Aysel Xanlarqızı Səfərli : - Gecə keçib, qaranlıqda,

Gecə keçib, qaranlıqda,
kölgəmlə rəqs edirəm.
Otağımı zəncirləyib
özümə,
həbs edirəm.
Bu şəhər də məndən gedib,
Evim ünvansız qalıb.
Ömür saatdan yıxılıb,
Əqrəb zamansız qalıb.
Barmaqlarım yanağımda
Təkliyin həzin ifası.
Nəfəsim boşa üfürən
Bir yanıqlı tütək səsi.
Sən yalnızlıq gəmisinin,
Dərddən məmnun kapitanı.
Onsuz da üzə bilmirəm,
Batır dayazında məni.
Gecə keçib, qaranlıqda,
Ayrılıqla rəqs edirəm.
Sən hər zalım davrananda,
Bil, mən də səndən gedirəm.
2022