Qəşəm İsabəyli : - XANIM BƏRBƏRİ  ATASIZLIQDAN NECƏ XİLAS ELƏDİM

YAZARLAR 13:59 / 10.06.2025 Baxış sayı: 1686

 

                                                                     (hekayə)

Qələm dostum şair Oqtay Sultan Pirşağılı Feys­buk­­da “877 ildən sonra bir-birini tapan yeznə-qayın” heka­yəmi oxuyub, başına gələn bir əhvalatın qısa xü­la­səsini ya­zıb yol­lamışdı mənə. Eləmədim tənbəllik, öz-özümə de­dim, bundan da yaxşı bir he­ka­yə çıxar.

–1976-cı ildə Moskvada – İzmaylov Tu­rizm Kom­plek­sində dincə­lir­dim. – Oqtay müəllim ya­zır­dı. – Bir gün bərbərxanaya get­dim. Ayağımı içəri qoy­ma­ğımla yer-yerdən ağ xalatlı mələklər, bərbər qız­ları deyirəm, əziz ada­mını görmüş kimi əllərini mənə tərəf uzadıb, xor­la eh­ti­ram göstər­mə­yə baş­­la­dılar:

–Buyurun bura, cavan oğlan, buyurun bura!

Mən də Bakılı balasıyam axı, hər çağırışa getsəydim, indi görəsən hansı dərədə qalmışdım! Bu yandan da hər adamla da yola çıx­mağa ürək eləyən deyiləm. Bu­rada “yol”­u “vaxt”la əvəz eləsəm, fikrim yerinə düşər, axı bir xeyli vaxt bər­bərin qarşısında oturma­lı ola­caqdım. Odur ki, baş­ladım, qızları, farslar demişkən, sərfi-nəzər eləməyə, yəni gözdən keçirt­məyə. Kəşviyyatçı nəzərlərimi ani də olsa hər birinin sifətində sax­layır, sonra başlayırdım o biri­nə bax­mağa. Bu hərəkətim daha yaşlı bir xanım bərbərin xoşu­na gəl­mə­di:

–Cavan oğlan, sənə ərə getmək üçün dəvət eləmirik ey, ya­nımıza! Bilirsən onu?!

–Xanım, nəyi də bilməmiş olsam, onu yaxşı bilirəm ki, bu­ra evlənməyə gəl­mə­­mişəm.

–Bəs alıcı gözüylə niyə baxırsan bizə?

–Bir saatlıq yoldaş gəzirəm özümə.

Qızlar bir-birinə baxıb, bir şaqqıldadılar, bir qaqqıl­da­dılar, gəl görəsən.

Amma yaşlı qadının dodaqları da qaçmadı:

–Ünvanı səhv salmısan, cavan oğlan!

–Niyə ki?!

–Bura sizdən ötrü İran deyil, Moskvadır, Böyük Ru­si­yanın pay­taxtı Moskva! Buyurub gəldiyin yer də hərəm­xa­na deyil, bərbər­xa­nadı. Burda qız seçməyirlər, baş qırx­dı­rırlar!

–Xanım, əmin eləyim ki, sizi, mən də hara gəl­di­yimi yaxşı bilirəm. Səhv fikrə düş­məyin. Baş qırx­dırmaq sadəcə adamın saç-bir­çəyini səliqə-sahmana salmaqdan ibarət de­yil, həm də vaxt itir­mək­di, vaxt – azı bir saat...

Sözüm ağzımda qaldı – bu dəfə yaşlı qadının da qı­rışığı açıldı – qız­la­ra qoşulub, bayaqkından da bərk gül­üş­dü­lər:

–Eləsə, etirazımız yoxdu, buyur, seç bizi, görək necə seçirsən!

Bir qızın simasında nəsə doğma cizkilər gör­düm. As­ta­ca keçib oturdum onun qarşı­sın­da.

–Xoş gəlmisiniz!

