Alməmməd Eldaroğlu : - ŞEİRLƏR

PAYIZDA
Payız idi,
Mən gələndə dünyaya.
Lüt –üryandım,
oxşamadım payıza.
Anam deyir-
Ruzisi gəlmişdi
özündən qabaq.
Ümidlər içində
biz oynadıqca
böyüdü uşaq.
Ehtiyac olmadı
ona oyuncaq.
VƏTƏN AZƏRBAYCANDIR
Biri soruşdu məndən
Hardan başlanır Vətən?
Dedim ürəkdən, qəlbdən,
Səndən,
Məndən başlanır vətən!
Vətən tanrı açdığı
Hər gün nurlu bir sabah
Gəl bir yerdə tanıyaq
Ondakı qüdrətə bax!
Vətən anadır mənə
Anamdan başlar vətən.
Ağrıdağ, Gəmiqaya,
Batabat, Savalanım,
Qoşqar, Murov, Şahdağım,
Təbriz, İrəvan, Dərbənd,
Kərkükdən başlar vətən!
Vətən mənəm,
Vətən sən,
Vətən bizik,
Vətən siz.
Quşun da vətəni var,
Insan olmur vətənsiz!
Vətən bizik kəfənsiz!
Vətən dünən, bu gündür,
Gələcəyə açılan,
Yurdum boyu əzmlə
Bayrağımı daşıyan
Qəhrəman övladımız.
Vətən olmaz, bil, cəngsiz.
Vətən mübarizəmiz.
Vətən Ayım Günəşim,
Vətən suyum, havamdır.
Vətən baharım, qışım,
Vətən odum alovum
Canda axan qanımdır.
Vətən ayaq basdığım,
Ata, baba məskənim
Vətən müqəddəs oçaq,
Tanrı qibləgahımdır.
Vətən mənə Sarıdaş,
Vətən mənə Naxçıvan,
Vətən qanlı torpağım
Qarabağım, Şuşadır!
Vətən müqəddəs torpaq
Vətən Turan elimdir.
Vətən, vətən deməkdən,
Qabar olan dilimdir.
Vətəni vətən yazan,
Şəhid, qazilərimdir.
Vətən, hərb meydanında,
Zəfərə imza atan
Ər oğlum, ər qızımdır.
Ulu öndər Heydərim,
Müzəffər İlhamımdır,
O tay, bu taylı torpaq
Əzəl yurdum, yuvamdır.
Vətən bütövlük andım,
Damarda qızıl qandır.
Vətən mənim kimliyim,
Vətən cahan pasportum.
Bütövləşsə Turandır,
Vətən AZƏRBAYCANDIR!
QAZİLƏR
İkinci Qarabağ müharibəsi qazilərinə.
Vətən sənin şərəfinə,
Yarı candı bu qazilər.
Şəhid verib, qan tökənlər,
Bir cahandı bu qazilər.
Torpağına, əl əkdilər,
Ayaq əkib, sədd çəkdilər.
Nəsimilər, Babəkdilər,
Sipər - candı bu qazilər.
Bir qaş olub çatıldılar,
Ər döyüşə qatıldılar.
Vətən qeyrətli oğullar,
Xoşbəxt andı bu qazilər.
Cəsur desən cəsurdular,
Mərd döyüşdə dik durdular.
Düşmənə qan uddurdular,
Qisas -qandı bu qazilər.
Torpağında, daşında qan,
Bayrağının başında qan.
Zəfərində Azərbaycan,
Bir imzadı bu qazilər.
YERLƏ GÖY ÜLFƏTİ
Üfüqdə saçılan Günəş üzündə,
Yuxulu sabahın dan ulduzları.
Araz vadisində, Şərur düzündə
Yerlə göy ülfəti, sabah açarı.
Sarıdaş dağların cənnət guşəsi,
Bu yer bucağında Nuhun sirri var.
Ağrıdan o yana qardaş ölkəsi,
Göy türkün tarixdə nişanəsi var.
Türkün arxasında bir dağ gövdəsi,
Birlik bu torpaqda vüsət alıbdı.
Doğma vətənimdi ərlər ölkəsi,
Babək, Xətaidən miras qalıbdı.
Ümid, nicatımız bu elə bağlı,
Bu eldən boy atıb, çıxan qənimət.
Keçdi son sınaqdan, ağlı-qaralı,
Yenə qəhrəmandı, yenə, bu millət.
ŞƏNÜZLÜ ŞUŞAM
Şuşanın 270 illik yubileyinə.
Qarabağ, nə gözəl səslənir adın.
Şeir, musiqidir ahəngdarlığın.
Yaşıl qiyafəli uca dağların
Olub vücudunda zər boyunbağın.
Gözəllik butası, Şuşaya bir bax,
Şah tacım, ağatlı xəyallarımdı.
Kim onu vəsf edib Vaqifdən qabaq,
O durna telləri qanadlarımdı.
