Əbülfət Mədətoğlu : - ÖZÜNÜ YAZAN ADƏM ASNI

YAZARLAR 11:17 / 16.04.2024 Baxış sayı: 1405

 

Ara-sıragörüşüb həmsöhbət olduğum Adəm Asnı ilə növbəti görüşlərimizin birində ədəbiyyatdan,yaradıcılıqdan danışarkən gördüm ki, bu söhbətimiz artıq özü-özlüyün bir müsahibəyə çevrilib. Mən də bu hazır  müsahibəni tərəddüd etmədən oxucuların ixtiyarına verirəm. Necə deyərlər, indi  mənim müsahibim şair, yazıçı-publisist Adəm Asnıdır.

- Adəm müəllim, necəsiniz?

- Sağ olun  pis deyiləm, yavaş-yavaş qocalıram.

- Bu   yaxınlarda 70 yaşınızı qeyd etdiniz. Yəqin ki, Sizin də  yadınızda  olar...Düz beş il bundan öncə  . yəni Sizin 65  illiyinizdə də  söhbətə  elə  bu  cür  başlamışdıq. Onda da  Sizdən soruşmuşdum, indi də  həmin sualı  təkrar  edirəm,  tez deyilmi qocalığa təslim olmaq? Geriyə  nəzər salanda necə görünür, necə ötüb bu illər?

- Enişli-yoxuşlu  görünür və çox tez ötüb. Bir şeirimdə yazdığım kimi:

 

İllərin sürətinə,

Özüm də mat qalmışam.

Sanki altmışbeş il yox,

Beş gün yola salmışam.

 

Bir-birini qovaraq,

İllər keçib ömürdən.

Tam altmışbeş il ötüb,

Beş gün içində– birdən.

 

O ki, qaldı qocalığa təslim olmaq məsələsinə, mən  demədim ki, qocalmışam, yaxud təslim olmuşam. Təbiətin qanunudur, istəsək də, istəməsək də dediyim kimi hər kəs yavaş-yavaş  qocalır. Bayaq dediyim şeirimidə yazdığım kimi:

 

…Onsuz da  duran deyil,

Nə vaxt, nə dəki, zaman.

Sona yaxınlaşdırır,

Bizi hər saat, hər an.

 

- Adəm müəllim,sizin yaradıcılığınıza nəzər saldıqda, istər şeirlərinizdə, istərsə də hekayələrinizdə  ən müxtəlif mövzulara rast gəlmək olur. Ancaq uşaqlara həsr edilmiş, həmçinin tərbiyəvi  mövzuda şeir və hekayələriniz daha   çox  diqqət çəkir. Bəlkə bir az mövzu seçiminizdən  danışasınız?

- Bilirsiniz, bəzən kimi isə nəğməkar şair, məhəbbət  şairi və s. adlandırırlar. Mən ruhumu oxşayan, diqqətimi çəkən, məni ilhama gətirən  nə  varsa, mən  ondan yazıram. Uşaqlara gəldikdə ,mən həmişə arzu etmişəm ki,bütün uşaqlar xoşbəxt olsunlar, sağlam və millətimizə, vətənimizə layiqli övlad   kimi böyüsünlər. Televizorda tez-tez məktəblilər arasında bilik yarışları keçirilir.Mən həmin verilişləri daima və maraqla izləyirəm. Çətin suallara asanlıqla   cavab verən uşaqlar, gənclər gördükcə çox  sevinir, fəxr edirəm ki, xalqımızın belə savadlı gələcəyi yetişir. Təbiəti çox  sevirəm. Dostlarımın, məni yaxından tanıyanların dediyinə görə müşahidə  qabiliyyətim güclüdür. Bəzən başqalarının fikir vermədiyi bir şey mənim diqqətimi  cəlb edir. Çalışıram başqalarının çirkin hesab etdiyində də yaxşı bir cəhət   görüm. Şeirlərimdən birində yazdığım kimi:

 

Qızıl gülə baxıb da,

Qəlbi aha yaxıb da,

Demə bağrı qanlıdır,

Gözəl, sanki canlıdır,

Heyif ki, tikanlıdır.

