BAŞ TUTMAYAN GÖRÜŞ

1975-ci ildə işlədiyimiz məktəbdən müəllim yoldaşlardan Babayev Kamili, Cavadov Asifi (hazırda Gəncə Dövlət Universitetində baş müşavir vəzifəsində çalışır) və məni Bakı şəhərinə bir aylıq təkmilləşmə kursuna göndərdilər. Bir çox qayğılardan uzaq üç nəfər gənc müəllim boş vaxtlarımızda şəhərin maraqlı yerlərini gəzir, sonda isə "İnturist" mehmanxanasının restoranında axşam yeməyimizi yeyib yataqxanaya qayıdırdıq.
Belə gecələrin birində yenə "İnturist" mehmanxanasının restoranına gedəsi olduq. Nədənsə həmin gecə əvvəlki gecələrdən fərqli olaraq qulaqbatırıcı musiqi alətlərinin və müğənninin qulaq gicişdirən səsi eşidilmirdi. Restoranda xoşagələn bir sakitçilik hökm sürürdü. Gələnlər yeməyini yeyib söhbətlərini edirdilər.
Yemək sifariş veririk. Qədəhlərin sayının artması nəticəsində tədricən əhval-ruhiyyəmiz durulmağa başlayır. Söhbət əsnasında restorana göz gəzdirirəm. Bizim stoldan bir az kənarda ayaq üstdə dayanmış ortaboylu bir nəfər diqqətimi çəkir. Ayaqüstə dayanan adamın duruşundan və hərəkətlərindən hiss olunur ki, sağlıq deyir. Təsadüfən həmin adam ətrafa nəzər yetirir. Bu zaman sifətini görüb sevinclə yoldaşlarıma "Bir baxın, Süleyman Rüstəmdi" deyirəm.
Asif "Nə boş-boş danışırsan, Süleyman Rüstəm burda nə gəzir?" deyərək mənim sözlərimə rişxəndlə gülür. Kamil də Asifin fikrinə dəstək verir. Yoldaşlarıma bir söz deməyərək yenidən həmin adamı diqqətdə saxlayıram və özlüyümdə fikirləşirəm ki, nə ola bir də həmin adam ətrafına təkrar boylana, sifətini görə biləm. Bu zaman təsadüfən həmin adam yenidən ətrafına çönüb baxanda sifətini görürəm və orta məktəb dərsliklərindəki şəkil gözüm önündə canlanır. Oxşarlıqları müqayisə edib fikrimi qətiləşdirərək təkrar üzümü yoldaşlarıma tutaraq: "Siz mənim sözümü qəribçiliyə salmayın. Bu adam, baxışlarımla işarə edərək, qətiyyətlə deyirəm, Süleyman Rüstəmdir" fikrimdə israr edirəm.
Asif dolu qədəhi götürərək rişxəndlə gülə-gülə "Götür arağını iç. Yox bir Süleyman Rüstəm "İnturist"ə gəlibki nə var, nə var Fazil Jdanovdan (indiki Beyləqan) gəlib mənimlə görüşəcək. Ayıbdı. Heç harda demə ki, Süleyman Rüstəmi "İnturist"də görmüşəm. Sənə gülərlər. Müəllim adamsan. Məktəbdə eşidib bilən olar, müəllim yoldaşlar sənin bu hərəkətinə bir dastan bağlayarlar", – deyib sözünü tamama yetirməmiş Kamil "Asif, düz deyir. Sən öl Asif çatan kimi məktəbdə hamıya deyəcək... sonrasını özün bilirsən də, daha nə deyim" – gülərək üzümə baxdı.
Kamil düz deyirdi. Asiflə orta məktəbdə bir sinifdə oxumuşduq. Eyni ali məktəbin müxtəlif fakültələrində oxusaq da yoldaşlığımız davam edirdi. Sonra da təsadüfən iş elə gətirdi ki, eyni məktəbdə işləməli olduq. Asifin xasiyyətinə bələdçiliyim olduğu üçün, bilirdim ki, adi bir əhvalatdan yaxşı bir lağlağı düzəltməyi məharətlə bacarır. Ona görə də Asifə ip ucu verməmək üçün geri çəkilmək olmazdı.