Necə dirilməsin Pənahəli xan,
Bu dilbər guşənin xoşbəxt gününə.
Ruhu keşik çəkir əli çıraqlı,
Topxana meşəsi, Cıdır düzünə.
Səngərdən başlayır vətən sərhədi,
Hər əsgər vətənin qeyrət rəmzidir.
Qovdu torpağından murdar itləri,
Mənim od püskürən nər igidlərim.
Çəkildi üzündən Natəvan qəmi,
Dağıldı gözündən kədərin şehi.
Başladı Cıdırda toy-büsat dəmi,
Əsir Üzeyirimin nəğməli mehi.
Qürur, qeyrətinə arxalandığım,
Məğrur dalğalanır, qoşa bayraqlar.
Şanlı tariximə bir dastan yazan,
Zəfərə sancılan, yaşa, bayraqlar!
Malımdan, mülkümdən mən əl çəkərəm,
Canımdan keçərəm vətənim üçün.
Müqəddəs saydığım Azərbaycanın
Təki bir hərfinə xələl gəlməsin!
KÖNLÜMÜN YURDU VƏTƏN
Əzəli və əbədi,
Qəlbimin odu, Vətən.
O müqəddəs Kəbədi,
Könlümün yurdu, Vətən.
Anam Azərbaycanım,
Odlu, alovlu diyar.
Qarabağım azaddır,
Şuşam indi bəxtiyar.
Alov-alov yanırsan,
Odlar yurdu deyirlər.
Qanadını açmısan
Bir qartaldır deyirlər.
İndi adım yazılıb,
Daşına, qayasına.
Qatdım vətən dadını
Mən torpaq mayasına.
Qalxıb Nuhun yurdundan
Seyr edirəm hüsnünə,
Doymuram mən baxmaqdan
Bayraq gözəlliyinə.
Çağla, şeriyyətimin
Qaynar bulağı, çağla.
Əbədi hürriyyətin,
Azad bucağı, çağla.
Yaşa, Azərbaycanım
Səninlədir bu millət,
Səninlədir gələcək
Gedib-gəldikcə nəfəs!
Döyündükcə bu ürək
Könlüm Vətən deyəcək!
Dilim Vətən deyəcək!
Ünüm Vətən deyəcək!
AZƏRBAYCAN
Açsa qartal qanadları,
Zirvələrin vüqarıdır.
Öyünməli övladları,
Zəkalıdır, dühalıdır.
Torpağında şəhid canın,
Bayrağında şəhid qanı.
Heydər oğlu, bir İlhamın,
Lərzə saldı, bu cahanı.
O çevirdi bu diyarı,
Müzəffərlər oylağına.
Qərq eylədi, bu torpağı,
Heydər baba çırağına.
Cıdır, təzələdi cəngi,
Lərzə gəldi bütün cahan.
Azadlığın od pələngi,
Baş komandan, Azərbaycan!
Parlaq oldu günəş kimi,
Dəmir yumruq, zəfər yolun.
Vətən adlı bir anadan,
Vətən doğdu, vətən oğlun.
Azərbaycan, Azərbaycan!
BAŞ KOMANDAN, MİLLİ ORDU
Qartalların vurur halay,
Dağda-daşda bir samuray.
Düşmən salıb imdad, haray,
Baş komandan, Milli Ordu”
Bayraq uca, uğur zəfər,
Qələbədi yürüş, səfər.
O müzəffər, bu müzəffər,
Baş komandan, Milli Ordu.
Kürsülərdə bir söz deyir,
Ulu türküm qoşa gedir.
Dərbənd, Təbriz alqış deyir,
Baş komandan, Milli Ordu.
Günəş odu, atəş odu,
Göy oğludu, qürurludu.
Bu torpağı o qorudu,
Baş Komandan, Milli Ordu.
SALAM OLSUN
Yunis Əmrə sayağı.
Turan eli, türk yurdunu,
Quranlara salam olsun!
Türkəm deyib bir nöqtəyə,
Vuranlara salam olsun!
Biz hürr deyən Hürriyətik,
Yeddi qoldan türk millətik.
Qırx üç sayda bir külfətik,
Urvatlara salam olsun!
Fırlandıqca yer kürəsi,
Dəyişməzdir türkün səsi.
Altı müstəqil ölkəsi,
Quranlara salam olsun!
Tükü ürpədən dünyada,
Şəri ürküdən dünyada.
Türkü türk edən dünyada,
Oğuzlara salam olsun!
O göylərdən endi türküm,
Düşmənini endi türküm.
Bildirdi kim kimdi türküm,
Turanlara salam olsun!
Əli Məhəmmədsə adım,
Təsadüfdən doğulmadım.
“Qurani-Kərim” kitabım,
Dualara salam olsun!
TƏBRİZ
Gəl, çöz sinəmdəki tikanlı teli,
Dönüb sarı simin mən olum, Təbriz.