 

De tikanlar içində,

Gözəl-göyçək biçimdə,

Bu dünyanın köçündə,

Özünə bir yurd salıb,

Gör nə gözəl gül açır,

Necə xoş ətir saçır.

 

O ki, qaldı tərbiyəvi  mövzularda yazmağıma, bu da yəqin ki, uzun müddət penitensiar xidmətdə,  təlim-tərbiyə işində çalışmağımla əlaqədardır.

-Bu mövzuda bir -birindən  maraqlı , həm də ölkə  mətbuatda çap olunmuş  maraqlı publisist məqalələrinizl  oxumuşam.

- Qeyd   etdiyim kimi  Penitensiar xidmətin bütün  çətinlikləri, orada çalışan sabiq həmkarlarımın sözün həqiqi mənasında şərəfli  və fədakar əməyi ilə yaxından, daxildən tanışam. Buna görə də kimsə durub   reytinq, sensasiya xatirinə uydurma, həqiqətdən çox uzaq bir məqalə yazanda, orada   çalışan insanların əməyinə, adına kölgə salanda biganə qala bilmirəm. Penitensiar   xidmətdən, Cəzaçəkmə Müəssisələrinin fəaliyyətindən, bu fəaliyyəti tənzimləyən  qanun və təlimatlardan xəbəri olan hər kəs belə məqaləni oxuyan kimi hökmən  gülür və faktların necə deyərlər,  qara  köynəkdə  ağ sapla tikildiyini açıqca görür. Ancaq bu  sahədən məlumatsız olanlar isə yazılanlara inanır axı. Düzdür, hər sahədə  olduğu kimi,- mən bu barədə siz dediyiniz məqalələrdə də yazmışam,- Penitensiar  xidmətdə də nöqsana, səhlənkarlığa yolverən əməkdaşlar olub,  olur  və  bu  gün də var.  Lakin onların hamısı barədə və vaxtında müvafiq  tədbirlər görülür. Buna əmin ola bilərsiniz.

 

 

-Adəm müəllim, bəzən də çox az müraciət olunan mövzu seçirsiniz – "Körpə   güləndə”, "Köhnə, keçmiş kişilər”, "Körpə qığıltısı”...

- Qeyd etdiyim kimi, məni duyğulandıranlar  barədə yazmaya bilmirəm. Özünüz fikir verin:

 

...Sanki gülər bütün aləm,

Unudular qüssə, ələm,

Yazmaq istər əldə qələm –

Körpə güləndə.

 

Bəyəm belə deyilmi? Kiminkörpəsi olur olsun, körpənin ürəkdən gülüşünə biganə qalmaq, sevinməmək olurmu?Yaxud:

 

...Muğamdır, ney səsi, rübab  səsidir,

Büllur bir çeşmənin  zümzüməsidir,

Sevdalı bir eşqin təntənəsidir–

Körpə qığıltısı.

...Yaşamaq,yaratmaq, eşq həvəsidir,

Sevən   ürəklərin zənguləsidir,

Uca  Tanrımızın şah bəstəsidir –

Körpə   qığıltısı.

 

- Kitablarınızda "Dördmisralıqlar” ümumi adı altında şeirləriniz  diqqət çəkir. Necə oldu ki, dörd misradan – bir bənddən ibarət şeirlər yazmaq   qərarına gəldiniz? Mövzunu genişləndirmək, o bəndlərə daha bir neçə bənd əlavə  etmək olmazdımı? Çünki bu şeirlərinizin demək olar ki, hər birində geniş bir mövzunu   bir bəndə sığışdırmısınız. İlk dördmisralığınız yadınızdadırmı?

