Əlisəfa Azayev : - ZİBİLQABI

Ədəbiyyat 09:11 / 28.05.2024 Baxış sayı: 2011

 

Əlbəttə, çoxları zibilqabı görəndə onda allergiyası, nifrət hissi yaranır, alnın turşudur, oradan bir qədər yan keçib getmək istəyir. Abdulla isə bilə-bilə ki, həmin zibilqabının sahibi yaşadığı evi bu səbəbdən satır, kişiyə minnətci düşdü ki, mükü ona satsın.

Mədət kişini də əslində elə daha çox həyat yoldaşı Nuridə başdan çıxarmışdı. Gündə bir bəhanə ilə kişiyə imkan verməzdi ki, ev-eşiyə əl gəzdirsin. Ona bu müddətdə nələr deməmişdi: “Pullu törəmisən?!,“Əlinə bir az pul düşüb, onu da ver ustalara”, “Qara günün üçün beş manat pul saxla da”.

Düzdü, kişi onun dediklərini eşitsə də, həm də qəlbən peşman idi. Heç gözləməzdi ki, qadın onu bir gün ittiham edəcək, deyəcək ki, bu həyətə gəlməkdən, evə baxmaqdan utanır. Onda da artıq əldə pul yox idi. Pensiyaçı adam idi. Bir gün də qadın dedi:Burada nə işimiz var ey?! Evi satıb gedək şəhərə. İki qızımız var, onlar da orada ərdədirlər. Bəsdir bu zibilxananın yanında yaşadığımız”.

Bir sözlə xoruzun quyruğu göründü, özü də çox pis. Ancaq nə eləsin, vurmalı, döyməli deyildi ki, ona bir əl bulayaydı. Arvadı arıq, yaşlaşmış, xəstəhal idi. Onda kişi daha özünü saxlaya bilməyib dedi:“Bax, ötən illəri, günləri bu sözlərlə gözümdən saldın. Ev-eşiyi, həyət-bacanı da üstəlik”.

Abdulla bir dəstə pulla kişinin yanına gəlib, bir qədər borclu qalacağını deyəndə, qadın onu müdafiə edəsi oldu:A kişi, sat da, qalığını da sonra verər. Bir başqası deyil ki, tanıdığın adamdı da”. Beləcə, onların ev alqı-satqısı söhbəti baş tutdu. Qeyri-rəsmi olsa da.

Həmin məhəllə böyük olsa da, orada cəmi bir zibilqabı vardı. Oda gündəlik zibilləri yığmaq üçün bəs etmirdi. Abdulla adi fəhlə olsa da, dilli-dilavər, fəal idi. Gündəlik onun-bunun qapısında iş görməklə ailəsini dolandırır, gününü keçirirdi. Təzə məhəlləyə keçəndən sonra onun tez-tez səsi eşidilirdi. Bu gün də belə:

  • Ay bacı, ora zibil tökmə!
  • ...
  • Ay qardaş, zibil qabını görmürsən?
  • ...
  • Belə olmaz axı, ay əmi!... Bunları zibilqabı var, ora tök də!

Kişi qeyzlənən kimi oldu.

  • Rəhmətliyin oğlu, sən də... Xoruz yox idi, səhər açılmırdı.
  • ...
  • Bax da, zibil qabı dolub da...

O gün əsəbi halda Kommunal Müəssisələri kombinatına gedib, şikayətçi oldu. Sözünə baxmadılar. Düz başçının qəbuluna kimi getdi. Gətirib həmin yerə bir də yox, düz üç ədəd təzə zibilqabı qoydular.

Ancaq kimə deyirsən. Camaat belədi də. Öyrəncəli olandan sonra düzəltmək çətin olur. İndi onlar təzə zibilqabıları da sanki görmür, müxtəlif bəhanələr gətirirdilər:

  • Tələsirəm...
  • Belə olmaz axı.
  • Görmədim...
  • İndi də zibilqabı yoxdur?!
  • Yaxşı...
  • Görək də...

Arada həyat yoldaşı Pərcahan da onu tənbeh etdi, qınadı:

  • Bu camaatla az dilləş, söz güləşdir. Elə hayasız arvadlar var ki, heç nədən sənin gününü göy əskiyə bükərlər.
  • Büksünlər də... İtirəcəyin nə olacaq?
  • Çox şey...

