Sabir  Zəkullaoğlu : - Sevgi həm də müqəddəsdir.

YAZARLAR 16:09 / 08.11.2024 Baxış sayı: 1459

· 

İnsanı yaşadan sevgidir. Sevgi hissi olmasaydı dünyada nə vətən, nə ana, nə dost, nə də övlad anlayışı olmazdı.

Sevgi həm də müqəddəsdir. Ümumiyyətlə, sevgi olmayan yerdə müqəddəslikdən danışmağa dəyməz.

Bu tanrının insana genetik olaraq fitrətən verdiyi bir hissdir.

Bu hissin ən ali məqamı vətənə olan sevgidir. Çünki, vətən sevgisinin içində bütün müqəddəs dəyərlərin qorunması var.

İnsan vətənini sevirsə, demək anasını, başçısını, qızını sevir. Əxlaqını, namusunu, onun mənsub olduğu millətin tarix boyu zərrə-zərrə topladığı dəyərləri sevir.

Əlbəttə, bu sevgi hissini daşımaq, hər kəsin daşıya biləcəyi qədər asan bir iş deyil.

Çünki, sevgi həm də məsuliyyətdir.

Ancaq həyat harmoniyadır.

Əgər həyatda bütün dəyərləri özündə daşıyan bir sevgi mövcuddursa, demək zaman-zaman bu dəyərləri daşıya bilən oğullar da həmişə mövcud olub.

Şəhid Hüseynli Ədalət Səadət oğlu da bu müqəddəs dəyərləri şərəflə daşıyan vətən oğullarından biridir.

Ədalət mənim də yaxından tanıdığım, dostluğa sədaqətli, sözündə və əməlində düz olan nümunəvi bir gənclərimizdən idi.

Dostluğun yaşı olmur.

Yaş fərqimizin çox olmasına baxmayaraq, çox yaxşı ünsiyyətimiz və dostluğumuz vardı.

O, 44 günlük vətən savaşında Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərdi.

Döyüşlərin birində ağır yaralanan şəhidimiz Ədalət Hüseynli yaralandıqdan sonra qospitslizasiya olmaq üçün Bakıya göndərilməsinə qəti şəkildə etiraz etmiş, ilkin yardım alaraq, təkrar döyüş yoldaşlarının yanına qayıtmışdır.

Onun necə rəşadətli və cəsur döyüşçü olduğu haqda döyüş yoldaşları və komandirləri inanılmaz xatirələr danışırlar.

Zatən Ədalətin fəqli bir insan olduğu lap uşaq yaşlarından məlum idi.

Tanrı sevdiy, seçdiyi insanlara insan adına nə varsa heç nəyi əsirgəmir.

Ədalət fiziki göstəriciləri yüksək olan, yaraşıqlı bir gənc idi.

Ədalətin valideynlərinə sevgisi də başqa uşaqlardan seçilirdi.

Onun dostlarına, iş yoldaşlarına, ümumilikdə insanlığa olan münasibəti haqda bir dastan yazmaq olar.

Əlbəttə, belə bir oğulun vətən uğrunda şəhid olması onun xarakterinin göstəricisidir.

Qəlbi insan və vətən sevgisiylə dolu olan adam bu dəyərlər üçün hər an canından keçməyə hazır idi.

Azərbaycanın Ədalət kimi oğulları olmasaydı, vətən torpaqları heç vaxt işğaldan azad oluna bilməzdi.

And yerimiz, uca varlığımız olan vətənimiz Azərbaycanı, elə vətən qədər də əziz olan oğullarımızın şəhidlik məqamına ucalması hesabına qoruya bildik.

Necə deyərlər, qayıdan torpaqlar, qayıtmayan oğullar hesabına qazanıldı Qarabağ!

Bu gün Azərbaycan torpaqları şəhid qanları ilə suvarılaraq, ağuşuna aldığı cəsur oğulları ilə daha da müqəddəsləşib və daha əzəmətli görünür.

O, müqəddəs şəhid ruhlarının qarşısında baş əyərək, fikrimi şairin aşağıdakı misraları ilə yekunlaşdırmaq istəyirəm.

Sən bizimsən, bizimsən

Durduqca bədəndə can,

Yaşa-yaşa çox yaşa

Ey şanlı Azərbaycan!