Rəna Namazova, Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivinin mütəxəssis arxeoqraf :-  Arxivdə yaşayan ömürlər

Elm 11:58 / 24.08.2023 Baxış sayı: 2082

          Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri  Arxivində (ARDETSA) tibb sahəsində ölkəmizdə, onun hüdudlarından kənarda tanınmış həkimlərin şəxsi arxiv fondları saxlanılır. İndi onların heç biri həyatda yoxdur, haqq dünyasına qovuşublar. Şərəfli ömür yollarında xeyirxah və işıqlı əməlləri bu günümüzə, gələcək nəsillərə yadigar qalıb. 
           Şükür Məmməd oğlu Həsənov sovet səhiyyəsinin veteranlarından biri  olmaqla bütün ömrünü insanların sağlamlığına həsr etmişdir. O, 1903-cü il iyunun 25-də Şamaxı şəhərində dünyaya göz açmışdır. 1910-cu ildə gimnaziyaya daxil olmuşdur. Tibb sahəsinə maraq və həvəsini gerçəkləşdirmək məqsədilə 1920-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakultəsinə qəbul olmuş, 1925-ci ildə oranı bitirmişdir.
    Həkim kimi rayonların birində işləmək arzusu həyata keçmir, onu Xalq Səhiyyə komissarlığının sosial xəstəliklər və sanitar xidmət bölməsinə müdir təyin edirlər. Burada Ş.Həsənov işi ilə əlaqədar olaraq tez-tez Azərbaycanın bölgələrinə səfər edir, professor Bayraşevskinin məsləhəti ilə xalq təbabətinə aid  xeyli material toplayır. Materiallar 17 cildlik “Böyük Tibb Ensiklopediyası”nın (1-ci sovet buraxılışı), ”Xalq səhiyyəsi” bölməsində dərc olunur. O, Leninqrad, Moskva, Kiyev şəhərlərinin klinikalarında ixtisaslaşmışdır. 1926-ci ildə Ş.Həsənov Azərbaycan Dövlət Universitetinin tibb fakultəsində asissent seçilir. Elmi-tədqiqat işləri ilə bərabər o, bir çox ictimai işlərdə də çalışmışdır. Xalq Səhiyyə komissarlıgında və kafedrada işləyərkən Ş.Həsənov  “Azərbaycanda malyariya”,  “Azərbaycanda vərəm “ və s. kimi bir sıra monoqrafiyalar yazmışdır.
    Tükmənistan Xalq Səhiyyə Komissarlığının xahişi ilə o, 1933-cü ildə Türkmənistan Tibb İnstitutuna kafedra müdiri vəzifəsinə göndərilir. Türkmənistanda kafedrada elmi işləri ilə yanaşı, Ş.Həsənov bir cox səmərələşdirici təklıflərin, təsviri sənət nümunələrinin hazırlanmasını  həyata keçirir. Onun təşəbbüsü ilə Türkmənistanda xüsusi elmi-tədqiqat laboratoriyası və təcrübə nümunələrinin yaradılması üçün emalatxanalar açılır. Ş.Həsənovun məruzəsi Moskvada keçirilən Ümumittifaq sərgisində böyük maraqla qarşılanır, tədbirdə iştirak edən ixtiraçı və səmərələşdiricilər onun təklif etdiyi ixtiraları, eksponatları həvəslə qəbul edirlər. Bu fəal, yorulmaz elmi işçi onlarca orjinal və qiymətli yeniliklər işləyib hazırlamış və həyata keçirilmişdir. Onun işləri ilə ittifaq miqyasında tanış olur, yüksək qiymətləndirirlər. 
Professor Həsənov respublikada ilk dəfə yaradılmış S.M.Kirov adına Kurortologiya və Müalicənin Fiziki Üsulları İnstitutuna başçılıq etmişdir. Həmin sağlamlıq ocağını «Binada kurort» adlandırırlar. Lakin geniş institut Şükür Həsənova darısqallıq edir. O, çoxlarının açdığı ali yolla getmək istəməmiş. Müalicə korpusunun hüdudlarından xaricdə də fəaliyyət göstərməyə çalışmışdır.
Böyük enerjiyə malik olan Şükür Həsənov bir-birinin ardınca ekspedisiyalar təşkil edir, respublikanın müxtəlif rayonlarına gedir, zəngin kurort yerlərini tədqiq edir. Ona Naftalanda və Sirabda, Hacıkənddə və Gəmiyurdda, Darrıdağda və Badamlıda, Göygöldə və Çuxuryurdda rast gəlmək olardı. 
Yenə də professor təcrübələr aparır, ixtira edir, axtarır. Naftalan müalicə palçığı tezliklə şöhrət qazanır. Professorun təklif etdiyi bu müalicə vasitəsi minlərlə xəstəni yenidən sıraya qaytarır. Ölkənin görkəmli kurortoloqu professor V. Aleksandrov  bu müalicə üsulu haqqında öz rəyində yazırdı: «Professor Həsənovun biliyi çoxcəhətlidir.... Bu yeni müalicə vasitəsi balneo-fizioterapiya sahəsində yeni səhifələr açır və Vətənimizin müalicə vasitələri ehtiyatını genişləndirir».
Ümumittifaq Cəmiyyəti onun təkliflərini dinləyərək yaradıcılıq işlərinin  sərgisini  təşkil edir. SSRİ Xalq Təsərrüfatı  Nailiyyətləri  sərgisində Ş.Həsənov “SSRİ-nin ən yaxşı səmərələşdiricisi”  döş nişanı və fəxri fərmanla təltif olunur .