Abdulla həyat yoldaşının bu sözlərindən istilənən kimi olub, arada sahə müvəkkilinin yanında olub, dərdini ona da dedi. Kapitan onu çox soyuq qarşıladı:

  • İş tapmırsan da...
  • Əslində bu kimi işlər elə sizin vəzifə səlahiyyətinizə daxildi.

Yanındakı serjant ona qabardı:

  • Ə, bu nə sözlərdi kapitana deyirsən?! O zibil təmizləyəndi?!...
  • Hər halda belələrinə xəbərdarlıq edə bilər də.

Abdulla evə gələndən sonra çox düşünüb-daşınır, öz fikrini arvadına da dedi:

  • Düz deyirsən, mən təkbaşına bu işə girişsəm, heç nədən cəzalandırıla bilərəm.
  • Hə də... Çox şükür ki, başa düşdün.
  • Ancaq geri çəkilən deyiləm.

Əsasnamə hazırlayıb, aparıb bələdiyyədə təsdiq etdirəcəyəm.

  • Onlar çətin bu işə razılıq verərlər.
  • Onlar razılıq verməzlər, şikayətçi olaram.

Belə də oldu. Onun yazdığı əsasnamə ədliyyənin regional şöbəsində təsdiq olunan kimi icra işçilərinin  də yersiz qınağına məruz qaldı. Şəhər icra nümayəndəsi haldan çıxan kimi idi. Hətta onu arada şərləyib bir neçə sutkalıq həbsdə də saxladılar.

Küçədə qoydurduğu lövhənin şüşələrini bir neçə dəfə sındırsalar, taxtalarını qırsalar da, yenə də güzəştə gedənə, təslim olana oxşamadı. Rüsvayçılıq guşəsində foto-aparatla çəkdiyi şəkilləri nümayiş etdirməkdə idi.

Bir gün onu polisin rəis müavini yanına çağırdı, bir gün də rəis şəxsən özü. Hər ikisi onunla görüşəndə hirsli, qəzəbli idi. Hətta rəis dedi:

  • Məhəllə qoçususan?!...
  • Bu nə sözlərdi?!
  • Nə lotuluq eləyirsən...
  • Heç yaxşı sözlər demədiniz.

-Sənin təqsirin səbəbindən itin sözü deyilir bizə.

İnzibati həbs sənədləri hazırlananda, prokuror da onu dindirəsi oldu:

  • Sakit ola bilmirsən?
  • Mən nə etmişəm ki?
  • Yaşadığınız küçədə narahatçılıq var. Neçə  adam toplaşıb. Etiraz edirlər sənin bu hərəkətlərinə qarşı.
  • Ona görə ki, onlardan səliqə-sahman tələb edirəm?!
  • Pul alırsan...
  • Baxın alınan pullar cəmləşib, rəsmiləşib. Bu da hesaba ödənilməsi qəbzləri.

Prokuror qımışdı:

  • Yaxşı... İndi alternativ təşkilat yaratmısınız da?

Abdulla ağrınırmış kimi sızıltı içində dedi:

  • Cənab prokuror, yaxşı nə edək? Torbamız yoxdu deyə bizim kimilərə iş tapşırmır, vəzifə vermirlər.
  • Bələdiyyə üzvü seçiləydin də.
  • Deyirsiz də. Nə qədər çalışdımsa da, namizədlər siyahısına düşə bilmədim.
  • Orada da kiminsə bığının altından keçmək lazımdı?
  • Son siyahı icrada nəzərdən keçirilir. Kömək edin də.

Prokuror insan adam idi. Onun həbs olunmasına yol vermədi. Bələdiyyə üzvlüyünə namizədlər siyahısına düşməsinə də köməklik göstərdi.

Ancaq bu ərəfədə onun ünvanına hədyanlar yağdırılmağa başlandı ha. Kim onu arvadbazlıqda, kim rüşvətxorluqda, kim də hərbi xidmət vaxtı silah qaçırtmaqda qınadı.

