Adilə Nəzərin  ŞEİRLƏRİ

Ədəbiyyat 08:49 / 01.02.2025 Baxış sayı: 2241

İLAHİ

Alıb qanadlarına həzin bir titrəyişlə,

Məni gətirdi yollar... sankı yaz yuxusuydu.

Yaradıcı dedilər buralarda adıma,

Bu, səndən nələrisə öyrənmək arzusuydu.

 

Nə dedimsə, bilirsən, səndən gəldi, İlahi,

Dediyim duyduğumun bir anlıq ifşasıydı.

Bir fəhmin işığıydı – gəldi qeyri-iradi,

Sənin yaratdığına heyrətin nidasıydı.

 

Bilmədim ki, nə oldu, necə oldu, yazaraq

Qübarlanıb hər sözə sərin-sərin əsməyim.

Çiçəklərin, güllərin dilləriylə susaraq

Misralar arasında gizlənmək istəməyim.

 

Əhvalıma baxmadı köksümdəki qərib quş,

Ötdü istədiyi vaxt, məni saldı zindana.

Nələr çəkdi bu yazıq, ağrılı, talesiz baş,

Qələmini qılınctək çevirəndə nadana...

 

Bu da qismətdir yəqin, sığındım kölgəsinə,

Həyat hər anlamıyla qaralıdır-ağlıdır.

Gələndə bu cırtdanlar, bu divlər ölkəsinə,

Bilirdim ki, yaşamaq ancaq səbrə bağlıdır.

 

Ta əzəldən belədir Adəm oğlunun halı,

Adilə, gözlə görək, yaxşı olar hasilim.

Mənə, səbr etməyə qələm verdin, İlahi,

Verdin ki, həm özümü, həm Səni yaza bilim.

              ***

Yerlə göyün arasında yol gedirəm

bir mənzilə gecə-gündüz.

Var olmaq üçün ölürəm

zərrə-zərrə, ulduz-ulduz...

***

Arada bir ilhamlanıb

can verirəm hərflərə -

qalan olsun...

EŞQə açdım qollarımı

yalan deyən yalan olsun...

Ağ kağızın üzərinə

qara ləkə salanadək

canımın canı üzülür.

İlhamım atır yuxarı –

iki sərtə düşənədək

qəlbimin qanı süzülür..

Danışıram qaşla-gözlə,

bir baxışla, iki əllə,

dinlə, susuram min dillə..

elə xoşbəxt oluram ki,

dindirəndə bircə güllə..

 

Mən ki, buralı deyiləm,

ayağım ilişib dünyaya...

Götür məni at Günəşə,

tulla Aya.

Şeir yazıb,

söz satıram bir alqışa –

onu da bir əl tozuna

alan ola, ya olmaya.