Bəhram Bilaloğlundan  ÜÇ ŞEİR

Ədəbiyyat 10:38 / 04.08.2024 Baxış sayı: 3207

                     

Dostlar

Ayrılanlar ayrı bilər,ayrılığın ayrısını!

Ayrılıq sözünə nöqtə qoydular,

Bizimlə yaşayan,tərk edən dostlar.

Saat əqrəbitək,saxlayıb ömrü,

Yollandı xəbərsiz,dərk edən dostlar.

 

Tanıdı dünyanı,anladı bizi.

İçində gizlətdi, yanan o, közü.

Ağrıdan əyildi,büküldü dizi.

Sürətlə yeriyən,bərk gedən dostlar.

 

İntizar hissini saxladı,getdi.

Barışdı taleylə,yel kimi ötdü.

Qəlbilə qəlbləri ram,aram etdi.

Ruhlardan inciyən,ərk güdən dostlar.

 

Əzəldən qaydalar dəyişməz oldu.

Baxarkən gedənə, çox gözlər doldu.

Məzarda tək, tənha bir dostum qaldı.

Qıldılar qeybətin, şirk bədən dostlar.

Düldül

Bir qələm yazmadığı,

Naməni yazdın, ey gözüm.

Düldülün gözündəki,

Fəryad edən, qəmə dözüm.

 

Kim dözər,naləsinə,

Dərk eləyər, eşqə çatar.

Arifin göz yaşı da,

İlahi eşqində yatar.

 

Necə çəkdinsə, gözüm,

Qəlbimi yardı, göz yaşı.

İçimi sızladacaq,

Qəsrilərdə bəla daşı.

 

            ***

Yollar da yoruldu ayaq izimdən,

İzimdə yolların ləpiri qaldı.

Ruhuma yad olan ruhlar əlindən,

Tərk etdim dünyanı, bir piri qaldı.

 

Əbədi həyata yolladı,getdim,

Arxamca göz yaşı,tökən adamlar.

Taleyin üzümə güldüyü vaxtda,

Qırdı ümidimi, sökən adamlar.

 

Guya,dərdlərimi anlamayıblar,

Bixəbər köçmüşəm, fani dünyadan.

Yaxın adamların yadlığı kimi,

İtəcəm aradan, ani dünyadan.