KƏND UŞAĞI - yazdı  Balayar Sadiq 

Ədəbiyyat 09:10 / 07.02.2025 Baxış sayı: 1643

 

Ömrün süd qoxulu uzaqlığından,

Xatirə çayları hönkürüb axır.

Taleyin ot basmış binələrindən,

Bir səs qərib-qərib üzümə baxır.

 

Yamanca qarışıb yolların alnı,

Suallar bürüyüb dağı, dərəni.

Uşaq yaddaşımın əlindən tutub,

Yamyaşıl bir sual aşır bərəni.

 

Sürüşüb alnından yaşıl yamacın

Yetim uşaq kimi çəhlim çığırır.

Bəyaz saçlarımdan o tayda qalan.

Bir kəndçi uşağı məni çağırır.

 

Yüyürür yazdığım misralar boyu,

Bir kənd uşağının kövrək həvəsi.

Hər gecə boylanır yuxularımdan,

Saçları ağarmış bir layla səsi.

 

Üşüyə-üşüyə baxır uzaqdan,

Gözü doluxsunmuş bir dağ çəhlimi.

Ağzına su almış ocaq yerləri,

Bir qara kösövlə sıxır əlimi.

 

Kaş yenə itirib qoyun-quzunu

Bir kövrək xatirə isindirəydim.

Bir daş diyirlədib dərə uzunu,

Dumanı, çiskini diksindirəydim.

 

Bu ömrün suları elə bulanıb,

Uşaqlıq qoxumur ta göz yaşları.

Alnıma yazılmış yazı kimidir.

Üz-gözü mamırlı ocaq daşları.

 

Batırıb qələmi ocaq külünə.

Mələklər alnımı yenə yazırlar.

Yuxusu qarışmış kənd cığırları.

Mənim yaddaşımı daşa basırlar.

 

Günəşi bir əlçim yerə endirin.

Üşüyür bir kəndin oyuncaqları.

Hələ yaddaşımda quzu otarır,

O, dəcəl, dəlisov kənd uşaqları.