Ələsgər Talıboğlu -65

Ədəbiyyat 08:59 / 20.06.2024 Baxış sayı: 1248

İllərdir ki...getməkdəyəm

 

İllərdir ki...getməkdəyəm

tuta-tuta

bu yolların ətəyindən.

Olmuşları,olanları keçirə-keçirə

yaddaşımın süzgəcindən,

güc ala-ala

doğrusundan, kəcindən,

bal əmə-əmə

acısı da şirin dadan

xatirələrin pətəyindən...

Gedirəm hər gün daha çox

ölən arzuların,

ümidlərin haləsində...

Gedirəm içimə

selləmə axmaqda olan

ağrıların- acıların

sevə-sevə nuş etdiyim

tükənməz piyaləsində...

Gedirəm bir ömrün

aydınlıqlarla dolu sonuna,

sevdasına bələnə-bələnə

doğacaq hər sabahın

ülfət dolu danına...

06.06.2024.

 

Kim səni sevməyə bilər ki, şair

 

Şair dostum Vahid Çəmənliyə

 

Sən bir söz sərrafı,söz xiridarı,

Kim səni sevməyə bilər ki şair...

Sən sözün ən ülvi, sevimli yarı,

Kim səni sevməyə bilər ki şair...

Sözün alxımıyla axan şairsən,

Dünyaya haqq gözlə baxan şairsən.

Qəlbləri sevdaya yaxan şairdən,

Kim səni sevməyə bilər ki şair...

Sən könül bağçada söz bitirəndən,

Ocaq bitirənsən,söz bitirəndən...

Çeşidli boyada düz bitirəndən,

Kim səni sevməyə bilər ki şair...

Sənin söz gücünə yox sədd Çəmənli,

Kim çəkə bilər ki,sərhəd Çəmənli...

Ay söz çəmənində vahid Çəmənli,

Kim səni sevməyə bilər ki, şair...

Sən sözü hər üzə kür deyən kəssən,

Haqqa gedən yola hürr deyən kəssən...

Talıboğlu,sözə pir deyən kəssən,

Kim səni sevməyə bilər ki şair...

13.06.2024.

Sönürəm daha..sönürəm

Çağlayan bir bulaq idim,

Sönürəm daha...sönürəm.

Dərd sovuran kor bulağa

Dönürəm daha... dönürəm.

Çalışmaqda,səylərdəydim,

Tütəklərdə, neylərdəydim...

Mən ki, ruhu göylərdəydim,

Enirəm daha...enirəm.

Qurumaqda axar suyum,

Su tökməklə dolmur quyum.

Bunca dərdə mən nə deyim,

Dinirəm daha...dinirəm.

Ha sevsəm də bu həyatı,

Oxşamadım heç boyatı...

Əldə qalan axsaq atı,

Minirəm daha...minirəm.

Korşalıbdı qələm əldə,

Topuq vurur artıq dil də...

Talıboğlu, anla, bil də,

Sinirəm daha...sinirəm.

04.06.2024.