Kəramət : - "KAFİRSTAN"DAN NORVEÇ MEŞƏSİNƏ

YAZARLAR 10:11 / 03.08.2024 Baxış sayı: 1954

 

ƏFQANISTANDA BELƏ BİR YER adı varmış, heç də təəccüblənmədim, indiki halda Cəhənnəmstan olan Əfqanstan üçün normalmış kimi səslənir. Sözüm bunda deyil, indi Türkiyəyə köçən Kafirstanlıyla tanışlığım "Köç İdarəsi"ndə başladı. Onu da deyim ki, adını bilmədiyim bu kişi ingilis, rus, türk dillərində para-puta da olsa danışır, fikrini ifadə edir. Köç İdarəsində Türkiyə ilə qardaş olduğymuzun əyani misalıyla qarşılaşdım, bir daha. Belə ki, rus, gürcü, erməni bizdən az rüsum ödəyir, artıq bu qardaşlığa öyrəşdiyimdən təəccüblü sayılmaz.

Gündə beş dəfə namaz qılan, əlitəsbehli, saqqllı kişinin silah taciri olduğunu sonralar bildim. Ancaq gözləri görünən arvadıyla gəldiyi dükandan nisyə mal verilməsinə zamin durmuşdum. (T.L yox idi, dollarını pozdurmaq -lirəyə çevirmək üçün gec idi.). Sonralar mənə bir tapança, bir xəncər gətirdi, xəncəri aldım (hədiyyə olaraq), tapançanı qaytardım.

Norveç meşəsinin cənnət olduğunu danışır, oralarda dəfn olunmasını oğluna vəsiyyət etdiyini söyləyirdi. Oğlanlarından biri 15 ildi orda yaşayırmış...

Bir dəfə gülə-gülə soruşdum ki, niyə Norveç meşəsində dəfn olunmağı vəsiyyət eləyib, öləndən sonra nə fərq edər ki?

Mənə izah etdi ki, alveri burda olduğundan qardaş ölkədə qalır..öləndən sonra cəhənnəmə gedəcəyindən əmindi, heç olmasa qəbri cənnətdə olsun...bığları, saqqalı da gülürdü.

Onu da deyim ki, iki dəfə həbs eləyib elə səhərisi azad ediblər....

Sağlıqla qal, Kafirstanlı..mən getdim, sən də get elə bir az Norveçdə yaşa, öləndə, istəyirsən Kafirstanda öl...

Bu bayatının məntiqini heç cür bu üz-gözündən gerizəkalı sayılan kişiyə izah edə bilmədim:

Gəzməyə qürbət ölkə

Ölməyə vətən yaxşı