    1936-ci ildə Şükür Həsənovun  təşəbbüsü ilə nümunəvi  eksperimental müalicə klinikası yaradılır, az müddət ərzində bu şəfa ocağı  böyük nüfuz əldə edir. 1938-ci ildə “Türkmənfilm” kinostudiyasında professor S.M.Həsənovun həyat və yaradıcılığı haqqında sənədli film çəkilir. Onun ixtiraları və səmərələşdirici təklifləri Türkmənistanda “Sovet səhiyyəsi” jurnalının 4 nömrəsində dərc edilib.
          1939-cu ildə Ş.Həsənov Azərbaycan KP MK-nin tələbi ilə yenidən Bakıya çağırılır, S.M.Kirov adına Kurortologiya və Fiziki Müalicə Metodları İnstitutuna direktor təyin olunur. Böyük Vətən Müharibəsi illərində ona 20-dən  çox müalicə aparatı hazırlamaq  sifarş  edilir ki, bunlarla 116 min xəstə müalicə almışdı.
    Professor Şükür Həsənov Azərbaycan  Dövlət  Tibb  İnstitutunda, Sənaye İnstitutunda, Qırmızı Bayraqlı Neft İnstitutunda, Həkimləri Təkmilləşdirmə İnstitutunda, texnikum və kurslarda tibb elminin sirlərini tədris etmişdir. O, uzun illər respublikanın  baş fizioterapevti və kurortoloqu olmuşdu. Onun qələminin məhsulu olaraq 268 elmi iş, dərsliklər, monoqrafiyalar, sərgi kitabları işıq üzü görmüşdür. “Böyük Tibb Ensiklopediyasın”da onun çox sayda məqaləsi vardır.
    Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında da Ş.Həsənovun xidmətləri böyükdür. O, bu sahənin inkişafının ilk təbliğatçılarından biri kimi SSRİ Həmkarlar İttifaqları  Komitəsinin bədən tərbiyəsi  və  idman işləri üzrə federasiyasının üzvü olmuşdur. Onun yaratdığı sağlamlıq zonalarında müalicə işlərinin təşkili böyük şöhrət qazanmışdır. Bu  zonalarda   10 il ərzində on minlərlə xəstə müalicə almış, dünyanın 74 ölkəsindən, SSRİ-nin ən böyük şəhərlərindən gələn mütəxəssislər  təcrübə mübadiləsi  aparmışlar.
         Şükür Həsənov şəhərdə «Sağlamlıq zonası» yaratmaq fikrinə düşdükdə çoxları bunun mümkün olub-olmayacağına şübhə ilə yanaşdı.  Bu çox cəsarətli təşəbbüs idi.  Axı hələ heç yerdə yanlız fiziki hərəkətlər, dəniz havası kimi vasitələrdən istifadə edərək müalicə müəssisəsi yaradılmamışdı. Lakin həmin təşəbbüsün tərəfdarları tapıldı. 1961-ci ildə Dənizkənarı parkla  «Sağlamlıq zonası» yaradıldı, iki aydan sonra isə rəylər kitabına ilk rəylər edildi. Rəylər kitabında yazılırdı:  «Qədim Yunanıstan əfsanələrində sağlam adam dəniz  dalğalarının  köpüyündən çıxan gənc allah şəkilində təsvir edilirdi.  Mənim 80 yaşım var lakin «Sağlamlıq zonasında»  müalicə olunduqdan sonra özümü elə hiss edirəm ki, güya dəniz dalğalarından qalxıram.  Yeni işin təşkilatçısı və təşəbbüsçüsü olan professor  Ş.M.Həsənova  səmimi-qəlbdən  öz  minnətdarlığımı  bildirirəm».
Yaxşı rəylərin sayı artırdı. Həyat, təcrübə professorun bu təşəbbüsün böyük fayda verdiyini təsdiq etdi.
Xəstələrin  dərmansız  müalicə olunduğu qeyri-adi müəssisənin şöhrəti respublikadan uzaqlara yayıldı. Mütəxəssislər, pensiyaçılar, idmançılar Bakıya çoxlu məktub yazdılar. Ölkənin bir sıra digər şəhərlərində də belə zonalar açıldı.  Qəzet və jurnallarda, radio  və televiziyada, bakılıların  gözəl təşəbbüsünə çoxlu məqalə həsr edildi.
Bakı «Sağlamlıq zonası» hər gün 500 nəfərə xidmət edirdi. 
Hər gün dənizkənarı parkın kölgəli xiyabanlarında «Sağlamlıq zonası» sakinlərinin fiziki hərəkətlər etdiyini,  yüngül fiziki iş gördüklərini, terrenkur marşrut ilə gəzdiklərini görmək olardı.  
    „1942-ci ildə professor Ş.Həsənova “Əməkdar həkim", 1960-ci ildə “Əməkdar elm xadimi  fəxri adları verilmişdir. Eyni zamanda o, Qırmızı Əmək Bayrağı, Oktyabr inqilabı, ”Qafqazın müdafiəsinə görə”, “Ən yaxşı ixtiraçı”, “Səhiyyə əlaçısı” və s. kimi onlarla orden və medallara, fəxri fərmanlara layiq görülmüşdü.
    Onu sovet səhiyyəsinin ağsaqqalı adlandıranlar səhv etməmişdilər.
Şükür Həsənovun mənalı həyat yolu ölkəmizdə tibb elminin, səhiyyənin inkişafına öz töhfələrini bu gün də verməkdədir. Ş.M.Həsənov  1976-ci ildə vəfat etmişdir.