- Əslində   dördmisralıqları yazmaq daha böyük zəhmət tələb edir. Qeyd etdiyiniz kimi gərək   bir mövzunu, fikri dörd misraya sığışdırasan. Bu formaya nədən müraciət  etməyimə gəldikdə isə, xarici ölkələrin birində cərrahi əməliyyat  olunmuşdum. Elə də ciddi əməliyyat deyildi deyə o qədər həyəcan   keçirmirdim. Amma yenə məni təkərli çarpayıda əməliyyata aparan rus­dilli tibb  bacısından xahiş etdim cərrahdan soruşsun görək cərrahiyyə masasının üzünü   qibləyə tərəf çevirmək olarmı. Lakin qiblə an­layışı, xahişin qayəsi ona  anlaşılmaz və qəribə gəldiyi üçün xahişimi "Əməliyyat zamanı cərrahiyyə   masasının üzünü Azərbaycana tərəf çevirmək” kimi qoydum. Tibb bacısının cavabı   dodaqlarını büzüb çiyinlərinin yuxarı dartmaq oldu.

Cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı  vaxtlarda xəstəxana palatasında uzanıb qalanda ağlıma gələn müəyyən fikirləriayrı-ayrı bəndlər şəklində cızma-qara elədim. Duyğuların, fikirlərin bu formada  ifadəsinə sonralar da hərdən müraciət etdim, lakin bir zaman fərqinə vardım ki,fikir, məzmun, forma, məna, ifadə tərzi və sairənin müxtəlifliyinə görə   yazdıqlarımı bayatı, rübai və s. kimi ümumi bir ad altında birləşdirmək olmur.Ona görə də bu bəndləri elə ümumi olaraq "Dörd­misralıqlar” başlığı altında   birləşdirmək qərarına gəldim. Xəstəxana palatasında ilk yazdığım dördmisralıqisə belə idi:

 

Qərib qəlbə sevinc də,

Nisgil ilə tən dolar.

Qürbətdə ölən kəsin,

Qibləsi VƏTƏN olar.

 

- Adəm müəllim,maraqlı ədəbi təxəllüsünüz var - "Asnı”. Tanış olmayan söz, ifadədir.

- Bizim kənd – Naxçıvan MR-in Kəngərli r-nun Qarabağlar  kəndi bir tərəfdən uca dağlarla əhatə olunub. Kəndimiz də elə dağın ətəyində  yerləşir. Möcüzədir ki, dağın döşündən gur sulu bulaq çağlayır - Asnı bulağı.Suyu çox olduğundan ona bulaq deyil, çay deyirlər. Həmin bulaq-çayın adıdır ki,təxəllüs kimi götürmüşəm.

-Siz ədəbi mühitdə nisbətən gec - əlli yaşadan sonra görünməyə başladınız. İlkiki kitabınız isə eyni vaxtda işıq üzü gördü. Lakin bəzi şeirlərinizin yazılma  tarixi iyirmi, otuz il əvvələ aiddir. Nə əcəb daha əvvəldən dərc olunmurdunuz?

- Mən hələ orta məktəb illərindən qəzetlərdə, xüsusənrayon qəzetində ("İşıqlı yol”) kiçik yazılarla çıxış edirdim. Məqsədim dəjurnalist olmaq idi. Amma qismət elə gətirdi ki, hüquqşünas oldum. Uzun müddət  Ədliyyə Nazirliyinin Penitensiar xidmətində çalışdım. Doğrusu yaradılıcılığa  vaxt olmurdu. Arada nə isə yazsam da əlyazması kimi arxivimdə qalırdı. Yalnız2006-cı ildə təqaüdə çıxdıqdan sonra yaradıcılığıa vaxt ayırmağa, qəzetlərdə  publisist məqalələrlə, şeir və hekayələrlə çıxış etməyə başladım. Əvvəllər  yazdıqlarımı da bir araya gətirdim və buna görə də ilk iki kitabım eyni vaxtdaçıxdı – "Duyğuların ifadəsi” və "Ovqat”. "Bir röya həsrətində”ki şeirlər isə əsasən  son zamanlar yazdığım şeirlərdir.

-Sizcə ilk dəfə görməklə bənd olmaq, sevmək mümkündürmü?

- (gülür) Bilmirəm Sizin bu sualın arxasında nə  dayanır, ancaq əlbəttə mümkündür. Biz  görüşənədək mən həyat yoldaşımı heç vaxt görməmişdim, tanımırdım. Təsadüfən  görüşdük və qırx ildir ki, rəvan bir ailə həyatı yaşayırıq. Üç övladımız, yeddi  nəvəmiz var.

