Ay Bəniz Əliyar : - Dünyada bir adam qalmayıb sevəm

Dünyada bir adam qalmayıb sevəm,
İndi sənə necə anladım bunu?
Bu eşqin, deyəsən, tək mən bilirəm,
Səninçün sonuncu eşq olduğunu?
İndi necə deyim, bu, sonuncu qəm,
Bu qəm bütün acı qəmlərdən uca.
Dünyanın sonuncu adamın sevən,
Deyəsən mən idim, mən zavallıca.
Yaxamdan düş, desəm, nə olacaq, nə?
Deməklə düzələn iş deyil bu iş.
Qorxuram, qayıdıb üzə dirənə,
Deyə ki, yaxamdan sən düş, özün düş.
İndi necə deyim, sus, sevmə, ürək,
Necə acizanə, necə ağrılı...
Eşq daha möcüzə göstərməyəcək,
Dünya yoxluğuna son səcdə qılıb.