–Xoş gününüzə gəlmişəm, xanım! – Dedim.

Başladı üzümü sabunlayıb, qırxmağa.

Gözüm güzgüdə qalmışdı. Həm qızın gözəlli­yinə ta­maşa eləyirdim, həm də qorxa-qorxa ülgücə baxırdım. Xanım ülgücü üst dodağıma tərəf sürüşdürəndə, birdən bığımın sağ tərəfindən, yalançılar sözü – bir çəngə tük gö­tür­dü:

–Oh... – elədim.

–Bağışlayın, bığınızın bir tərəfinə girdim.

–Daha nəyi bağışlayım, deyin, sizi kişilikdən saldım da.

–O nə deməkdi, cavan oğlan?

–Şərqdə bığsız kişiyə kişi nəzəriylə baxmırlar, açığı deyirlər, qadının bığı olmaz.

–Azca bığı­nı­zın sağ tərəfi sol tərəfindən qısa alınıb. Əlimdə deyil?! Sol tərəfin­dən də o bə­ra­bərdə götürərəm, sizin də kişiliyinizə ziyan dəyməz...

–Sonra da oxşadarsınız məni Hitlerə. Hökumətiniz də elə bilər, Hitlerçiyəm, tutub basar dama!

–Niyə Hitlerçi?!

–Onun bığına oxşayacaq da bığım. Belə yara­maz, xa­nım, qır­xın dibindən.

–Nə qədər burdasınız?!

–12 gün.

–12 gün bir dünyalıq vaxtdı. İnşallah, iki bu qədər tük gə­ti­rəcək bığınız, dərd elə­məyin özünüzə, cavan oğlan!

–Təki Azərbaycana bığsız qayıtmayım! Allah üzü­nüzə ba­xıb Bakıda bərbər işləməmisiniz. Belə səhfə görə bığ sahibi güllələyrdi sizi!

–Ah... necə?! – Bərbər xanım əlini saxlayıb, geri çə­kil­di və ilk dəfə görürmüş kimi gözlərini zillədi üzümə. – Siz Bakılısınız?!

–Özü də köklü-köməcli!

–Türksünüz, deməli?

–Azərbaycan türküyəm!

–Qohumuq ki!

–Nə mənada?

–Mənim də yarım türkdü!

–Həyat yoldaşınız?

–Xeyr, yarı türkəm!

Bu dəfə də mən heyrətlə başımı geri atıb, gözlərimi zillədim xanıma:

–Zarafat eləyirsiniz?!

–Zarafat niyə?! Xəbəriniz olsun, mən sizinlə əmiqızı-əmioğlu sayılırıq!

–Adınız nədi?

–Sveta.

–Bakıda “Sveta” adı türk, erməni, yəhudi qızları ara­sın­da məşhurdu.

–Mənim anam erməniydi – Vartanuş idi adı, atam da Azərbaycan türkü – Məm­məd.

–Qəribədi, mən qızların arasında seçim eləyəndə, bildinizmi niyə sizin üstünüzdə dayandım?!

–Əlbəttə... bilmədim!

–Sizin sima­nızda gözümə doğma cizgilər dəydi.

–Əmioğlu, bu sözlər nə qədər xoş olsa da, am­ma si­nəm­də böyük bir ağrı var!

–Nə olub ki, sizə, maşallah?!

