Saqif Qaratorpaq : - Heyif,bir görüş də təxirə düşdü...

Heyif,bir görüş də təxirə düşdü,
Heyif,bir görüş də sabaha qaldı.
Bəlkə də qəfildən qırıldı ömür,
Sevinc ucuzlaşdı,qəm baha qaldı.
Uçdu əllərindən fürsət quş kimi,
Yüyürüb dalınca çatmağın əbəs.
“Gərək görüşəydik...günah məndədir...”
Hər gün pıçıldayır içindən bir səs...
Ha danla özünü,indi nə xeyri,
Yüz ağla,yüz sızla,zaman qayıtmaz.
Səadət karvanı keçdi,gecikdin...
Bir ömür versən də bir an qayıtmaz.
Bəlkə son görüşdü-o görüş elə,
“Mən niyə sabaha saxladım axı?!”
Yadına düşdükcə tüstülənirsən,
Yadına düşdükcə cızdağın çıxır.
Heyif, bir görüş də təxirə düşdü,
Qırıldı ümidin,sındı xəyalın.
Köksünü ötürdün-bulud ağladı,
Islandı əlində güllü dasmalın.