-Rəvanmı? Amma söhbətin əvvəlində...

- Sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Bəli, bu həyatdır.Eniş, yoxuşu da olub. Lakin ən əsası bu eniş yoxuşda əlbir olmaq, çətinlikləribirgə adlamaq, özünü tənha, köməksiz hiss etməməkdir. Belə olduqda sədləri,maneələri dəf etmək də asan olur.

-Dedikləriniz ailə, nəvələr, xüsusən də həyat yoldaşınıza həsr etdiyiniz çox səmimişeirlərinizdə də özünü qabarıq büruzə verir. Ancaq ilk məhəbbət, nakam eşq kimimövzularda olan şeirlərinizə də rast gəlinir.

- (gülür) Dedim axı bu sualınızın arxasında nə isədurur. Bunlar hamısı təxəyyülün məhsuludur. Bilirsiniz, məsələ burasındadır ki,nakam eşq yaşamaq üçün, sevmək üçün mənim imkanım, vaxtım olmayıb.Əsl sevməyin nə olduğunu, ailə  qurmağın məsuliyyətni dərk etməyə başladığım yaşda olarkən xoş bir təsadüf mənihəyat yoldaşımla qarşılaşdırdı. Və bu təsadüfə görə Tanrıdan çox razıyam. Bunaqədərsə bayaq dediyim kimi vaxtım olmayıb. Orta məktəbi bitirdikdən sonra   institut, Almaniya Demokratik Respublikaslnda hərbi xidmət, SSRİ DİN-nin Vilnüs  şəhərindəki xüsusi məktəbində təhsil, SSRİ DİN-nin Akademiyasında təhsil... Yenicəarxayınlaşıb əmək fəaliyyətinə başlamışdım ki, bacılarım, bibilərim yenicə məni  evlənməyə təhrik edirdilər ki, dediyim o xoş təsadüf baş verdi. Bəlkə mövzunu dəyişək?

-Yaxşı, dəyişək, ancaq daha bir sual: həyat yoldaşınız bu şeirlərə görəqısqanmır ki?

- Biz artıq qısqanmaq yaşını ötmüşük. Həyat  yoldaşım ziyalı, ali təhsilli qadındır. Qısqanmağın da yerini həddini bilir. Həmdə bayaq söylədiyim kimi nakam eşq yaşamağa vaxtımın, imkanımın olmadığını da,ona sədaqətli olduğumu da, ailəmi çox sevdiyimi də gözəl bilir.

-İlk oxucunuz kim olur?

- Hərdən həyat yoldaşım, əsasən isə böyük bacımSevil müəllim. Bəlkə də mətbuatdan imzasını tanıyarsınız – Qulubəyova Sevil. Əvvəllər   təhsilə dair qəzet və jurnallarda, əsasən də "Azərbaycan müəllim” qəzetində təhsildəki  problemlər, tədrisin, dərsliklərin təkmilləşdirilməsinə dair tez-tez məqalələr,təkliflərlə çıxış edərdi. Təhsil problemlərinə dair əllidən artıq elmi-publisist,metodik məqalənin müəllifidir. Təqaüdə çıxdıqdan sonra daha yazmır. Sevil xanım  məni yazmağa, kitab çıxarmağa təşviq edən üç şəxsdən biri olmaqla bərabər, həm də yeni yazdıqlarımın əsasən   ilk oxucusu olur. On-onbeş gün ona yeni nə isə oxumasam özü zəng edib yeni nə yazdığım,nə üzərində işlədiyimlə maraqlanır.

-Üç şəxsdən biri dediniz. Bəs digər iki nəfər kim olub?

