Arzu Asədin  NƏZƏR NÖQTƏSİ

YAZARLAR 19:01 / 28.01.2025 Baxış sayı: 1616

 

"İlahi, mən burdayam". Vaqif Səmədoğlunun məzar daşının üstünə yazılan bu ifadənin orijinalı 1858-1915-ci ildə yaşamış, görkəmli rus şairi knyaz Konstantin Romanovun yazdığı, bu ğün də rus kilsə xorunda mahnı kimi oxunan məşhur bir şerindəndir.Təxminən bir əsr yarım bundan əvvəl yaşayıb yaratmış bu şair hələ elə o zaman rus ədəbiyyatında klassik üslubun, köhnə məktəbin nümayəndəsi kimi tanınırdi.

Vaqif Səmədoğlunun ədəbiyyat həvəskarları arasında məşhurlaşmıs digər bir misrası - "Saxlayın dünyanı, mən düşürəm" - 1961-ci ildə Londonda Kral teatrında premyerası olan bir dünyaca məşhur musiqili dramın adıdir.Yazarlari Lesli Brikass və Entoni Lyulidir.Ümumiyyətlə, 1960-70,80-ci illər Azərbaycan poeziyasında rus və dünya ədəbiyyatından belə diri-diri götürülmüş fikir və misralar çoxdur. Vaqif Bayatlı Odərdə və Ramiz Rövşəndə də belə "bəhrələnmələr" çoxluq təşkil edir. Ara-sıra nümunələr gətirəcəm.

Bir şairin dünya ədəbiyyatından öyrənib milli ədəbiyyatın sərhədlərini genişləndirməsi normal və zəruridir. Lakin belə diri-diri misra və fikirlərin dırnaq içində olmadan götürülməsi məqbul hesab edilməməlidir. Bu, təxminən, aşkarlığın və plüralizmin olmadığı həmin sovet dövründə "pilləkənaltı sexlərin" tələbat duyulan xarici istehlak malları nümunəsində istehsal etdikləri tapılmayan mallara bənzəyirdi. Belə cansız, "düzəltmə", şairin öz yaşamından, hiss və duyğularından doğmayan plagiat nümunələrini modern ədəbi hadisə, ədəbi mətn adına örnək göstərib müasirlərinə "əsil poeziya budur" demək bir başqa dərd, başqa bir utancverici məsələdir.

Bu şairlərin yaradıcılığı, ədəbiyyatımızda tutduqları mövqeləri danılmadan, onların poetik irsimizə bəxş etdikləri töhfələri inkar edilmədən əsaslı şəkildə müasir ədəbi görüşlərin işığında ədəbi bəhrələnmə, mənimsəmə və ədəbi əlaqələr istiqaməti çərçivəsində öyrənilməlidir. Yalnız bundan sonra ədəbi dəyərləndirmə meyarlarımız aydınlaşar, təmizlənər, ədəbi istiqamətlərimiz müəyyənləşər. Çünki vaxtilə ədəbi atalarının "podpolnı", "pilləkənaltı" elədikləri "bəhrələnmələri" indi müasir nəslin bir çox nümayəndələri aşkar şəkildə, çəkinmədən internetdən tərcümə vasitəsilə edir və saxta dəyərləndirmə meyarları yaratmağa çalışırlar...