Götürün görək, qədəhlər soyudu, – deyən Kamilin təklifi ilə qədəhləri qaldırdıq.
– Yaxşı, siz mənimlə razılaşmırsınız. Mərc gələk, kim uduzsa stolun hesabını o adam ödəsin, – dedim.
Asif tez dilləndi: "Mən razı".
Kamil isə "Əgər mərci Fazil udsa, səhərki stolun hesabı da mənlikdi." – dedi.
Məsələni daha da dəqiqləşdirmək üçün dedim: "Mən uduzsam bu gecəki stolun hesabı mənlikdi. Əgər siz uduzsanız bu gecəki stolun hesabı Asiflik, səhər axşamkı stolun hesabı isə Kamillikdir. Düzmü izah etdim. Daha sonra deməyin içmişdik, mən elə söz deməmişəm, nə bilim nə olmasın".
Hər ikisi bir ağızdan: "Biz razı", söylədilər.
Mən ayağa qalxıb həmin stola yaxınlaşmağa başladım. Həmin adam yenə ayaq üstdə əlində qədəh sağlıq deyirdi. Qarşısında dayanaraq "Bağışlayın, sizdən bir söz soruşum" – dedim.
Müsahibim sözünü yarımçıq kəsərək "Buyurun" dedi.
– Siz Xalq şairi Süleyman Rüstəm deyilsinizmi?
– Bəli, Süleyman Rüstəməm.
– Nə gözəl təsadüf, – deyərək şairi qucaqlayıb öpdüm və "Bağışlayın sözünüzü yarımçıq kəsdim", – deyib yoldaşlarımın yanına qayıtdım. Yarışda qalib gəlmiş idmançı ədası ilə yoldaşlarıma "Gördünüz?", deyib stolun arxasına keçdim.
– Gördük. Halaldı sənə. Sən düz deyirsənmiş. Biz uduzduq. Asiflə Kamil güldülər.
Kamil mənə işarə edərək "Fikir ver, o stolda bir nəfər yanındakı adama səni göstərərək nəsə deyir" – dedi.
Ofisiantı çağırtdırdım. Ofisiant cavan bir oğlan idi. Kursa gələndən hər axşam burda yemək yediyimiz üçün ofisiantla münasibətimiz yaranmışdı. O vaxtlar "İnturist" mehmanxanasının restoranına yolu düşənlər (burada qiymətlər yüksək olduğu üçün çoxları bu restoranda yemək yemək üçün həvəs göstərmirdi) bilirlər ki, orada yemək yemək üçün gündüzdən stol sifariş verməli idin. Çünki axşam boş yer tapmaq çox müşkül məsələ idi. Biz də ofisiantla tanışlıq zamanı öyrənmişdik ki, bu cavan oğlan Ağdamdandır. Ali məktəbdə oxuyur və axşamlar da restoranda ofisiant işləyir. Yaşadığımız rayonlara görə bizə yerli deyib xətrimizi istəyirdi və hər axşam bizim üçün boş stul saxlayırdı.
Ofisiant bizim stola yaxınlaşaraq "Eşidirəm. Nə buyurursunuz?" dedi.
– O stola bir konyak apar.
– Burada konyak çox bahadır, – deyən ofisiant canıyanımcılıqla üzümə baxdı.
– Baha olsun də, pulunnan deyil?
– Sözsüz ki, pulunnandır. Mən sizə görə dedim. Ofisiant mehriban bir təbəssümlə üzümə baxdı.
– Hörmətinizə görə çox sağ olun. Xalq şairi üçün bir konyakın baha olması barədə fikirləşməyə dəyməz, – dedim.
Ofisiant konyakı şairin qarşısına qoyanda, hiss olundu, soruşdular ki, kim göndərib. Ofisiant əli ilə bizim stolu göstərib şairin yanından ayrıldı.