Bələdiyyə seçkiləri yaxınlaşdıqca onun həyəcanı artırdı. Nə qədər işləsə, çalışsa, fəaliyyətdə olsa da, bədxahları da öz işində idi. Məhəllələrində əsil mənada təmizlik işləri gördürüb cənnət-məkan yaratmışdı. Komitə üzvləri onun xətrini çox istəyirdilər. Hətta aralarındakı Qadir adlı birisi dedi:

  • Ə, vallah-billah səni küyləyirlər, o yığılan pullardan ver xərcləyək.
  • Tələsməyin, sizin də hörmətinizi edəcəyəm.
  • Çətin.

Cibində, qovluğunda xeyli pul cəmləşsə də, onlara əl vurmur, vaxtlı-vaxtında hesablarını ödətdirirdi. Bir gün bankın işçisi də ona dedi:

  • Ödəmək asandı, hesabdan pul çıxarmaq çətin.
  • Niyə ki?
  • Razılıq lazımdı.
  • Kimin?
  • Yuxarının...

Evə gələndə də həyat yoldaşı qanını qaraltdı:

  • Bazara getmək lazımdı.
  • Nə tez...
  • Kartofumuz yoxdur.
  • Çörək ki var.
  • O da quru, daş kimi.

Sahə müvəkkili əvvəlki adam deyildi. Dəyişilən kimi olmuşdu. Ona münasibəti çox yaxşı idi. Bir gün də dedi:

  • Sən icazə ver, bu şəklini çəkdiklərini bir sıxım.
  • Cəriməni ödəməyənləri...
  • Bölərik də... Dədə malı kimi.

Doğrusu, onun bu sözləri ona xoş gəlmədi. Bir söz deməsə də, pərt oldu. Kapitanla münasibəti pozmaq istəmədi. Ağır günlərində bir o qədər ona köməyi dəyməsə də, təsəlli olmuşdu.

Abdulla yenicə küçəyə çıxmışdı ki, axşamın alatoranlığında birisinin selofan torba ilə zibil qabına yaxınlaşdığını gördü. Ancaq qadın onu görmədi. Zibili elə ora çatmamış atanda zibil dolu selofan torba zibilqabına yox, yerə düşdü.

Səsləndi:

  • Belə, yox da!...
  • ...
  • Götürün də!...
  • ...
  • Axı belə olmaz!

Qadın istilənən kimi olub, sonradan axşam evlərinə gəlibmiş. Dil-ağız edə-edə arvadına iyirmi manat pul verərək dedi:

  • İnan, bacı... Qorxdum, əlim titrədi... Mən nə bilim ki, o, arxadan gəlir.
  • Belə getməyin də.
  • İndi olub da... Deyəsən şəklimi çəkdi. Deyin ki, bir də təkrar olunmaz. Mən elə adam deyiləm. Abır-ismətimi gözləyənəm.

Səhər də Vəli onun  obyektinə tuş gəldi. Qaçıb aradan çıxmaq istəsə də, mümkün olmadı. Səhər şəklini “Rüsvayçılıq guşəsində görəndə, ona əlli manat verdi ki, şəklini aradan çıxartsın. Dedi:

  • Bu mənlik deyil ki. Məhəllə komitəsinin iclasının qərarı ilə ora vuruldu.
  • Axırı bir iş gör də. Əmioğlu deyilik.
  • Yaxşı, baxaram... Bu qəbzəqol çək.
  • Ə, sən şəkli çıxartdır, əlavəsini də ödəyərəm.

Məhəllə komitəsi yamanca fəallaşmışdı. Onlar qəbul etdikləri qərarı məlumat üçün İcra Hakimiyyətinə göndərdilər. Başçı xeyli razılıq edibmiş.

Di gəl ki, idarə müdirlərindən biri obyektə tuş gələndə işlər korlandı. Buna da səbəb elə həmin idarə rəisinin yersiz hərəkətləri oldu. Zibili zibil qabına yox, yan tərəfə atmış, deyilən sözlərə, iradlara da əməl etməmişdi:

  • Sizinləyəm!...
  • Yaxşı...
  • Götürün!...
  • Ağ eləmə də...
  • Belə oldu?!...
  • Sən kimsən ey?!...
  • Məhəllə komitəsinin sədri!
  • Pay atonnan!

