Əlisəfa Azayev : - Ulu məkan...

MƏDƏNİYYƏT 20:36 / 26.06.2024 Baxış sayı: 6499

 

... Bərdə bizim üçün ulu məkandı...

... Bərdə yolunda tanış olduğum cavan oğlanı istər-istəməz sorğu-suala tutdum. Boylu-buxunlu, şirin bir oğlan idi. Baxışlarından gülüş, nur tökülürdü:

- Tanış olaq da...

- Olaq...

- Adınız?

- Elçin...

- Mənim də adım... Elə Əli deyə bilərsiniz... Kiçik nəvəmin adını isə Ali qoyublar.

- Belə niyə?

- Yəqin türk təsiri var da. Açması sizdən.

Oğlan gülümsəsə də, daha bir söz demədi. O da bir daha bu mövzuya qayıtmadı. Məsələ qapandı. Şən, şad, gülümsər halda yollarına davam etməkdə idilər. "Mersedes" maşını rahat idi. Oğlan sözlü adam kimi gülümsədi:

- Eşitmisiz... Almanların sabiq xanım kansleri nə deyib?

- Yox...

- Deyib ki, Çin və Hindistanda hər birində bir milyard yarım olmaqla üç milyard adam yaşayır. Onların neçə yüz Allahı, inancı var. Ancaq sakitdirlər, döyüşmürlər. Müsəlmanların isə cəmi bir milyard yarımdır. Bir kitabları, bir Allahları, bir dinləri var. Ancaq bir-biriləri ilə didişirlər, döyüşürlər. Dava-dalaşlar, çəkişmələr, müharibələr qurtarmaq bilmir.

- Düz deyib də.

- Sonra... Almaniya ildə dünyaya təxminən səksən min "Mersedes" maşın satır. Ancaq onun maliyyə naziri işə velosipedlə gedib-gəlir.

- Əla... Sağlamlıqdı da... Ancaq çox təəssüf, bizdə belə deyil də. Velosipedə minənə qəribə baxırlar.

- Daha əvvəlki kimi yox...

- Bəlkə də...

- Hə... Bu Bakı tədbirləri münasibət dəyişən kimi oldu.

- Olar...

- Biz qalib ölkəyik!...

- Əhsən! Nə dedin... İşlərimiz də uğurlu, yaxşı olmalıdı. Prezidentimizi sevməliyik...

- Ulu Öndərimiz Heydər Əliyevi...

- Elə Ali Baş Komandanımız İlham Əliyevi də. Onun uğurlu idman siyasəti bizə Qarabağı qazandırdı. Həlak olanların çoxu onun ardıcılları... Qarabağa döyüşməyə gedən idmançılarımız idi.

- Məni kövrəltmə də...

- İnan, bu barədə söhbət düşəndə gözlərim dolur, öz-özümə kövrəlirəm. Onların nə yaşı vardı ki...

- Təsəllimiz odur ki işğal olunmuş Vətən torpaqları azaddır.

Araya bir müddət dərin sükut çökdü. Sürücü oğlan dinib-danışmırdı. Bəlkə, onun qəlbinə dəymişdi. Dilləndi:

- Bəlkə, deyəsiz?...

- Nəyi?

- Ən böyük bərdəli kim olub?

Oğlan bir-bir sadalamağa başladı:

- Bilirəm... Bərdə rayon kimi 1930-cu ildə təşkil olunub. Qarabağ düzündə...

- Maraqlıdır...

- Sahəsi 957 kvadrat kilometr metr, əhalisi 138,1 min nəfərdir.

- Bu neçənci ilin məlumatıdır?

- 2006-cı il yanvarın 1-nə olan məlumatdır. Mərkəzi Bərdə şəhəridir.

- Ən böyük bərdəlinin kim olması barədə necə?! Məlumatın varmı?

Oğlan bir xeyli insanın adını çəkdikcə, o, başını sağa-sola tərpədir, yelləyir, yox işarəsi verirdi. Bu münasibətlə şirniyyat alıb gətirdiyi üçün uşaqların başı şirniyyat yeməyə qarışmışdı. Səslənirdilər:

- Mənə...

