Fazil SƏNAN : - KİÇİK HEKAYƏLƏR USTASI

Ələsgər Əlioğlunun anadan olmasının 70 illiyinə
El sənətkarı Cinli Əlinin ailəsində dünyaya gələn Ələsgər orta məktəb illərində ədəbiyyata maraq göstərmiş və ilk şeir nümunələri məktəbin divar qəzetində öz əksini tapmağa başlamışdı.
Keçən əsrin 70-80-ci illərində Ələsgərin dövrü mətbuatda çap olunan şeirləri ilk gündən oxucuların marağına səbəb olmuşdu. Gənc şairin hələ sovet dönəmində işıq üzü görən kitabları oxucuların, tanınmış qələm sahiblərinin diqqətini cəlb etmiş və dövrü mətbuatda yetərincə söylənmiş müsbət rəylərdə ədəbi aləmə istedadlı bir gəncin gəldiyini xüsusi qeyd etmişdilər.
Ömrün 70-ci ilini yaşayan Ə.Əlioğlu cağdaş ədəbiyyatda uşaq şairi kimi daha çox tanınır.
Dostumun yubileyi ilə bağlı ürək sözlərimi söyləmək üçün onun yaradıcılığını yenidən gözdən keçirməyə başladım. Baxdım ki, Ələsgərin şair kimi yaradıcılığı haqqında müxtəlif vaxtlarda iki böyük həcmli yazım çap olunubdu. Sonda axrıncı çap olunan “21 hekayə” (“Vektor” Nəşrlər Evi, Bakı-2022) nəsr kitabı haqqında söz deməyi qərarlaşdırdım.
Ələsgər yaşadığı 70 illik ömrünün 50 ildən çoxunu şərəfli bir işə-yaradıcılığa həsr edibdi. Oxucu auditoriyasında şair kimi tanınan dostum son zamanlarda nəsr sahəsində də qələmini sınamağa başlayıbdı. Bəzi qələm sahiblərindən fərqli olaraq lirik yaradıcılığında öz üslubu olan şair nəsrdə də özünəməxsus cığır və deyim tərzi olmasını nı hekayələri ilə təsdiq edir.
Uşaqlar üşün yazdığı hekayələrdə müəyyən nəsr təcrübəsi olan şair “21 hekayə” kitabında işıq üzü görən hekayələri ilə onun bu sahədə də istedadlı qələm sahibi olmasının göstəricisi kimi təsdiqidir.
Ələsgərin kiçik həcmli hekayələri məzmunca geniş və əhatəlidir. Kitabdakı hekayələri məzmun və ideyasına görə şərti olaraq vətən və ictimai məzmunlu ağrılar başlığı altında qruplaşdırmaq olar.
“Eynək” hekayəsində irsən gözlərində olan zəifliyə görə eynək taxan Bəhram bir gün eynəyini salıb sındırır. Yenisini alıb gözünə taxsa da ürəyincə olmadığı üçün İstanbulda olan dostu Cavidə oradan ona bir yaxşı eynək alıb gətirməsini xahiş edir.
Xocalı faciəsindən sonra qisası aşıb-daşan Bəhram anasının etirazına baxmayaraq könüllülər batalyonuna yazılır. Cəbhəyə gəldiyi ilk gündən döyüşçü yoldaşları arasında mahir atıcı kimi tanınan Bəhram, hətta bir dəfə erməni quldurlarını Qarabağa gətirən vertolyotu da sərrast atəşlə məhv edir. Döyüş zamanı düşmən mərmisinin yanında partlaması nəticəsində görmə qabiliyyətini itirən Bəhrama həkimlərdə kömək göstərə bilmir. Ömürlük dünya işığından məhrum olduğunu bilməyən Bəhram Cavidin gətirdiyi İstanbul eynəyini saxlayaraq “Dərin xəyalların ağuşunda eynəyi gözünə taxacağı günü səbirsizliklə gözləyirdi... Axı qisas günü hələ qabaqdaydı... Düşünürdü ki, Türkiyədən gətirlən eynəklə yağılara daha sərrast atəş açacaq...”
Bu cür vətəni sevən oğulların aldıqları yaraların ağırlığına baxmayaraq içlərində olan ümid işığının hesabına Qarabağ düşmən tapdağından azad olundu. Müəllifin məqsədi də gəncləri həmin ümid işığının ətrafına toplamaqdır. Hadisələrin özü yazıçının məqsədini təsdiq etməklə hekayənin reallığına dəstək olmuşdur.