–Burda iş yoldaşlarım elə bilir... mən qeyri-qanuni do­­ğulmuşam anadan. Hal­bu ki, atam Məmməd mağaza müdiri olub Bakıda. Bilirsiniz da, mağaza müdiri nə de­mək­di! Əli pulla oynayıb. Anam da bə­ləd­çisiymiş Mos­kva-Bakı qatarında. Deyə bilər­si­niz, necə ta­nış olublar bəs? Atamla anamı Bakılı rus qadın Mariya, o da qatar bələd­çisiymiş, tanış eləyib. Hər şey taleyin əlin­dədi. Bə­zən bir-birini də­rin mə­həb­bətlə sevən oğlanla qız ilk ev­lilikdən çox keçmə­miş, bir-birindən soyu­yur. Am­ma atamla anamı qar­şılıqlı məhəb­bət ya­şadırdı. Baxırdım ki, anam hər Ba­kı­ya gedib, qayı­danda, bir neçə gün özünə gələ bilmir – fikir elə­yir, da­rı­xır. İndi dərk eləyirəm ki, mə­həb­bət insanlara özünü belə unutdura bilirmiş hət­ta! Atam türk, anam er­məni... Mən sizin nəzərinizdə vahid görünsəm də, vahid­liyim yoxdu, sadəcə bölün­məzəm.

–Sveta, siz lap böyük şair Nəsimi kimi mühakimə yürüdürsü­nüz: “Məndə sığar iki cahan...”

–Necə də gözəl deyib! Elə məndə də iki cahan sığıb – türk cahanı, erməni cahanı. Gəl ayır onları bir-birindən, gö­rüm necə ayırırsan?!

–Əmiqızı, özünüzü hansı millətin nümayəndəsi sa­yır­sınız – türk, yoxsa ermə­ni?!

–Bir toxumu ki, basdırırlar torpağa, Günəş, su, hava həmin toxumu yetişdirib bara çevirir. Adına ki, “torpaq”, “hava”, “su” və ya “Günəş” deyilmir. Sadəcə toxumun adıy­la ad­landırırlar. Bu mövqedən yanaşanda, mən də iki müx­təlif millətin – türklə erməninin vəh­də­tindən yaranmı­şam. İndi mən kim olmalıyam? Əgər özümə “erməni”yəm de­səm, onda soruşarlar “eləsə sən kimin belindən gəlmi­sən?! “Türk”əm desəm, yenə də haqlı olaraq – sən ki­min bətnində yatmısan?!” deyərlər. Əslində mən kiməm? Sa­də­cə bəşər öv­la­dının ilk varlığı – in­san. Deməli, məhəbbət milli mənsu­b­luqdan çıxıb, bəşəri dəyər olur. Belə ol­ma­saydı, gərək mən “türk-erməni” çağı­rı­laydım. Bu adda millət yoxdu axı! Bayaq onu deyirdim – anam hər Bakıya gedib, qayı­dandan sonra bir neçə gün özünə gələ bilmirdi – fikir eləyirdi. “Nə olub, ay ana, atamla təzə gö­rüş­müsünüz ki?!” – De­yərdim.

–Qızım, atanla aramızda böyük məhəbbət olsa da, haçansa bö­yük də ayrılığın olacağı məni rahat qoymur! Axı biz qovuşa bilmirik, budur mənim dərdim! Amma ye­nə də Allaha şükr edirəm ki, Məm­mədlə məni birləşdirən bu bö­yük məhəbbət yadi­garsız qalmayıb. Sən bizim ortaq ta­le­yimiz olmusan, Sveta!!

Bir dəfə anamdan soruşdum:

–Nə yaxşı öz millətindən olan erməniyə ərə getmə­din, ana, atamı seçdin?

–Bala, bu da Allahın qismətiymiş! Bir də bu, ilk hadisə deyil ki, mənim başıma gəlir. Minlərlə erməni qızı türkə ərə gedib, xoşbəxt yaşayırlar. Elə türk qızları da var ki, həyat yoldaşı ermə­nidi. Qafqazda xrisitian-müsəlman millətləri arasında bir-birinə yaxın olan da erməniylə Azərbaycan türküdür. Onu da bil ki, hansısa Türk Sultanının da anası erməni olub. Nə qəbahət iş varmış ki, burda?!

