Ismayil Imanzadə : - ƏSL OXUCU KİMLƏRDİ...

YAZARLAR 14:42 / 17.06.2024 Baxış sayı: 6246

 

İlk növbədə özümə ünvanladığım bu suala yəqin ki bəziləri birmənalı şəkildə yanaşmayacaq. Sosial şəbəkənin (FB-un) iç qatlarına bələd olduqca anladım ki bu virtual aləm arxa qapısı hamının üzünə açıq olan bir məkandı. Ədəbi aləmin çox vaxt bağlı olan qapılarından içəri keçməyi haqq etməyənlər, dal qapıdan asanlıqla içəri sivişib, ürəkləri istədiyi qədər özlərinə tərəfdar toplaya bilirlər. Və onu da anladım ki virtual aləmdə hər kəsin yazı savadını, istedad sahibi olub-olmadığını, ədəbi zövqünü, iç dünyasını asanlıqla dərk etmək mümkünmüş...

Hər şeydən qabaq bu aləm cızmaqaraçıların və onlara züy tutanların məkanıdır, burda şəxsi tanışlıq, yazı müəllifinin yaşı, cinsi, haralı olması vacib hesab edilir. Sizlər kimi mən də şahidəm ki, hansısa bölgədən olan bir “yazar”ın şeir adına ortaya qoyduğu “nəsnə”yə bəzi həmyerliləri nəzakət xatirinə dəstək verirlər. Yeri gəlmişkən, bu ilin əvvəllərində görkəmli bir alim eloğlumla çay süfrəsi arxasına əyləşib dərdləşəndə (Bizim tərəflərdə adətən bu ifadəni işlədirlər) dedim: “Qaqa, sən doğrudanmı o filankəs xanımın gün ərzində feysbukda nümayiş etdirdiyi ən azında iki-üç cızmaqaralarını şeir hesab edirsən?” Üzümə təbəssümlə baxıb dilləndi: “Neyləyim, öz kəndçimdi, vallah heç oxumadan “layk” edirəm...” Mənim şəxsi fikrimcə ən səmimi oxucu yüksək ədəbi zövqə sahib tərəfsiz oxuculardı. Ən istedadlı yazar dostlarımı da bu “qrafaya” əlavə edirəm. Ancaq bəzi qələm sahibləri incisə də deyəcəyəm, (çoxları bilir ki məndə heç əzəldən “zadnı skorus” yoxdu): “Bəziləri “bəyənmə” işarəsinə barmaq basanda, bunu “beh” hesab edir və qarşılığını gözləyirlər!” Yəni, “öy məni, öyüm səni” prinsipini əsas tuturlar. Ötən ilin sentyabr ayında üzləşdiyim göz əməliyyatından sonra bir müddət sosial şəbəkədən gendə dayanmağa məcbur oldum. Bəzi dırnaq arası “dostlar” üç-dörd həftənin içində qeybə çəkildilər. Həmin çətin günlərimdə yazı-pozu ilə məşğul olmayan, ancaq sözə dəyər verməyi bacaran söz sərrafları həmişə olduğu kimi məni yalqız buraxmadılar...

Elə indinin özündə də rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin 25 illik yubileyi ilə ilgili işlərim çox olsa da, əsl söz sərrafları məni tərk etməyiblər...

P.S. Özümə söz vermişdim ki yalnız özümün və əhatəmdə olan yazarların qayğıları ilə ilgilənim, ancaq gec-tez yuxarıda dediklərimi üzə çıxarmalı idim. Mənim yazılarıma münasibət bildirən dostlara da, bilərəkdən gözardı edənlərə də cansağlığı arzulayıram. Tərif xəstəsi deyiləm ki yazılarımı oxuyanların sayı ilə qürrələnəm!..

17.06.2024, saat 12-52