MESSİ BAKIYA GƏLƏCƏK - Aqil ABBAS yazır

YAZARLAR 14:40 / 30.01.2024 Baxış sayı: 1585

Tanınmış bir iş adamı, futbolumuzun, xüsusilə də «Qarabağ»ın fanatı və «Qarabağ» üçün onun ən kasıb  vaxtlarında əlindən gələni  əsirgəməyən bir dostum bu günlərdə zəng etmişdi. Xeyli dərdləşdik. Xüsusilə, futboldan danışdıq.  

1996-cı il idi. «Qarabağ» Çexiyada «Yablonets» komandası ilə Avropa çempionatları çərçivəsində oynayacaqdı. Oyun isə 23 iyula Ağdam şəhərinin  işğal gününə düşmüşdü. 22-si gecə  onunla məni Çexiyanın AFFA-sının prezidenti, şəhərin meri və Çexiyanın daxili işlər naziri yeməyə  dəvət etdilər. Yaxşı bir ziyafət verdilər. Onlar da, biz də babat vurduq və söhbəti fırladıq  işğal olunmuş Qarabağa, Ağdama. Və dedik ki, sabah qonağınız «Qarabağ» komandasının  təmsil etdiyi  Ağdam şəhəri  1993-cü ildə Ermənistanın silahlı qüvvələri  tərəfindən işğal olunub. Söhbət uzandı, biz onlara  çox şeyi inandıra bildik. Və xahiş elədik ki, bəlkə sabah stadionda bunu elan edəsiniz? Əslində futbola siyasət qatmaq  qadağandı, amma onlar da babat vurduqlarından  razılaşdılar. 

Və ona da  icazə aldıq ki, sabah Elbrus Abbasovun (baş məşqçi idi) oğlu və mənim oğlum  oyun zamanı üçrəngli müqəddəs bayrağımızı stadion boyu gəzdirsinlər. 

Və oyun başlayana  qədər inanmadıq ki, onlar bunu edərlər. Nəhayət, oyun başladı. Bir dəqiqə sonra  hakim oyunu dayandırdı və stadionda elan elədilər: «Qonaqlarımız «Qarabağ» komandasının təmsil etdiyi Ağdam şəhəri 1993-cü ildə Ermənistan  silahlı qüvvələri tərəfindən işğal olunub». Və bir dəqiqəlik  sükut elan etdilər. 

Onu  da qeyd edim ki, futbola siyasət qatdıqlarına görə, «Yablonets» komandası 62 min İsveçrə frankı cərimə edildi. Amma biz bunu bacardıq. 
Bir detalı da yazmasam  olmaz. Birinci hissə qurtarıb, uşaqlar da bayraq  gəzdirməkdən yorulublar və 3:0 uduzuruq. Biz də oturmuşuq şərəf tribunasında və hamıya  pivə paylayırlar. Özü də bizdən fərqli olaraq  pivəni noxudla, balıqla deyil, ləbləbi ilə içirlər. Mənim də  pivədən zəhləm gedir, içmirəm, amma buna baxmayaraq 4-5 dəqiqədən bir pivələri  təzələyirlər. Bu vaxt oğlum Toğrul ağlaya-ağlaya qalxdı mənim yanıma ki, ata, uduzuruq. Mən də başladım  onu danlamağa ki, ə, yekə kişisən, uduzuruq-uduzuruq də, niyə ağlayırsan? Sonra özümü  saxlaya bilməyib necə hönkür-hönkür ağladımsa,  indi şərəf tribunasında oturanlar  məni  sakitləşdirməyə çalışır. Mən uduzmağımıza ağlamırdım, məni ağladan 10 yaşlı  körpəmin göz yaşları idi. Həmin oyunda 5:0 uduzduq. 

