XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Ramiz GÖYÜŞ: - Mənə ürəyində yaz yeri saxla Taleh Həmid -70
Ədəbiyyat 11:32 / 19.06.2022
Bir neçə gündən sonra, iyun ayının 19-da unudulmaz şairimiz Taleh Həmidin 70 yaşı tamam olacaq. Çox təəssüf ki, ailə üzvləri, doğmaları, dostları, poeziyasevərlər şairin yubileyini onsuz keçirəcəklər. Yeri gəlmişkən onu qeyd etməyi lazım bilirəm ki, Taleh Həmidin fiziki yoxluğundan keçən 6 ildə onun doğum günü hər il diqqətəlayiq səviyyədə qeyd edilir. Bu illər ərzində onun haqqında məqalələr, xatirələr, esselər yazılmış, televiziya verilişləri, film çəkilmişdir. Şairin 65 illik yubileyi görkəmli ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Nizami Kino Mərkəzində yüksək səviyyədə qeyd edilmiş, yubiley tədbirində aktyorların və müğənnilərin ifasında şeirlər və şeirlərinə yazılmış mahnılar səsləndirilmiş, haqqında çəkilmiş sənədli film nümayiş etdirilmişdir. Təbii ki, bütün bunlar Taleh Həmidə bir dəyərli söz adamı, peşəkar jurnalist, mehriban dost və qayğıkeş bir insan kimi onun xidmətlərinə verilən hörmət və dəyərdən, həyat yoldaşı İradə xanımın, oğlu Cəlalın fədəkarlığından və bir də dostlarının ona olan diqqətindən irəli gəlirdi.
     Taleh Həmidi bir şair və jurnalist kimi 90-cı illərin əvvəllərindən tanıyırdım. Onun qardaşları ilə mənim qardaşlarım arasında mehriban dostluq münasibətləri var idi. Ancaq onunla yaxın tanışlığımız 2005-ci ildən, mən Bakı şəhərinə gələndən başlayır. Onda mən Binəqədi Rayon İcra Hakimiyyətində işləyirdim. Bir dəfə o, İcra Hakimiyyətinə gəlmişdi və biz köhnə dostlar kimi görüşdük. Ötənlərdən-keçənlərdən xeyli söhbət etdik. Söhbətimiz dərhal tutdu. Sonrakı illərdə tez-tez görüşürdük. Tanışlığımız dostluğa çevrildi. 2007-ci ildə nəfis tərtibatla çapdan çıxmış üçcildliyinin sevincini bölüşmək üçün mənim iş yerimə gəlmişdi. Üçcildliyin birinci cildində Taleh Həmidin şeirləri toplanmışdı. Kitab "Deyirəm nə yaxşı görüşə bildik” şeiri ilə başlayırdı. Kitabın birinci vərəqini açan kimi şeir diqqətimi çəkdi:
                                          Yeni coşan könlüm nəğmələr yazdı,
                                          Xəyallar içində dolaşdı, azdı,
                                          Bu gündən sabaha ümidlər azdı,
                                          Deyirəm nə yaxşı görüşə bildik.
              
                                          Nə qədər sənsizdim qırıq qanaddım,
                                          Uçdum səmaların dadını daddım,
                                          Sən bir addım atdın, mən də bir addım,
                                          Deyirəm nə yaxşı görüşə bildik.

        Yeddi bənddən ibarət şeiri axıra kimi oxudum. O da sanki ki, hansısa müəllifin şeiri kimi diqqətlə və heyranlıqla qulaq asdı. Sonra asta səslə dedi: 
-Deyəsən xoşunuza gəldi”? 
-Mənsə: "Elə bil bizim tanışlığımıza həsr olunub”- cavabını verdim. 

Şeirin son bəndi belə idi:
                                          Bir yaz yağışında yuyunduq getdik,
                                          Bulağın gözündə durulduq getdik,
                                          Sevindik, şadlandıq, uğunduq getdik,
                                          Deyirəm nə yaxşı görüşə bildik.

     Hər ikimizdə xoş bir ovqat yaranmışdı. Və biz şeirin xoş təəssüratı altında səmimiyyətlə xudahafizləşdik.
      İndi dostum Taleh Həmidin yoxluğundan ötən bu illərdə dəfələrlə bu şeiri təkrarlayaraq demişəm ki, nə yaxşı Taleh Həmidlə görüşə bilmişəm və nə yaxşı ki, onu tanımışam.
      Bir kiçik xatirəni də Taleh Həmidi sevən oxucularla bölüşmək istəyirəm.  2014-cü ildə şairin yeni - "Sənə məktublar yazıram” şeirlər toplusu nəşr olunmuşdu. Həmin kitaba toplanmış şeirlər barədə bir yazı üzərində işləyirdim. Yazı hazır olanda bu barədə şairə məlumat verdim. Məlumatı sakit qarşıladı və mənə dedi ki, "Azərbaycan” jurnalının 2014-cü il, 3-cü nömrəsində onun həmin kitaba daxil edilməyən şeirləri dərc edilib və tövsiyyə etdi ki, həmin şeirlərə də baxım. Mən həmin şeirləri taparaq oxudum. Şeirlərin sırasında "Ürək ağrımağın zamanı deyil” adlı şeir diqqətimi cəlb etdi. Şeir bu bəndlə başlayırdı:

                                         Hərdən gizli-gizli, hərdən aşikar,
                                         Sinəmi göynədən arzularım var.
                                         Bir ömrü isidib onu yaşadan,
                                         Neçə şirin-şirin duyğularım var.
                                         Qoy səni yormasın yollar, yoxuşlar,
                                         Ürək, ağrımağın zamanı deyil.