Aradan bir az keçməmiş Asif mənə işarə elədi ki, səni çağırırlar. Baxanda gördüm ki, bir nəfər işarə edir ki, bura gəlin. Hər üçümüz şairə yaxınlaşdıq. Bizi qarşısında görən şair stuldan ayağa qalxaraq "Hörmətinizə görə çox sağ olun. Görürəm şeiri, sənəti başa düşən və dəyər verən cavanlarsınız. İndi yaxından tanış olaq. Siz kimsiniz?" deyən şair mehribancasına əlini uzatdı. Hörmətlə şairin əlini sıxaraq "Süleyman müəllim mən "Ədəbiyyat" müəllimiyəm. Orta məktəbdə sizin həyat və yaradıcılığınızı tədris edirəm. Yanımda dayanmış Asifi göstərərək bu "Tarix", sonra isə Kamili göstərərək bu yoldaş da "İngilis dili" müəllimidir. Hər üçümüz Jdanov (indiki Beyləqan) rayonunun Təzəkənd kənd orta məktəbində müəllim işləyirik. Üçümüzü də bir aylıq təkmilləşmə kursuna göndəriblər", söylədim. Hər üçümüz tanışlıq üçün məmnun olduğumuzu söylədik.
Süleyman müəllim bizimlə olan söhbəti rusca stulda əyləşənlərə tərcümə edirdi.
Şair əyləşənlərə (təxminən 6-7 nəfərə yaxın adam olardı) əli ilə işarə edərək bizə təqdim etdi. Yazıçı Samvel Oriqoryan "Qrakan Azərbaycan" jurnalının baş redaktoru, Hafiz Əli, Vladimir Abramyan gənc şairlər, çox təəssüf ki, başqa adamların adlarını unutsam da, iki nəfər xarici ölkədən gəlmiş qonaq qadının məclisdə iştirak etdiyini xatırlayıram. Şair sonda üzünü bizə tutaraq soruşdu.
– Erməni şairi Avetik İsahakyanı tanıyırsınız?
– Bəli, tanıyırıq. Ermənistanda Sovet hakimiyyəti qurulanda Fransaya mühacirət edib. Sonralar yenidən Ermənistana qayıdıb. Yaradıcılığı ilə tanışıq. Xalq şairi S.Vurğunla da yaxın dost olub.
– Gördüyünüz bu yoldaşlarla Avetik İsahakyanın anadan olmasının 100 illiyi ilə əlaqədar televiziyada çıxış edib, sonra da bura gəlmişik, – deyən şair – "Stul gətirib bizimlə əyləşin", – söylədi. Hər üçümüz məclisə qatıldıq.
Götürün qədəhləri bugünkü şeirin, sənətin qədrini bilən və ona dəyər verən Azərbaycan gəncliyinin sağlığına, – deyən şair əlindəki qədəhi fəxarətli bir sevinclə yuxarı qaldırdı.
Vladimir Abramyan üzünü bizə tutaraq "Bağışlayın, sizdən bir söz soruşum" – dedi.
Buyurun: – dedi Asif.
– Siz dediniz ki, Jdanov rayonunun Təzəkənd kəndindənsiniz. Kolxozun adı nədi?
– Görünür bizə inanmadınız. S.Şaumyan adına kolxozdanıq. – Asif bir az kinayə qarışıq səsinin tonunu qaldırdı
– Ha, lap yaxşı. Bir adam desəm tanıyarsınız?
– Kimdi? Asif rişxəndlə güldü.
– Aşot Vanyan.
– Hə tanıyırıq. Vanyan Aşot Əmircan oğlu. Bizim kolxozda sədr işləyib. İndi eşitdiyimizə görə "Qırmızı bazar" sovxozunda sovxoz direktorudur. Asifin cavabına mən də dəstək verdim. Bizim cavabımızdan sonra hiss etdik ki, Vladimir Abramyanın həm kefi açıldı, həm də bizə isti münasibət göstərməyə başladı.
Şairlə söhbət zamanı yaradıcılığında daha çox diqqət çəkən cənub mövzulu şeirlərinə və Şəhriyarla olan dostluğuna toxunduq.
Süleyman müəllim Şəhriyarın "Heydər babaya salam" poemasından bir neçə bənd əzbər söylədi və "Şəhriyar böyük şairdi" – dedi.
Süleyman müəllim sizdən bir xahiş etsəm olarmı?
– Buyurun müəllim.
– Biz sizin vaxtilə yazdığınız "Yaxşı yoldaş" poemasında təsvir etdiyiniz həmin bərli-bərəkətli torpaqdandıq. Sizi həmin torpağa qonaq çağırsaq gələ bilərsinizmi?