- Biri qudam və dostum Mehman müəllim. Mehman   İbrahimov. Kitab çıxarmağa təşviq etməklə yanaşı, o da yazılarımın ilk oxucusu  olur. Geniş dünyagörüşlü, ədəbiyyatı sevən bir şəxsiyyətdir. Digər və əsas səbəbkar   isə çox hörmətli, görkəmli akademikimiz Nizami müəllim Cəfərov olub. Mən Nizami  müəllimi yalnız mətbuatdan, TV-dən tanımış, çıxışlarını, məqalələrini maraqlaizləmiş, heç zaman görüşməmişdim Lakin Nizami müəllim təsadüfən  mənim şeirlərimlə tanış olduqdan sonra onsuz da məhdud olan vaxtından iki saat  mənimlə söhbtətə sərf etdi. Niyə şeirlərimi bir kitab şəklində çıxarmadığımı   soruşdu, mən də cavab verdim ki, şair deyiləm, elə belə həvəskar kimi hərdən nəisə yazıram. Nizami müəllim müəyyən məsləhətlər verib təkrar-təkrar şeirlərimibir kitabda toplamağı tövsiyə etdi. Ayrılanda telefon nömrəmi götürdü və  inanırsınız, bir həftədən sonra mənə zəng edib iş yerimin yaxınlığında qəzetköşkü olub olmadığını soruşdu və müsbət cavab aldıqda dedi: "Bugünkü "525-ci qəzet”i   al, məqaləm var, oxuyarsan”. Qəzeti alıb baxdım ki, mənim şeirlərim,yaradıcılığım barədə Nizami müəllimin "”Həvəskar”ın peşəkarlığı” başlıqlı geniş  bir məqaləsi dərc  olunub. Sanki kənardan məni izləyirmiş kimi məqaləni təzəcə  oxuyub bitirmişdim ki, yenidən zəng etdi, məqaləni oxuduğumu öyrənib dedi: "Buda sənin kitabına mənim ön sözüm, get şeirlərini bir kitabda topla” Nizami müəllimlə   görüşdən sonra mən əmin oldum ku, müasir dünyamız da yaxşı insanlardan xali  deyil. Buna qədər isə etiraf edim ki, N.Cəfərov kimi nəcib, təmənnasız, alicənab,xeyirxah... insanların hələ də olduğuna, hər halda bütün bu müsbət insani  keyfiyyətlərin bir şəxsdə cəmləşə biləcəyinə əmin deyildim. Nə xoş ki, sonralar  ədəbi mühitə addımladıqca, hər vaxt kömək əli uzatmağa hazır olan Nazim  Muğanlı, Məmməd Oruc, Vüqar Rəhimzadə, Asim Yadigar, Əbülfət Mədətoğlu, Miraslan Bəkirli, Rəşad Məcid, Aydın Bağırov, Mehman Göytəpəli... kimi  insanlarla tanış oldum və bir daha sevindim ki,dünyamız kimi, ədəbi mühit də yaxşı, xeyirxah insanlardan xali  deyil.

-Şeirlərinizə tənqidi yanaşanlara münasibətiniz necədir?

- Nəinki çox normal, hələ minnətdar da oluram belə  oxuculara. Kitablarıma yazdığım ön sözlərdə də bunu həmişə vurğulayırm. Düşünürəmki, tənqid qərəzsiz, əsaslandırılmış tənqiddirsə, tənqid xatirinə tənqid deyilsə,müəllif bundan nəticə çıxarar, göstərilən nöqsanları, səhvləri sonrakı  yazılarında təkrar etməz deyə bu, müəllifin  yalnız xeyirinədir. Həm də, əgər tənqid edilirsə, demək tənqid edən kitabı çox diqqətlə oxuyub. Hansı müəllif istəməz ki, onun kitabını oxusunlar, həmdə diqqətlə? Qeyd etmək istəyirəm ki, bu sarıdan mənim bəxtim gətirib – qatı,amma obyektiv tənqidçi elə şeirlərimin, hekayələrimin ilk oxucusu Sevil müəllimdir.

-Necə deyərlər, tərəfkeşlik etmir ki?

- Dedim axı, obyektivdir. Bir də ki, nə tərəfkeşlik  canım. Əksinə elə hal olub ki, deyib bunu heç üzə çıxarma, yaxud tamam sil, tam  başqa formada yaz və s.

-Siz də razılaşmısınız?

- Kor - koranə yox. Fikir mübadiləsi aparmışıq,mövqelərimizi izah etməyə, əsaslandırmağa, sübut etməyə çalışmışıq. Olub ki, o  mənim, olub ki, mən onun haqlı olduğunu qəbul etmişik.