- Mənə də...

- Yeməlidi...

- Mənə çatmadı.

Sürücü oğlan gülümsədi:

- Tələsməyin... Hamınıza çatacaq...

- Ver də...

- Alın...

- Mənə də...

- Buyur...

Oğlan ucadan səsləndi:

- Bəlkə, Nüşabəni deyirsiniz?!

- Əlbəttə ki...

Kimsə gülümsədi:

- Nüşabə Ələsgərlini?

- Yox... O, şəkilidi...

- Müğənni, aktrisa...

- Sənətşünaslıq üzrə fəlsəfə doktoru...

- Bizim Nüşabə olan vaxt belə adlar, elmi dərəcələr, bəlkə də, heç olmayıb.

- Nüşabə Musayeva?...

- Danışdı da...

Bərdə rayon Mərkəzi Kitabxanada – Elektron Kitabxanada olanda da bu mövzu təzələndi. Söhbət ondan, Makedoniyalı İsgəndərin Qafqaza səfəri vaxtı onun böyük bir hərbi hissə ilə Bərdə şəhərində olmasından, hökmdar Nüşabə xanımla qarşılaşmasından bəhs edir.

İsgəndər eşidir ki, Bərdədə cəsarətli bir qadın padşah var. Onun yanına şəxsən özü gedir. Cəsarətli və ötkəm danışığından Nüşabə onu tanıyıb deyir:

 

Ey cəsur padşah, eşq olsun sənə!

Elçilik edirsən özün-özünə...

 

Onlarla düşmən olmaq istəməyən Nüşabə qonaqpərvərlik göstərib, onlara ziyafət təşkil edir. Ancaq süfrəyə yemək əvəzinə daş-qaş düzdürür. İsgəndər heyrətlənir:

 

Düzmüsən süfrəyə almaz, yaqut, dürr,

Daş-qaş yeyilərmi, bu nə deməkdir?

 

Onun sualına Nüşabə şərq təmkini ilə belə cavab verir:

 

Daşın ki boğaza yolu yox daha,

Faydasız yaramaz böylə daş üçün

Bu qədər vuruşmaq, çırpışmaq neçin?

 

"İsgəndərnamə" poemasında o, Nüşabə kimi adlandırılsa da, tarixi məxəzlərdə onun əsl adının Talestris olduğu qeyd olunur. Görüş zamanı böyük fatehə qəti sözünü deyir: "Sən qalib gəlsən, deyəcəklər ki, adi bir qadına qalib gəlmisən də... Mənim qalib gəlməyim isə sizin üçün rüsvayçılıq ola bilər..."

Həmin gün Bərdə Mərkəzi Kitabxanasında olub, kitabxanaçılarla söhbət etdikcə soruşurdu:

- İndi Mərkəzi Kitabxanadayıq da?

- Bəli.

- Elektron Kitabxanada? Bəs direktor hanı...

- O biri binada... Uşaq kitabxanası da orada yerləşir.

- Direktor burada olmalıdır da...

- Olar inşallah!...

Oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova söhbətə qoşuldu:

- Müəllim... Sizin kitablar... Çox oxunaqlıdırlar. Özünüz görürsünüz də... Çoxunun üz qabığı əldən-ələ keçməkdən solan, didilən, korlanan kimidi.

Gülümsədi:

- Kitablarını bu vəziyyətdə görmək müəllif üçün xoşdur.

- Əlbəttə ki...

- Həm də qürur mənbəyidir.

- Bəli...

- Ancaq çox təəssüf ki, sizin də kitabxananızda kitablarım çox azdır. Yüz ədəd ola-olmaya...

- İnşallah, əldə edərik...

- İlk növbədə, elə özüm... Sizə kitab hədiyyə edəcəyəm. Görüş təşkil etsəniz, kisə ilə gətirərik.

