Şakir Xanhüseyndən İKİ ŞEİR  

Ədəbiyyat 09:11 / 17.09.2024 Baxış sayı: 841

ay öz ocağında donan,

öz bucağında

atılmış əşya,

ayrılıqlar yaşayırsan

öz sevgində...

bağlanmısan öz ayağına,

yol gedib, gedib çıxacaqsan bir gün

öz axırına...

sıxılanda sığınırsan ovcuna, ürəyinə,

qantək

bələşmisən öz köynəyinə...

başın yelləyir,

öz ahın çəkir səni,

bax, öz qazanın qaynadır

çaqqur-çuqqur səni...

sentyabr 2024

HƏNİRİNDƏ BÖYÜDÜYÜMÜZ SÖZLƏR

dəstərxan sözündə, tabaq sözündə

çörək qoxusu var, bilənlər bilir,

ana əllərinin qoxusu gəlir

qazovuc sözündən, ələk sözündən...

bu doğma sözlərlə elə iç-içə

nə gündüz bilmişik, nə də ki, gecə;

uşaq olmuşuq, uşaq,

hər dərddən, ələmdən uzaq olmuşuq...

bu sözləri dərib yığmışıq sanki

alma ağacından, əzgil kolundan,

qoymamışıq yerə düşə

biri də...

ətrinə bələndik bu kəlmələrin,

mehrinə büründük doğmaca dilin;

bir söz odumuzdu,

bir söz suyumuz,

min illər ötədən

gələn soyumuz!..

15.09.2024