Əbülfət Mədətoğlu : - Quraqlıqdı...

Əbülfət Mədətoğlu
Quraqlıqdı, çiçəkləmir söz bağım
Ümid qalıb o, bir topa buluda...
Tanrı ilə aramdakı söz bağım -...
Çox kövrəkdi - dönüb ən son umuda!..
Qələm olub gözə batan bir tikan,
Vərəqlər də müştərisiz bir tükan !..
Ələ yatmır bu halımda o sükan -
Çırpınıram gah suda, gah quruda!..
Ağıl hissə qulaq asmır, dil vermir
Pəstə tutur, ayaq vermir, zil vermir!..
Tor atıram, Allah görür, bil , vermir -
Axtarsam da , həm lildə, həm duruda!..
Öz adımın kölgəsində öz halım
Qalan ömrü için-için sozalım...
İşdi , birdən nə zamansa o, zalım -
Gələ burda kipriyini quruda!