–Sveta, – dedim, – amma indi, bir ermənini təhqir elə­mək istəyirsənsə ona “ay türk oğlu türk!” deməyin bəs­di. Elə türkə də... “sən er­mənisən!” deməklə onun qəlbinə yara vurmuş olur­san. İki millətin arasına dava-qırğın toxumu səp­məklə, gö­rün, yad millət necə düş­mən­çilik yaradıb.

–Oqtay, anam da, atam da bunu yaxşı bilirdi. Amma gö­rün hansı məhəbbətlə sevirdilər bir-birini! Bəs iki millət arasında bu nə düşmən­çilik­di?! Təəssüf ki, ha­mı düşməni tanıyır, amma heç kim də demir ki: “Odur düşmə­ni­miz!”.

–Sveta, necə demək olar?! Düşmən məkrli, kinli, inti­qam­çıdı axı! Mərd deyil, namərddi! Ona görə də hamı qorxur onun adını çək­məyə!

–Heç nə demirəm, lənət gəlsin onu!

–Atanız yadınıza gəlirmi heç?

–Necə gəlmir?! Tez-tez Bakıdan Moskvaya məni gör­mə­yə gəlirdi. Ölürdüm sevincim­dən! 7 ya­şın içindəy­dim, hər şeyi başa düşür­düm. Bir gün də anam qanı qara qayıtdı Bakıdan.

–Nə olub, ana, atamla savaşmısan, nədi?!

–Kaş savaşaydım, qızım!

–Nə demək istəyirsən?!

Əvvəllər heç nə demək istəmirdi anam. Məktəbdən qayıdanda görürdüm ki, ağlayıb.

–Ay ana, sənə nə olub axı?!

–Heç... bala!

Təkrar Bakıya gedib qa­yı­dandan sonra:

–Bəs atanı həbs ediblər, – dedi.

–Niyə həbs ediblər, atamı?!

–Nə bilim, ay bala?!

Baxırdım ki, anam im­kan tapan kimi Bakıya gedir, atam üçün ərzaq, pal-paltar apa­rıb verirdi Mariya xalaya. Azı bir il anam Bakı­ya gedib-gəldi. Bir gün də sifəti qap-qara qaralmış halda qayıtdı evi­mizə.

–Ana, atamı görə bildin?

Anam hönkürüb, yanıqlı-yanıqlı ağladı. Sonra içini çəkə-çəkə gözlərinin yaşını silib, məni bağrına basdı:

–Qızım, artıq atan yoxdu!

–Necə yoxdu, ana?!

–Atan həbsxanada rəhmətə gedib. Özü də 3 ay bun­dan qa­baq.

–Bəs axı pay aparırdın atama?

–Demə, Mariya son aylar aldadırmış məni, Məm­mə­din öldüyünü deyə bilmirmiş.

Atamın ölümüylə anamın Bakıdan birdəfəlik ayağı kəsildi. Deyirdi, ürəyim gəlmir Bakı tərəfə baxma­ğa da, qı­zım. Orda atanın canı yox, nəfəsi yox, qəbri var ancaq! Elə istəyirəm gedib qəbrini görüm, qorxuram.

–Niyə qorxursan, ana, gedək, məni də apar?!

–Qorxuram ürəyim part­laya, sən də qalasan başsız!

Svetanın bu söhbəti mənə bərk təsir elədi. Onun dər­dinə şərik olmaq xatirinə dedim:

–Siz dediniz, bəzi məsələlər yadıma düşdü. Hətta Məmməd əmini tanıyırdım.

–Necə tanıyırdınız?

–Əvvəllər görmüşdüm, tutulandan sonra qəzetlər də yazmışdı onun həbsi barədə.

–Doğrudan?!

–Hətta atamla tanışlığı da vardı rəhmətliyin.

Sveta əlini saxlayıb diqqətlə ağzımdan çıxan sölərə baxırdı:

–Deməli, mənim atam Məmmədi tanıyırdınız?

–Əlbəttə. Bizdə foto-şəkli də olmalıdı hətta!

