Əlizadə Nuri : - Səhrada  gül

Ədəbiyyat 09:11 / 13.06.2025 Baxış sayı: 1112

 

 

Sağ ol könül, başını dik tutmusan,

Yan-yörəndə biganələr dolaşır.

Bir gül açıb yaxasını bülbülə

Bu yaxada nə mənalar dolaşır...

Ney səsi var bu ahda, bu nalədə,

Ay da sirdi, nə varmış o halədə?

Şam da ölmüş... ətrafında hələ də

Sədaqətli pərvanələr dolaşır...

Baxtsıza bax, xəyalında baxt qurur,

O saat da hamı üçün vaxt qurub...

Məcnun eşqdən bir səhrada taxt qurub,

Min ildir ki, əfsanələr dolaşır...

Gün yox olub, rəngi qaçıb danın da,

Bir kölgəlik yer saxlarsan yanında.

Mən də yoxam, bu dünyanın canında

Məndən qalan nişanələr dolaşır...

Bir ağrıyam, yaralı quş səsində,

Göz yaşı var o quşun nəğməsində.

Hamı yatıb gecənin kölgəsində,

Hamı yatıb... divanələr dolaşır...