Niyəsini də yazım. Yablonets şəhəri 50 minlik şəhər idi, yəni Ağdam boyda. Ağdamda iki otel vardı, əslində biri Qonaq evi idi, hörmətli qonaqlar orda qalırdı, məsələn, Rəşid Behbudov, Səttar Bəhlulzadə, Tofiq Bayram.  Amma Yablonetsdə həmin vaxt gərək ki, beş otel vardı, onun da ikisi  beşulduzlu idi. Ağdamda «Lenin yolu» adlı 7-8 min tirajla bir qəzet  çıxırdı, Yablonetsdə  gündəlik  30 min tirajla iki qəzet. Bizdən o qəzetlərə də müsahibələr almışdılar.

«Qarabağ»ın futbolçularının çoxu zirzəmilərdə, yataqxanalarda yaşayırdı, amma Yablonets komandasının  bazasında, bizi aparmışdılar gəzdik, hər futbolçunun ikiotaqlı mənzili vardı. Bundan başqa, məşq üçün üç böyük stadion vardı, hətta birinin üstü də örtülü idi ki, yağış-qar yağanda orda məşq etsinlər. 

Düzdür, Yablonets şəhəri mənim  üçün Ağdamdan  gözəl deyildi, amma Avropa şəhəri idi. 

O da yadımdadır, axşam dostumdan  xahiş elədim ki, futbolçuların  hərəsinə 50-100 dollar  pul ver, qoy burdan evlərinə  xrustal alsınlar, Bakıda həmin xrustallar  400-500 dollardı. Amma dostum bildirdi ki, bu, mümkün deyil, uduzan komandaya pul vermək kurallara  ziddir. Yekəlik olmasın, cibimdə  1000 dollar pul vardı, keçdim  futbolçular  çörək yeyən  yerə, çıxarıb  800 dollarını atdım stolun üstünə ki, bölüşün, hərəniz  evə bir  hədiyyə aparın. 200 dolları da saxladım ki,  oğlum yanımdadı, birdən nəyəsə ehtiyac olar.  

Qayıdanda Lvovdan Bakıya  birbaşa reys olmadı, məcbur olub Moskvaya, ordan Bakıya uçduq. Hələ o da yadımdadır ki,  təyyarədə şair göyçaylı Mahir Qarayevlə  bir yerdə oturmuşduq. Söhbət nədən  getdisə məlum oldu ki, Mahirin  qol saatı yoxdur, qolumda çox bahalı bir İsveçrə  saatı  vardı, çıxarıb  bağışladım şairə. 

Bir məsələni də  yazım, biz Yablonetsə  uçanda  pulumuz  yox idi. Getdim  AZAL-ın  o vaxtkı prezidenti  Ədalət müəllimin yanında və bildirdim ki, «Qarabağ» Avropa oyunlarına gedir, bilet  pulumuz çatmır. Onda Sabir İlyasov onun müavini idi (deyəsən, indi də müavindir) onu çağırdı və  dedi ki, «Qarabağ»a təyyarə biletlərini əlli faizlə verin. Və uzun müddət, sağ olsun Sabir İlyasov,  bizə xaricə uçuşlara bileti  50 faizlə verdi. 
«Qarabağ»la bağlı xatirələrim çoxdur, zaman gəldikcə yazacam, çünki  bunu məndən başqa  yazan olmayacaq. Qoy Azərbaycan xalqı bilsin ki, «Qarabağ» bugünki halına  çatanacan hansı məhrumiyyətlərdən keçib. 

Qayıdaq  əsas məsələmizə. Dostum  zəng edəndə dedi ki, Messi ilə möhkəm dostdur. Hətta Messi onun  70 illiyində ona təbrik teleqramı  göndərib və deyəsən, bir də hədiyyə  göndərib. Əsas məsələ nə teleqramdadı, nə də hədiyyədədi, dostum  bildirdi ki, Messi ilə  telefon danışığı edib və onu Azərbaycana  dəvət edib. Messi də razılaşıb, özü də iki günlüyə.  Yəni biz tezliklə dünya  futbolunun  ulduzu Messini Azərbaycanda görə biləcəyik.

Dostumun adını hələ yazmıram, icazə versə, növbəti nömrədə yazaram. Amma və yəqin ki, «Qarabağ» klubunun köhnə futbolçuları  onu xatırladı.