– Gələrəm. Cavan vaxtı gördüyüm yerləri bu yaşda yenidən görmək mənim üçün çox maraqlı olar, – deyən şair kağıza nəsə qeyd edərək mənə verdi və dedi: "Bu kağızda yaşadığım ünvan və telefon nömrəm yazılıbdı. Nə vaxt istəsəniz əlaqə saxlaya bilərsiniz. Yaxşı oğlana oxşayırsan. Cavansan, gəl kömək edim aspiranturaya qəbul ol. Görürəm ədəbiyyata marağınız var".
Biz məclisdə olanlarla xudahafizləşib ayrıldıq. Təkmilləşdirmə kursu başa çatdı və məktəbə qayıtdıq. Bir gün fikrimi məktəbin direktoru bizim müəllimimiz olmuş Bayram Səfərova bildirdim. Bir az fikirləşən Bayram müəllim soruşdu:
– Fazil müəllim, siz şairi nə cür qonaq çağırmaq fikrindəsiniz?
– Başa düşmədim Bayram müəllim, qonaq çağırmağın da forması var?
– Bəli var.
– Bir erkək kəsdirib, kabab bişitdirəcəm. Əlavə də nə lazımdırsa alacam və yaxşı bir süfrə hazırlatdırıb beş-on nəfərdə şeiri-sənəti başa düşən, xətrin istədiyim yoldaşı da dəvət edəcəm. Yeyib içəcəyik. Əgər şairin özü məsləhət bilsə, məktəb və kənd camaatı ilə də görüşünü təşkil edəcəm.
– Oğul, xətrinə dəyməsin, sən hələ cavansan çox şeyi bilmirsən.
– Nəyi bilmirəm, Bayram müəllim?
– Müəllim, Süleyman Rüstəm Xalq şairidi. SSRİ-də tanınmış ədəbi şəxsiyyətdi. Hələ vəzifəsini demirəm. Yaxşı, sən onu qonaq çağırdın gəldi. Gedəndən sonra rayonun vəzifəli şəxsləri biləcəklər ki, Xalq şairi Süleyman Rüstəm Təzəkənd kəndində qonaq olub, onların da xəbəri yox. Səndən soruşacaqlar, Süleyman Rüstəmi necə qonaq çağırmısan ki, bizim xəbərimiz olmayıbdı.
– Bayram müəllim, mən şairi öz qonağım kimi çağırıram. Rayon rəhbərliyi ilə mənim nə işim.
– Fazil müəllim, bunu mənə deyirsən, rayonun birinci katibinə, prokuroruna, məhkəməsinə, milis rəisinə, nə bilim daha başqa vəzifə sahiblərinə deyə biləcəksənmi? Buna görə də sonra başın ağrıyacaq.
– Bəs, yaxşı onda mən nə edim ki, şairə verdiyim sözə görə yalançı olmayım.
– Bunun üçün böyük bir məclis qurmalısan. Mənim fikrimcə həmin məclisdə əlli nəfərə yaxın adam iştirak edəcək. Süfrədə də quş iliyi, can dərmanı olmalıdır. Xərci də təxminən 2-3 min manat tutacaq. İndi özün fikirləş, bax gör sənin belə bir imkanın varmı? – deyən Bayram müəllim cavab məqsədi ilə üzümə baxdı.
Bayram müəllimin sözlərini özlüyümdə götür-qoy edərək "Özünüz bilirsiniz ki, mən ayda 100-120 manat (o vaxtkı rubl) maaş alıram. Sizin hesablamanıza görə bu mənim 2-3 illik əmək haqqım edir. Mənim elə imkanım nə gəzir müəllim", – dedim.
– Onda elə bir imkanın yoxdursa, get sakitcə otur yerində. Mən bildiyimi sənə başa saldım. Əməl etsən də, etməsən də bundan sonrasını özün bilərsən, – deyən Bayram müəllim məndən ayrıldı.
Dünyagörmüş müəllimin məsləhəti ilə fikrimdən daşındım və söz verdiyim görüş baş tutmadı.
Etiraf edim ki, o vaxt şairə verdiyim vədə xilaf çıxdığıma görə hələ də özümü bağışlaya bilmirəm. Bilmirəm haqlıyam, yoxsa haqsız.
09.11.2022