Doğma yurd-yuvasından didərgin salınan bir milyondan artıq qaçqın həyatı yaşayanların yurd həsrətini “Dərman” hekayəsindəki Şirin obrazında məharətlə ümumiləşdirən yazıçı oğlu Asəfin İsa bulağından gətirdiyi suyu içən xəstə ata “Bir azdan hiss etdi ki, bədəninin ağrı-acıları səngiyir... Ürəyi təpərlənir, gözləri işığa gəlir... O, dik qalxıb əyləşdi çarpayıda”fikri ilə yazıçı yaratdığı obrazın yurd həsrətini oxucu diqqətinə çəkir.
“Oğul oxşarı” hekayəsində Reyhan arvadın can üstdə olması və çəkdiyi ağrı-acının oxucu gözündə canlı çıxması yazıçının müşahidə qabliyyətinin güclü olması deməkdir. Qaçqınlıq zamanı itgin düşən oğlu Mahmudun yolunu gözləyən Reyhan arvad Əzrailə can vermir. Ağsaqqalların məsləhəti ilə Mahmudun oxşarı olan Camal müəllimi görən kimi Reyhan arvad gözlərini əbədi yumur.
“Paya” hekayəsi süjet xəttinə görə daha maraqlıdı. Köç zamanı ləngiyən Mirzə kişi qoltuq ağacının köməyi ilə arana doğru gedərkən yolda qarşısını kəsən erməni yaraqlılarının köhnə dostları Aşot və Kamo olduğunu biləndə içində bir arxayınlıq əmələ gəlir. Dostlarının onu “tanımadıqlarını” görən Mirzə kişi özünü daha ətraflı təqdim edir:
“-Aşot, biz, özümüz ağırlıqda çörək kəsmişik. Bəs bunları hara qoyursan?... Dünən-srağa gün oğlun Vazgenin toyunda səninlə qoşa oynamırdıqmı!? Nədir, yoxsa yadından çıxıb?”
Mirzə kişinin bu sözlərindən sonra yazıçı AşotlaKamo surətində ermənilərin dostluğa, qonşuluğa, kəsilən çörəyə xəyanətkarlığını, ümumən erməni xislətini canlı və inandırıcı detallarla səhifələməyə başlayır.
Mirzə kişinin sol ayağının protezini çıxaran “dostlar” protezi güllələyib, qoltuq ağacını da əlindən alaraq onu getməyə məcbur edirlər. İki gün sürünəndən sonra Mirzə kişi ata ocağı çəpərindən güclə nazik bir paya çıxardıb getməyə başlayır. Aclıq, yorğunluq və yuxusuzluqdan heydən düşüb güclə nəfəs alan Mirzə kişini xilas edən atlı onu xəstəxanaya çatdırır. Həkimlərin köməyi ilə ölümün caynağından xilas olan Mirzə kişi özünə gələndə yanında əyləşmiş kişidən soruşur:
“-Qardaş, payanı da gətirdinmi?
-Narahat olma, gətirmişəm.
-Bilirsən, qardaş, həmin paya mənə çox gərəklidir. Qoltuq ağacı əvəzi ata ocağının çəpərindən çıxarmışdım. Qayıdanda əvvəlcə erməni quldurlarına, sonra da öz yerinə çalacağam.”
Mirzə kişinin bu fikrində müəllifin nifrət dolu qisasında incə bir dodaqqaşdı da özünü göstərir. Nifrət içərisində gülüş yaratmaq bacarıqlı qələmin görüntüsüdür.
“Bir tay ayaqqabı”, “zəhərli diş”, “Qanayan sədəflər”, “Bir ovuc torpaq”, “Boş parta” hekayələri bir-birindən fərqli mövzularda yazılsa da məqsəd və ideyalarına görə Vətən ağrıları nöqtəsində birləşirlər.
Ə. Əlioğlu cəmiyyətdə baş verən qanunsuzluğa, özbaşınalığa, paxıllığa, laqeyidliyə, ümumiyyətlə qanundan və insanlıqdan kənar baş verən hadisələrə daş atmağı bacaran qələm sahibidir. Bunu onun kitabında işıq üzü görən ictimai ağrılı hekayələri ilə tanışlıq zamanı görmək mümükündür.
Bu baxımdan günümüzün reallığını özündə əks etdirən, həcmcə kiçik olmasına baxmayaraq geniş məna tutumlu olan “Canavarın xilası” adlı hekayəsi daha maraqlıdı.