Bərdə haqqında düşünəndə, fikirləşəndə ilk əvvəl yadına Saratovda hərbi xidmətdə olduğu vaxtlar tanış olduğu əsgər yoldaşı Sahib Cəfərov gəlir. İlahi, insan nə qədər saf, dostcanlı, yoldaşlığa, qardaşlığa sədaqətli olarmış. Sahib Bərdə şəhərinə yaxın bir kənddən idi. Hərbi hissənin yeməkxanasında aşpaz işləyirdi. Onda o, hərbi hissənin müvəqqəti saxlama kameralarına baxırdı. İki nəfər əsgər köməkçisi də vardı. Maqommed çeçen idi. Tikinti üzrə ixtisaslaşmış polkda xidmət edirdilər. Onların batalyonu hər sahədə qabaqcıl idi, fərqlənirdi. Olduqları qəsəbə sovetin məxfi məkanlarından biri idi. Sovetlər dağılandan çox-çox sonra dünyaya açıq elan olundu Şixanı qəsəbəsi... Orada – qalın, keçilməz meşənin içində nüvə əhəmiyyətli binalar, bunkerlər tikirdilər. Şəxsən bir dəfə özü addımlayıb ölçəsi oldu. İri armaturla hörülmüş binanın divarının eni səkkiz metrdən artıq idi.

Orada müxtəlif, cürbəcür heyvanlar, quşlar, canlılar saxlanılır, üzərlərində kimyəvi təcrübələr aparırdılar. Bekar vaxtlarında onlara tamaşa edər, baxardılar. Xüsusilə müxtəlif böyüklükdə, rəngdə olan meymunlara, quşlara, dovşanlara, cücülərə, ilanlara... İtlərin hər birinin xüsusi yeri vardı. Bunların da sayı yüzlərlə idi. Xeyli ərazi tutmuşdular. Ulaşanda, hürəndə gur səsdən qulaqlarını tutmalı olurdun.

Sahib həmişə bir elli kimi ona qayğı ilə yanaşardı. Adətən əsgər stoluna on nəfərin yeməyi verilirdi. Sahib isə onu tək onun üçün təşkil edəndə gülümsəyər, etirazını bildirərdi: "Elli, daha bu qədər yox da. Gör necə kökəlmişəm". Qayğıkeşliklə deyərdi: "Ye... Nuş olsun... Heç nə olmaz. Burada arxamız, dayağımızsan..."

Hər bayramda isə xüsusi payını ayırıb verərdi. Onun hazırlayıb, tədarük etdiyi iri kağız klokda nələr olmazdı, İlahi! Qoz, fındıq, şabalıd, limon, mandarin, müxtəlif çeşidli şokolad, konfetlər, peçenye, şirniyyat... Sahibə deməkdən yorulardı ki, belə yaxşı deyil. Bura hərbi hissədi, ilişə bilərsən...

Bir gün elə ilişdi də. Bizim qərərgah rəisi mayor Kuxtin onu rota komandirinə iri bir donuz budu aparanda tutmuşdu. Mayor onu yanına gətirib, dərhal dilləndi:

- Posadite!...

- ...

- On niqodyay!...

- ...

- Vor!...

Heyrət içində onu dinlədiyini, bir söz demədiyini görüb soruşdu:

- Nu çto?!

Onun Sahibi içəri – kameraya salmadığını görüb bağırdı:

- Toqda!... Vı toje!... Niqodiyayi!...

Əlacsız qalıb, Sahiblə birlikdə kameraya girdi. Bu an kiçik əl radiosunu özü ilə götürə bilmişdi. İçəridə onu yüksəkdən səsləndirdikcə, mayor çağırırdı:

- Prekratite!...

- ...

- Svolıçi!...

- ...

- Ya vam pakaju!...

Onun bu hərəkəti səbəbsiz deyildi. Mayor Kuxtın şəxsən özü onu bu işə götürmüşdü. Nizam-intizamlı, nümunəvi, çəkməyən, içməyən bir əsgər kimi. İşlədiyi müddətdə də həmişə ondan razı qalmış, onu öymüşdü. Məzuniyyətə gəlməsinə, partiyaya qəbul olunmasına kömək etmişdi. Hətta yeganə kassir qızını ona etibar edib, karabinlə silahlanmış halda yüz kilometrlik bankdan UAZ maşını ilə pul alıb gətirərdilər. Maşının sürücüsü olardı.

