Əbülfət Mədətoğlu : - Bəxtəvərim...
( "Bir Qadına" silsiləsindən)
Külək səpib saçlarını üzünə
Toxunmur ki, külək küsər, inciyər...
Bu qız , bu gün heç bənzəmir özünə -
Tanımayan ona "həlim, dinc "-deyər!..
Bulud çəkib gözündəki od üstə,
Qaysaqladıb dodağının balın da...
Titrəyiş var, ipək kimi o səsdə -
Şeh iz salıb buxaqdakı xalında!..
Oturubdu çənəsinə bənd əli,
Hiss etdirmir gözlədiyin sükutla...
Həm inanclı, həm inamlı bəndədi -
Zikir edir içindəki umudla!..
...Bu qız özəl ovqatıyla məni də
Özəl sevgi dünyasına köçürüb...
Bəxtəvərim, bəxtim çoxdan səni də -
Köynəyimdən, ürəyimdən keçirib...