Hadisə yaylaqda baş verir. Sürüyə ziyanlıq verən canavarı tor qurub tutan Məcidin qoyun yatağının qarşısı adamla doludu. İpək torda çabalayan canavara əziyyət verməklə əylənirlər. Məcid aradabir çomaqla canavarı döyməklə ondan heyfini alır. “Canavarın bütün hirsi-hikkəsi sanki bədənindən süzülüb üzünə-gözünə sıxmışdı” cümləsində müəllif canavarın düşdüyü vəziyyətin ağırlığını və imkansızlıqdan ona vurulan çomağın təsiri ilə bədənində yaranan ağrı-acını real canlandıra bilmişdir. Nümunə çəkdiyimiz həmin cümlədə sözə qənaət və onu yerli-yerində işlətmək bacarığını oxucu yazıçının başqa hekayələrində də görə bilər. Buda yazıçının yaradıcılıq üslubunu əsaslandıran şərtlərdən biridir. Müəllif istəsəydi həmin hadisənin təsvirinə bir neçə səhifə həsr edə bilərdi. Göründüyü kimi uzun-uzadı söz arxasınca qaçmağı xoşlamayan yazıçı bir cümlə ilə fikrini ətraflı formada oxucuya çatdıra bilmişdir.
Meyxoş Səlim topladığı odun pulunu verib canavarı alıb buraxmasına təəccüb və maraqla baxanlara “Məmləkətdə ikiayaqlı elə canavarlar var ki, bayaqkı canavara adamın rəhmi gəlir” cavabı ilə müəllif hadisəni düyünləməklə oxucuda maraq oyadır.
Meyxoş Səlim söz verdiyi qonaqlığı vermək üçün çoban Məcidlə bulağın başına yollanırlar və yeyib-içdikləri zaman onlara yaxınlaşan polis yanındakı kişini göstərərək deyir ki, səhərə qədər sizə vaxt verilir, bulağın başı da daxil olmaqla buralar özəlləşdirilib. Bütün alaçıqları sökməlisiniz tapşırığından sonra handan-hana özünə gələn çoban Məcid məsələni eşidib ətrafına toplaşan adamlara üzünü tutaraq deyir:
“-A camaat, Səlim deyən o ikiayaqlı canavarlardan biri axır ki, gəlib çıxdı...Bu elə canavardır ki, ona tor da qura bilməyəcəyik... Görürsünüzmü, daha havamızı da, torpağımızı da, suyumuzu da param-parşa eləyirlər!”
Hekayənin qayəsini oxucuya çatdırmaq məqsədi ilə yazısı vəsilə kimi yırtıcı canavar surətindən istifadə edir. Yırtıcı canavarla ikiayaqlı canavarı oxucu gözündə müqayisə edən Ələsgər sonda çoban Məcidin Meyxoş Səlimə “Məni bağışla” deməsi ilə məmurların öz vəzifələrindən sui-istifadə etməsinə işarə edir.
“Qırma” hekayəsində gənc yaşlarında oğurluq edərkən aldığı güllə yarasından bədənində qalan qırma və aldığı psixoloji travma aradan otuz il keçməsinə baxmayaraq hər dəfə oğurluq baş verdiyini eşidən də yol yoldaşının keçirtdiyi qorxu, hiss həyəcanı təbii və inandırıcı bir dillə söylənilir.
“İntihar” da Solmazın acı taleyi və intihar etməsi, “”Para çörək”də Müslümün çörək dalınca Rusetə gedərək uzun illərdən sonra ac-yalavac bir itlə qayıtması, “Qızaran pomidorlar” da Yaqub müəllimin savadsız sabiq şagirdinin hansı yollarlasa yüksək vəzifə tutaraq müəlliminə yuxarıdan aşağı baxması, “Yarımçıq dəfn”dəİbiş müəllimin işlədiyi ali məktəbdə ara qarışdırması ,rektora yaltaqlanması və başqa hekayələrdə yaşadığımız cəmiyyətdə özünü göstərən neqativ hadisələr məharətlə
ümumiləşdirilmişdir.
Müəllifin ictimai məzmunlu hekayələrində də məqsəd baş verən və təsvir edilən hadisələrdən ibrət dərsi götürərək inasanın mənən zənginləşməsidir.
Ə. Əlioğlu hekayələrində işlətdiyi dialekt və arxaikləşməkdə olan “gərilmək”, “karkaş", “xub düşmək”, “kərəskə”, “poralaşmaq”, “kürmək”, “pəstəha”, “öhdə”, “nığnığa” və s. sözləri yerli-yerində işlətməklə canlı xalq dilinə yaxından bələd oldunu göstərir. Bu cür sözlərin ədəbi mətnlərə qaytarılmasını müəllifin xidməti kimi qiymətləndirmək lazımdır.
Fazil SƏNAN
11.05.2023