-Bəs özünüz necə, şeirlərinizə tənqidi yanaşırsınızmı?

- Əlbəttə. Elə şeirlərim var ki, mənim fikrimcə heç  üzə çıxarmalı, kitaba daxil edilməli deyil. Ancaq onların da yazılmasına güc,zaman sərf edilib, əziyyət çəkilib axı. Ona görə də kitablarıma daxil etmişəm.Bundan əlavə, elə olub ki, mənim zəif hesab etdiyim şeir kiminsə zövqünü  oxşayıb, tərif olunub.

-Əsasən nə vaxt, hansı saatlarda yazırsınız?

- Bayaq dediyim kimi əgər məni duyğulandıran, diqqətimiçəkən, ruhumu oxşayan bir hadisə ilə qarşılaşıramsa, ağlıma hər hansı mövzu, rədif  gəlirsə yazıram. Nə zaman yazmağıma gəlincə, o baxır nə yazıram. Şeirdirsə,düşündüyüm, ağlıma gələn bir fikri, rədifi bir yerə qeyd edir, sonra asudə  vaxtlarımda üzərində işləyirəm. Həmin fikri bir yerə qeyd etmədimsə, o artıq mənim  deyil – sonra ha düşünsəm də ilk ağlıma gələn formada xatırlaya bilmirəm, yaxud  tamam unuduram ki, mən nə isə bir mövzu fikirləşmişdim. Hekayənin isə əvvəlcə süjetini  beynimdə "bişirir”, sonra kağıza köçürür, sonda isə diqqətlə oxuyub təkmilləşdirirəm.Əsasən gecə saatlarında, sakitlikdə, yaxud evdə tək olan vaxtlar yazmağı  xoşlayıram.

-Hazırda nə üzərində işləyirsiniz? Gələcək planlarınız necədir?

- İyirmidən artıq yeni şeir, bir o qədər də hekayələrimvar. Onların bir neçəsi müxtəlif qəzetlərdə, bir hekayəm "Azərbaycan”jurnalında dərc olunub.  Yeni şeir, hekayə və lətifələrimdən ibarət bir çələng  tutmaq, bir kitabda toplamaq və kitabın da adını elə "Çələng” qoymaq fikrindəyəm.Ancaq bu ideya dəyişə də bilər.

-Son olaraq  şeirlərdən birini oxucularla bölüşərdiniz.

- Təqdim etmək istədiyim  "Sığallı xatirələr” şeiridir. Mən hamısını deyim, siz  neçə bənd istəsəniz o qədərini dərc edərsiniz. Hamısını versəniz lap yaxşı.

 

 

Son görüş sığal çəkdin,

Saçlarıma o gecə.

Ömürlük hicran əkdin,

Necə qıydın, de, necə?

 

Məni eşqin xəstəsi

Edib saldın kəməndə.

Sığalınınistisi,

Bir ömürdüki, məndə.

 

Halım Məcnununhalı,

Bir səhra yox qaçım da..

Əllərinin sığalı,

Hələ durur saçımda.

 

Duyuramqarış-qarış-

Vaxtsilməyib birin də.

Çoxda saçım ağarmış,

Sığallaröz yerində.

 

Ötüb neçə illərim,

Sığalsa təzə, tərdi.

Sənli xatirələrim,

Sənsizlikdən betərdi.

 

Neçəbahar, neçə qış,

Zamankülüngün vurur.

Hayusa da qar, yağış.

Sığalınhələ durur.

 

Bir ömür boyda illər,

Həsrətli qal, gör nədir.

Sığallı xatirələr,

Həsrəti də göynədir.

 

- Ənənəvi bir sual vermək  istəyirəm – hansı sual daha çox xoşunuza gəldi?

- (yenə gülür) Nakam eşq  barəsindəki suallarla məni sıxma-boğmaya salmaq cəhdinizi nəzərə almasaq,sualların hamısı maraqlı idi.

-Maraqlı müsahibə üçün sağ olun, Adəm müəllim.

- Təşəkkür edirəm. Siz sağ olun.

 

Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU