Ehtiram Ilham : - Olsunlar...

Gecəsi yuxusuz keçən
Səhərləri var olsunlar.
Sevinci bizə tanıdan
Qəhərləri var olsunlar.
Açır ki, sabahlar doğsun,
İşıqlar zülməti boğsun.
Əkdiyinə yağış yağsın -
Bəhərləri var olsunlar.
Ağrıları şam eləyən,
Kümələri dam eləyən,
Adamı adam eləyən
Kədərləri var olsunlar.
Özünü hürr bilənlərin,
Haqqa könül verənlərin,
Kənddən varıb gələnlərin
Şəhərləri var olsunlar.
Sevmək nə gözəldi, könül,
Hələ çox ötdürər dil-dil.
Söylənəni yaxcana gör,
Xəbərləri var olsunlar.
Ruhudur göylərdən qaçan,
Eşqdir canını qucan.
Ehtirama qucaq açan
Bu yerləri var olsunlar.
26.05.24.
Pirəbədil