Adilə Nəzər : - AĞRI DAĞI

Ədəbiyyat 11:18 / 13.07.2025 Baxış sayı: 1012

 

Gələm ətəyində səcdəyə duram,

Başının qarından ilham aldığım.

Səndən əsən külək ruhumu oxşar,

Şəfa qaynağımsan, ey Ağrı dağım.

 

Çiçək ətirlidir qanlı torpağın,

Söz tapmam axtarsam özəlliyinə,

Zirvənə yenidən qonan bayrağım,

Gözəllik qatıbdır gözəlliyinə.

 

Mən səndən ayrılmam, ey dağlar şahı,

Dırnağı ayırmaq olmaz ki, ətdən.

Əlavə söhbətə nə gərək, axı,

Sən mənim olmusan elə xilqətdən.

 

Parat, Ərgör qalxdı zirvənə, Ağrı,

Səni dost görməyən deyildir sənin.

Qoy görüb yarılsın düşmənin bağrı,

Sonuncu səyyahın Adildir* sənin.

 

Səndə qərar tutdu Nuhun gəmisi,

Özün mübarəksən, adın mübarək!

Ulduzun, Günəşin, Ayın zəmisi,

Yerlərə dayaqsan, göylərə dirək.

 

Nələr yaşayıbsan, nələr aşıbsan,

Vəsfini bülbültək ötmək istərəm.

Taclanıb buludla qoşalaşıbsan,

Şahım, ətəyindən öpmək istərəm.

 

* Ağrı dağına son dəfə qalxan türk millət vəkili Adil Aliyev dir.

 12.07.2024