Yedim ürəyimi düz iki əsr,
Üzüldüm möhnətdən mən ölüm, Təbriz.
Ürəyim söz dolu, dilimə gəlmir,
Gedən durnalardan yoxdur səs-səmir.
Bu hicran, bu həsrət bağrımı kəsir,
Tükəndim möhnətdən , mən ölüm, Təbriz.
Ağrıdağ boylanıb boyunu ötür,
Savalan Şəhriyar dilində ötür.
Sinəmdən körpü çək Araza xətir,
Keçim o körpüdən, mən ölüm, Təbriz.
Ayrılıq qoymadı xoş gün görməyə,
Qardaş izn alır qardaş görməyə.
Oğrun boylanmaqdan döndüm körpəyə,
Belə rəzalətdən mən ölüm, Təbriz.
Nə vaxt ki çılğınsan, o vaxt dəlisən,
Babam Xətainin öz vətənisən.
Xoylu Alməmmədəm, qəribsəmişəm,
Qurtar bu həsrətdən, mən ölüm, Təbriz.
ARAZDA BATAN GÜNƏŞ
Arazın ortasında
Günəş batır axşamlar.
Hərdən Ayda dolanıb
Gəlib burda axşamlar.
Yayır şəfəq saçını
Durna gözlü sulara.
Çapır kəhər atını
Sarvandı buludlara.
Pərvazlanıb məşriqdən
Məğribə doğru gedir.
Beş şərtlə şüaları
Pislikləri pak edir.
Cahan boyda bir atəş
Dəryalar qucağında.
Araz necə yanarmış
Günəşin ocağında.
Qürub etməmiş axır
Azan vaxtı Araza.
Bəlkə qüsl eyləyir
Qalxsın Ayla namaza.
Həqiqətin vücudu
Əyilməzdi binadan.
Şəriətin hüququ
Endirilib səmadan.
Günəş batdı Arazda,
Zülmət boğuldu suda.
Günəşin od-alovu
Sanki şəfəqdə buta.
BATA YA İTƏ
Pay verən payını gətirsə dilə,
O paydan pay çıxmaz, olar bir fitrə.
Kimsə dost sirrini faş etsə elə,
Yaxşıdı dəryada bata ya itə.
Ataya övladdan nəvədir şirin,
Varda, dövlətdə də dəvədi şirin.
Adama qalacaq yaxşılıq bilin,
Çətin ki həyatda bata ya itə.
Alməmməd, gün gələr haqq tutar yerin,
Şəninə şam qatar qürbət can evin.
Çiynində gedərsən elin, sən sevin.
Paxıllar dünyada bata ya itə.
DAĞLAR
Dəryatək dərindi, sirri-pünhandı,
Dünyanın çatılmaz qaşıdır dağlar.
Ləldən-cəvahirdən libas geyməyib,
Mənliyin vüqarı, tacıdır dağlar.
Başı bulud dolu, döşü çən dolu,
Bulaqlı yerləri göy çəmən dolu,
Cənnət guşəsidir gül-süsən dolu,
Dağüstü düzənlik, yaylaqdır dağlar.
Gədiyə çəkilib kimdən qorunsan,
Qəmdən alov tutsan, atəşdə yansan.
Arxadı, inan ki, ona dayansan,
Yoldaşdı, qardaşdı, sirdaşdı dağlar.
İllərdi ərimir zirvəsində qar,
Vəfamı yaradıb qara etibar.
Qəm, qüssə, kədərdi ərisə qarlar,
Dərdlərin qalanan daşıdı dağlar.
Daşların tarixi yurd nişanəsi,
O qaplan qayalar daş sərdabəsi.
Bilinsə keçmişi sirdi hərəsi,
Deməyin Alməmməd naşıdı, dağlar.
A DAĞLAR
Səhər-səhər şeh gəlməmiş qaşına,
Uşaq ikən çox dırmandıq başına.
Baş hərflər hərə yazdı daşına,
Dedik; - bu sirr səndə qalsın, a dağlar.
Çox səksəndik neçəsinin səsinə,
Fələyin qələmi yazdı tərsinə.
Sənsiz bel bağlamam mən özgəsinə,
Kim məni arxalı sansın, a dağlar.
Qürbətdə qaldığım illər içində,
Bir arxa görmədim əllər içində.
Xar oldum vətənsiz ellər içində.
Sənsiz o günlərim yansın, a dağlar.
Nədən ayrı düşdük süfrə başından,
Məftillər ərimir gözün yaşından.
Ölürsəm Arazın bülöv daşından,
İzinsə başdaşım olsun, a dağlar.
Qocalmışam darlıq var nəfəsimdə,
Zirvələrim bulud qiyafəsində.
Alməmmədin səndə qalan səsində,
Dostlarım bir xəbər alsın, a dağlar.
(Naxçıvan)