–Nə danışırsan, əmoğlu?! Allah sizdən razı ol­sun, Bakıya qayıdan kimi şəkli göndərərsiniz mənə!

Soruşa bilərsiniz, bu inam hardan idi məndə, belə ümid­­­lə danışırdım? İnanın, ürəyim deyirdi bu sözləri. Er­kən atadan yetim qalmış bu xanımın atasızlıq dərdinə tə­səlli ol­maq istə­yir­dim.

–Doğrudu, atamla anamın nikahı yox idi. Bu eyib­di bəyəm?! Avropada, Amerikada miyonlarla ailə nikahsız yaşamır məgər?! Am­ma bizdə... hələ də mənə bic kimi ba­xır yoldaşlarım. Halbu ki, çoxunun atası üz qaralığıdı – əy­yaşdı, avaradı. Allah sizi şahid gön­də­rib­ mənə. – Birdən Sveta qızlara tərəf çevrilib, az qala çı­ğır­dı. –Ay qızlar, ay qızlar, bura gəlin, bura gəlin!

–Nə olub, ay Sveta, olmaya cavan oğlan çim­dik­ləyib səni?!

–Çimdik nədi, xainlər, əmim oğludur, ey!

Bir anda bərbər qızlar başımıza yığışdı:

–Doğrudan əmin oğludu?!

–Vallah. İnanırdım ki, Allah məni ümidsiz qoy­mayacaq. Əmim oğlu özü öz ayağıyla gəlib çıxıb yanıma! Yox­sa ha­zır­laşırdım gedim Bakıya, atamın qohumlarını tapıb, sizin qınağı­nız­dan canımı qurtarım!

Mənə Svetanın sevinci necə təsir elədisə, öz-özü­­mə dedim, bunu xəcalətdən qurtarsam Allaha xoş ge­dər. Odur ki, səsimə sevinc notları qatdım:

–Mən hər Moskvaya gələndə Məmməd əmi deyirdi, orda qızım var. Mən də gəlirdim, amma... Şükr ki, indi tap­dım sizi!

12 gün Moskvada qaldım, 3 dəfə Sveta saçımı səli­qə­yə salıb, üzümü tə­raş elədi. Gəl ki, nə illah elədim, bir qəpik də götürmədi məndən.

***

Bakıya qayıdandan sonra bu əhvalatı atama danış­dım.

–Ah... yadıma düşdü. – Atam dedi. – Bilirsən ki, mən də son illər qatar bə­ləd­çisi idim.Vartanuşu da yaxşı tanıyır­dım, Mariyanı da, hətta Məmmədi də. Yadımdadı, Məm­məd tu­tulub, yarım ildən sonra həbsxanada vərəmdən rəhmətə ge­dəndə, Mariya deyirdi, yaman pis vəziyyətə düş­­­­mü­şəm. Bilmirəm Məmmədin ölüm xəbəri­ni Vartanu­şa ne­cə verim. Gərək ki, 2-3 ay sonra dedi. Ona qədər, gü­man ki, Vartanuşun gətirdiyi ərzağı, pal-paltarı özü həzmi-rabe­dən[1] ke­çir­dirmiş. Bala, dur o foto-albomu gətir bura.

Atam foto-şəkilləri bir-bir seçib ayırmağa başladı. Köh­nə bir foto-şəkli gözünə yaxın tutub, sonra mənə uzat­dı:

–Oqtay, bax, bu Vartanuşdu, bu da Məmməd!

–İlahi! – Heyrətə gəldim.

–Nə oldu, bala?!

–Ay ata, bu Sveta, torpağı sanı yaşasın, lap atası Məm­­məd kişiylə sanki bir almadı – yarı bölünüblər!

Səhəri günü foto-şəkli poçtla Mos­kva­ya – Svetaya yolladım.

01 -10.06.2025

[1] Həzmi-rabe – burda “basıb yemək” mənasında.

Bir 2 nəfər və sarı saç şəkili ola bilər