Şakir Xanhüseyn : - AYAQSIZ QAÇMAQ...

Ədəbiyyat 13:01 / 15.06.2025 Baxış sayı: 2510

 

ayaqlarını... evdə qoyub

çölə çıxmaq hərdən,

məsələn, top oynamağa qaçmaq ayaqsız,

uzun bir yolu

ayaqsız başa vuracağına inanmaq,

bax...

bəlkə

qıraqdan kimsə deyər də:

heyif ayaqlarına,

ya da:

hər halda

başı olduğunu unutmuş bu adam...

amma qəlbimdən keçən fikir:

bəzən güvənməyib çox güvəndiyinə

tərs bir köşə yapmaq bəlkə?

hə?

xatırla nağıllarda su daşımağa

xəlbirlə getməyi,

bəli...

bəlkə özünə əks bir həmlə hazırlamaq--

ayaqqabını tərs geymək bəlkə,

atını tərsə nallatmaq?

qurudan deyil,

sudan yol salmaq düşüncəsi

nə qədər sağlam, yahu...

bir də

ayaq üstə möhkəm dayanmağı

ayağınsız təlqin etmək özünə,

yaddan çıxarma bunu...