdəki nalə-qandı.
Deyim,niyə lalə qandı,
yar qəlbini sıxıb gedib.
***
Bəlkə yoxdu dünyada
mənimtək tənha adam.
Mən səssizcə əriyib
öz içinə axan şam…
Neylim,mən də beləyəm,
yovuşmuram heç kimə.
Ürəyimi yandırıb
dərdi qoymuşam dəmə.
Bir sevdanın odundan
alışmışam gizlicə.
Eh…sonra da özümlə
danışmışam gizlicə.
Yox üzümü söykəyib
ağlamağa bir divar.
Səndən başqa dünyada
axı,mənim kimim var…