Əbülfət Mədətoğlu : - Artıq...

Mənə bol çəkirsən, Tanrım, payımı -
Dərddən yavaş, yavaş doyuram ... artıq...
Əlimin arxasın şir kürəyi tək -
Sakitcə torpağa qoyuram ...artıq!..
Külək əlindədi həsrətin donu,
Bəlkə gözləmirdin heç belə sonu!?.
Mən qurban demişdim, axır ki, onu -
Kəsmişəm ürəyi, soyuram artıq!..
Üstümə tökülən kin, ya da nifrət
İçimi öldürən xiffətdi, xiffət...
Qəflətən yıxılsın deyə , Əbülfət -
Qayadı, dibini oyuram artıq!..