: -Bəhram Bilaloğlu- Məhrəmlik duyğusunun aşınması

Cəmiyyətin gözəgörünməz yarası-
İnsanın mənəvi durumu onun davranışlarında, seçimlərində və ictimai münasibətlərində açıq-aşkar özünü büruzə verir.
Zaman keçdikcə,daha rahat, səlist şəkildə müşahidə etmək olur.
Baxırsan ki,insanlar dini dəyərlərdən və mənəviyyatdan uzaqlaşmağa doğru,iri addımlarla getməyə çalışır.
Bunu da,axırı zamanla əlaqələndirirlər din adamları.
Əsas ağrılı tərəfi davranışların da,köklü şəkildə dəyişməyə başlamasıdır.
İslam dininin əsasında duran əsas anlayışlardan biri – məhrəmlik anlayışıdır.
Bu gün, təəssüf ki, get-gedə solğunlaşmaqda, dəyərdən düşməkdədir.
Bugünkü dövrün ən kəskin paradokslarından biri də,məs, sosial şəbəkələrin həyatımıza gətirdiyi sərhədsizlik hissidir. İnsanlar şəxsi həyatlarını, ailə münasibətlərini, duyğularını və hətta məhrəm anlarını cəmiyyətə sərgiləməkdən çəkinmirlər.Sanki “mən də varam” deyərək virtual aləmdə görünmək, tanınmaq və təsdiq olunmaq ehtiyacı bir çoxlarını iç dünyasını belə ifşa etməyə vadar edir.Bu proses davam etdikcə,həmin şəxslərin pul qazanmaq adı altında bu yolu seçdiklərinin də, ara, sıra batini tərəfdən diqqətimizi çəkdiyini görürük,yəqinimiz isə bizə onsuz da, əzab verir.Halbuki bu ehtiyacın arxasında çox zaman mənəvi boşluq, aidiyyət axtarışı və öz dəyərini sübut etmək istəyi dayanır.
Məhrəmlik duyğusu yalnız fərdi dəyər deyil, eyni zamanda cəmiyyətin əxlaqi dayağıdır. Bu duyğu zəiflədikcə, ailə institutları sarsılır, şəxsiyyətlərarası hörmət azalır, cəmiyyətin daxili sabitliyi pozulur. Sosial şəbəkələrdə öz məhrəmliklərini sərgiləyənlər bəlkə də, fərdi olaraq bir davranış etdiklərini düşünürlər, lakin bu davranışlar kütləvi hal alaraq sosioloji bir problemə, hətta xəstəliyə çevrilməkdədir.
Bu mənzərə, təkcə bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də ciddi təhlükədir. Yeni nəsil şəxsi sərhədləri və etik çərçivələri tanımadan, başqalarının təsdiqi ilə formalaşmağa çalışır. Onların iç dünyası, özünü dərk etməsi və şəxsiyyət olaraq möhkəmlənməsi zədələnir. Digər tərəfdən, keçmişin dəyərləri ilə böyümüş və bu dəyərlərə sadiq qalmış insanlar üçün isə bu dəyişiklik ruhi travmalar yaradır. Onlar özlərini yad bir dünyada hiss edir, aid ola bilmədikləri bir cəmiyyətin içində ruhən tənha qalırlar.
Əgər cəmiyyət olaraq bu prosesi dəyərləndirib önləyə bilməsək, gələcəkdə mənəviyyatsızlıq, laqeydlik və dəyərlərin aşınması daha da dərinləşəcək. İnsan varlığını yalnız bədən deyil, ruhu ilə də,daşıyır. Və bu ruh, ehtiram, həya, həssaslıq və daxili səssizliklə bəslənir. Məhrəmlik isə bu səssizliyin, bu hörmətin gözəgörünməz qalasıdır.
Cəmiyyətin mənəvi sağlamlığı, fərdin özünə və başqasına hörməti ilə ölçülür. İnsan dəyərini göstərmək, varlığını sübut etmək istəyirsə, bunu təvazö, mərifət və mənəvi dərinliklə etməlidir. Sosial şəbəkələrin sərhədsiz imkanları içində yox olmaq əvəzinə, mənəviyyatla sərhəd çəkməyi bacarmaq zamanın ən böyük müdrikliyidir.