Bir dəfə həmin qız ona vurulduğu etiraf edəndə, çaşqın halda dedi:

- Bağışlayın, mən nişanlıyam.

Tövrünü pozmadan onda qız dedi:

- Eto ni problem. Nişanlı olmaq hələ evli olmaq deyil.

- Bəlkə də, sizdə belədi. Bizdə isə yox...

Qız kövrəldi:

- Atam sizi Saratov milis məktəbinə düzəldəcək. Orada oxuyub, milis zabiti olacaqsınız. Əyninizə yaraşıqlı milis forması geyinəcəksiniz.

O sonralar da beləcə xoş sözlər desə, onu çimdikləsə, öpmək istəsə də, canını ondan güclə qurtara bildi. Mayor isə onun hərbi xidmətdən evə gəlməsini bir müddət ləngitdi. Əziyyət çəkən yazıq Sahib oldu. Düz iki həftə – on dörd gün onu qəsəbədə gözlədi. Hey təkid edərdi:

- Sən get... Görürsən də, məni hələ buraxmırlar.

- Yox, birlikdə gedəcəyik!...

Yolda Volqoqradda qatar dayandı. Volqa sahilində şəkil çəkdirəsi olduq. Təsərrüfat hesablı işdə idik. Yekunda mənə səkkiz yüz, Sahibə isə səkkiz min pul vermişdilər. Siz inanın, bəlkə də, biz ayrılana kimi o pulunun hamısını xərcləyib qurtardı. Dost yolunda özünü fəda etməyə belə hazır idi.

Mən hərbi xidmətdən sonra onu uzun müddət axtardım. Soraqlaşdım. Şəkillər mənim ünvanıma göndərilmişdi. Elə onları vermək üçün. Biri dedi oradan köçüblər... Biri dedi dünyasını dəyişib... Biri dedi itkindi...

Bərdə... Ulu məkan... Gözəl şəhər... Sən indi həmişəkimdən daha gur, firavan görünürsən. Neçə-neçə geniş küçələrin, obyektlərin, yaraşıqlı binaların, göz oxşayır. Onların içində Bərdə ASAN xidməti xüsusilə fərqlənir. Bəli, bu bina külli halda ölkə rəhbərliyinin Bərdə sakinlərinə böyük hədiyyəsidir...

Bərdə ASAN xidmətdə olarkən sabiq notarius  Həsənzadə Mərdan Əli oğlu ilə görüşüb, xeyli söhbət etdik. Birgə işlədiyimiz ötən illəri minnətdarlıqla xatırladıq. Bizə yaxın olan insanları yada saldıq. Əslində "Əzəl qanun" kitabındakı qırx doqquz notarius arasında o da yer almalı idi. Qismət Atakişiyeva Tamaşa Mehdiqulu qızının oldu. Onda notarius xanımı xeyli tutqun, qaraqabaq görmüşdü. İndi isə, sanki, üzü gülür, şən idi. Bəli, qaçqınlığa, köçkünlüyə son qoyulmuşdu. Torpaqlarımız bütünlüklə azad olmuş, Qarabağ – Şuşa, Xocalı bizimdi! Xankəndində üçrəngli al bayrağımız dalğalanır!...

Bütün bunlar üçün bu yolda çalışan, vuruşan, şəhid olan insanlara minnətdarıq!

Ulu Öndərimiz Heydər Əliyev Bərdə əməkçilərinin əməyini, zəhmətini həmişə yüksək qiymətləndirərdi. Bərdə ən böyük pambıqçılıq rayonu idi. İldə bir neçə dəfə oraya səfər edib, əməkçilərlə görüşərdi.

Bu ənənə indi də davam edir. Prezident İlham Əliyevin şəxsində!... 44 günlük Vətən Müharibəmizin baş qəhrəmanı – Ali Baş Komandanımızla həmişə fəxr edirik! O, "Qarabağ – Şuşa, Xocalı, Xankəndi bizimdir!" – dedikcə, sanki, bizi gözlərə qaldırır, otuz illik Qarabağ dərdinin qəm-qüssəsini, kədərini unutdururdu!... Yaşa, var ol, doğma Azərbaycanım! Ulu məkan!