Şakir Xanhüseyn : - UŞAQLAR üçün

Uşaqlar üçün
açılsın qanad-qanad,
sübh-sübh qucaqlar,
qollar üfüqboyu uzansın, yahu,
köz-köz nəğmələnsin
bütün ocaqlar
uşaqlar üçün...
Bir zəmi edək bir ovuc dəni,
gözlərindən səadət oxunsun,
razı olmayaq üzlərindəki
gülüşə bir toz qonsun,
Çatsın sonu acı göz yaşların da...
Hər an şirin bir xatirə
yuvalansın yaddaşlarında,
yuyaq , par-par parıldadaq
hər şeyi,
bu yeri, göyü,
Nə bir gün çox yaşayaq deyə,
nə artıq vardan ötrü;
elə özümüzü də qoruyaq
Uşaqlardan ötrü!..