Üzləşmə, mübahisələr...

İş gedib məhkəməyə çıxmışdı. Hətta hakim yerindən qalxıb demişdi:

  • Bala, cəbhəçisən?!... Gəl əyləş burada, yerimi verirəm sənə!

Hakim bu sözləri deyib, onda onu pərt eləsə də, sonradan bələdiyyə seçkilərində işi düz gətirməyib, seçilməyəndə, şikayətçi oldu. Məhkəmə onun xeyrinə qərar çıxartdı. Bələdiyyə sədri seçildi.

İlk dəfə işə gedəndə yolda qonşuları Nağı onu təbrik edərək dedi:

  • İlk qəbuluna düşən mənəm. Ərizəmi də qoyuram cibinə, işdə oxuyarsan.
  • Şikayətin nədi?
  • Torpaq istəyirəm. Uşaqlar böyüyüb, onlara bir gün ağlamalıyam.
  • Çalışaram sənə kömək edim. Bəs əvvəllər ərizə verməmisən?
  • Vermişəm, nəticəsi olmayıb.
  • Onda belə yox da. Rəsmi göndər. Baxarıq.
  • Əvvəlki bələdiyyə sədri tanış olsa da, kara gələn deyildi. Nə vaxt yanına, qəbuluna gedirdim, gileylənirdi. Deyirdi ki, bir manatın yiyəsi deyilik, papiros pulu tapmırıq. Allah var adamın başının üstə, mənə pis olmayıb ey. Hətta özü də həmişə məndən razılıq edər, deyərdi: “Səni görəndə xəcalət çəkirəm. Əmək fəaliyyətinə sənin yanında başlamış, mənəqələm tutmağı sən öyrətmisən axı”.

Abdulla işə gəlib, hamı ilə görüşdü. Onu ürəkdən təbrik etdilər. Müavini Zəkini yanına çağıraraq dedi:

  • Bir ərizə var onu qeydiyyata saldırarsan.

Əlini cibinə salıb qonşusunun ərizəsini çıxartmaq istəyəndə lap pərt oldu. Bu təzə, şax bir yüzlük idi. Müavin gülümsədi:

  • Bu ki puldur...
  • Ərizə olmalıdır, - deyə hey ciblərini axtarmağa başladı.
  • Olan şeydi...

Həyəcanlı halda evlərinə zəng çalası oldu:

  • Bizim o qonşu Nağının telefonunu bilmirsiz ki?
  • Yox... Nolub ki?... Belə həyəcanlısan?

Müavin o an dilləndi:

  • Məndə məlumat kitabında olmalıdı.
  • Yaxşı... Elə bir şey yoxdur. Sonra müavinə tərəf döndü:Təcili özünü çağırın bura!
  • Elə bu yüz manata görə?...
  • Bu balaca işdirmi bəyəm?!...

Müavin daha onun sözlərini çevirməyib, otaqdan çıxa-çıxa öz-özünə gileyləndi:Qara günə qaldıq da. Görəcəkli günlərimiz varmış. Hələ çətinliklərimiz qabağadır.

Müavin zəng çalıb, Nağı ilə danışanda lap ağ elədi:

  • Ə, əyib deyilmi?! İndidən təzə bələdiyyə sədrini rüşvətlə ələ almaq istəmisən?!.

Nağı onun yanına gələndə çox pərt idi. Pörtüb qızarmışdı. Təzə sədri də bu gündə görüb, and-aman, üzürxahlıq elədi:

  • Sən Allah, bağışlayın... Mən nə bilim ki... Təzə qaydalar belə imiş...
  • Yaxşı, götür pulunu...
  • Ayıb deyil?!...
  • Götür pulunu. Torpaq veriləndə banka ödəyərsən. İndi isə get ərizəni yaz...

Bu an Nağı sevincək halda dedi:

  • Yaxşı... Bu işlər öz yerində. Ancaq bir xahişim odur ki, məni məhəllə komitəsinə üzv qəbul etdirəsiniz. Sizin o zibilxanada ideal qayda-qanun yaradar, oranı gündəlik zibilqablarını da silib, təmizləyər, rəngləyərəm...