Arzu Əsəd : - Yorulmadan, usanmadan, təkrar-təkrar demək lazımdır ki...

YAZARLAR 23:29 / 12.06.2025 Baxış sayı: 1325

Yorulmadan, usanmadan, təkrar-təkrar demək lazımdır ki, tarixi təftiş etmək olmaz, tarixi ittiham etmək olmaz! Mifik qəhrəmanlarımızla real tarixi şəxsiyyətlərimizi müqayisə etmək olmaz. Elə real tarixi qəhrəmanlarımız da var ki, onların gerçək həyatına miflər, əfsanələr də qarışıb. Bu da millətin ədəbi-tarixi sərvətidir. Millət onu məhz belə görmək istəyib. İngilis öz əfsanəvi Robin Qudunu da yaşadır, real tarixi sərkərdələrini, krallarını da, həyat və mübarizəsi əfsanələrə qarışmış Kral Arturunu da. Eləcə də, mədəni dünyanın bütün xalqları.

Təəssüf ki, içimizdə yerli-yersiz tarixə belə sağlam baxışı sovet dövrü ilə əlaqələndirib onu gözdən salmaq istəyənlər də var. Koroğlunu, Şah İsmayılı, Babəki, Qaçaq Nəbini... sovet hakimiyyəti uydurmayıb. Əksinə, onlar xalqın yaddaşında o qədər əlçatmaz dərinlikdə və möhtəşəm ucalıqda olublar ki, sovet hakimiyyəti də onların adlarından istifadə edib.

Tutaq ki, Şah İsmayıldan mövcud İran teokratik hökuməti istifadə edir. Bəs hər il yüz minlərlə, milyonlarla "azadlıq" çağıra-çağıra Babək adına Bəzz qalasına yürüş edən indiki İran hökumətinin əleyhdarları olan azərbaycanlı türkü niyə belə edir? Onlardamı sovet hakimiyyətinin təbliğinin qurbanlarıdır? Belə düşünmək absurd deyilmi?

Tutaq ki, sovet hakimiyyəti Koroğlunu Osmanlı paşalarına qarşı vuruşdugu üçün belə şişirdirdi, bəs Türkiyənin özundə, Orta Asiya türk qardaşlarımızın yaratdığı daha çox boylu, daha zəngin "Koroğlu" dastanının variantlarını nə edək? Siz indi nə demək istəyirsiniz? Türkün "bir gün azad yaşamaq qırx il qul kimi yaşamaqdan gözəldir" deyən Babək kimi azadlıq mücahidi, sosial ədalət uğrunda vuruşan Koroğlu kimi xalq qəhrəmanı ola bilməz? Bunu bizim üçün hansısa 70 illik sovetlər yarada bilərdi?

Elə isə niyə sovetlərin yaratdığı yüzlərlə, minlərlə inqilab qəhrəmanları, müharibə qəhrəmanları, əmək qəhrəmanları yaddaşlardan silinib getdilər, amma millətin mifik, tarixi qəhrəmanları silinib getmir. Nə qədər rasional, intellektual görünən təbliğat, təhrif və təftişlər olsa da. Ona görə ki, tarixə yalnız rasionallıq çərçivəsində baxmazlar. Tariximiz haqqında danışan bir çoxlarının tarix fəlsəfəsində mövcud olan müxtəlif axın və istiqamətlərdən xəbərləri yoxdur.

Onlar tarixi yalnız quru ağılçılıqla tədqiq və təqdim edirlər. Əlbəttə, bu istiqamətin daşıyıcıları hökmən olmalıdır. Təəssüf doğuran cəhət odur ki, bu istiqamətin daşıyıcısı cəmiyyət idarəçiliyində hər hansı bir mövqe tutduqda, bəziləri onun müəyyən kontekstdə, müəyyən diskursda düzgün dediyi fikirləri abardıb, şişirdib, az qala öz həyat kredolarına çevirib düşürlər tariximizin üstünə kəsib-doğramaga.

Buna "ayı xidməti" deyirlər. Belə "ayı xidməti" ilə çox incə yanaşma tələb edən tarixi dəyərləndirmələr etmək olmaz. Müasir elmi düşüncə tarixə yanaşmanın "ağılçılıq"la yanaşı bir çox istiqamətlərini təqdim edir. Bu istiqamətlərin kompleks və yaxud bir neçə kombinasiyalı yanaşmaları tətbiq olunmasa biz tariximiz, tarixi şəxsiyyətlərimiz haqqında düzgun qənaət əldə edə bilmərik.

Bu da gələcəyimizin təməllərini öz əlimizlə zədələmək deməkdir.