       Həmin vaxtlar doğrudan da Şairin ürəyi ağrıyırdı və müalicə alırdı. Əzizləri, doğmaları, dostları çalışırdı ki, maksimum dərəcədə onu qorusunlar. Şair isə öz dünyasında idi və ürəyinə müraciətlə deyirdi:

                                         Nə çəkmişik bilən onsuz biləcək,
                                         Ötən çox günləri ulduz biləcək,
                                         Dostlar kədərlənib, düşmən güləcək,
                                         Darıxma ürəyim, olanlar olar.
                                         Bir gün ağrımağın vaxtı gələcək,
                                         İndi ağrımağın zamanı deyil.

     Yazı çap olunandan sonra onu oxuyan şair məqalədən razı qaldığını bildirdi və mənə  dedi ki, düz tapmısan mən elə bu şeir barədə demək istəyirdim.
     Taleh Həmidin şeirlərinin mövzusu çox maraqlı və rəngarəndir. Onun poeziyası ilə tanış olduqca bu rəngarəngliyi duymağa başlayırsan. Hiss edirsən ki, o, mövzuları axtarmayıb, mövzu özü onu tapıb. 
     Taleh Həmidin dostlarına, doğmalarına, əzizlərinə ünvanlanmış şeirləri onlarladır. Bu şeirlər şairin güclü müşahidə qabiliyyətinin, insanı tanımaq duyumunun ifadəsidir, təkcə şeirin ünvanı olan insanda yox, ümumiyyətlə oxucuda güclü və xoş təəssürat yaratmaqla ümumilikdə fərdi yox, ümumiləşmiş obraza çevrilir.
     Mən bu yazıda şairin iki şeirindən nümunə gətirmək istərdim. Onlardan biri həyatdan çox erkən - 12 yaşında  köçmüş  qızı  Sevincə yazdığı şeirdir. Əslində bu şeir layladır, ağıdır, şairin içində boğulan hıçqırıqların poetik ifadəsidir:

                                    Bu gecə sübhədək uğuldadı yel,
                                    Əsdi tufan, yağdı qar.
                                    Ağ dona büründü cığırlar, yollar.
                                    Unutdum canımın azarını,
                                    Uzaqdan-uzağa köksümə sıxdım
                                    Sənin üşüyən məzarını.
                                    İsinə bildinmi qurbanın olum?

      Misal gətirmək istədiyim ikinci şeiri şair oğlu Cəlala ünvanlayıb. Şeiri oxuduqdan sonra belə nəticəyə gəlirsən ki, bu şeirdə şairin oğluna müraciəti əslində bütün ataların övladlarına ünvanladığı müraciət, nəsihətdir:

                                     Dünya mərdlik dünyasıdır bilginən,
                                     Ağac əkən öz barını dərəcək,
                                     Ağlayanın göz yaşını silginən,
                                     Tanrı bir gün əvəzini verəcək.
 
                                     Bilirəm ki, qoca dünya gididi,
                                     Çətin gündə hər dərdini mən alım.
                                     Sən atanın, sən ananın ümidi,
                                     Elə eylə, Cəlalım ol, Cəlalım.

İncə qəlbə, həssas duyuma və xarakterə malik olan Taleh Həmidin ən gözəl və kövrək şeirlərindən biri də "Üç bacım vardı” şeiridir. Şair dünyadan köçən üç bacısının xatirəsini ehtiramla yad edərək, ən ülvi hisslərlə ürəyindən keçənləri özünə məxsus orjinal ifadələrlə poetikləşdirir. Şeir oxucunu riqqətə gətirməklə onu şairin poetik ifadələrinə heyran qoyur:

                                     Üç bacım var idi-üç ulduz kimi,
                                     Yoluma-izimə nur saçardılar.
                                     Payızdan xəbərsiz, qışdan xəbərsiz,
                                     Ömrümün bağında gül açardılar.

                                     Sinəmin altında ürək göynədi,
                                     Hərəsi bir damla yaşa döndülər.
                                     Anlaya bilmədim bu həsrət nədir?
                                     Mənə "can” deyənlər daşa döndülər.

                                     İllər il dalınca gör nələr etdi!
                                     Ömrün nə bir taxtı, tacı qalmadı.
                                     Taleh, ölməyin də ləzzəti getdi,
                                     Səni ağlamağa bacı qalmadı...

 Bu kiçik yazıda mən Taleh müəllimin ömür-gün yoldaşı İradə xanım haqqında da fikirlərimi bölüşmək istərdim. Azərbaycanın görkəmli  ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığına nəzər salsaq görərik ki, onların ömür-gün yoldaşları təkcə həyat yoldaşı deyil, həm də ən yaxın köməkçiləri-ilk oxucuları, tənqidçiləri, rəyçiləri, korrektorları, redaktorları eyni zamanda ən yaxın sirdaşları qayğıkeşləri, həkimləri olmuş ömürlərini bu böyük şəxsiyyətlərin yolunda şam kimi əritmişlər. (Əslində düşünürəm ki, bu mövzu ayrıca bir araşdırmanın mövzusudur.)  Bu mənada Taleh Həmidin xanımı İradə müəlimə də istisna təşkil etmir. Bu ailəni yaxından tanıyan adam kimi bilirdim ki, İradə xanım Taleh müəllimin təkcə həyat yoldaşı kimi deyil, həm də bir ana, bacı və dost kimi qayğısına qalır. Yadımdadır, Taleh müəllim xəstə olanda İradə xanım onu yaşatmaq və omrünü uzatmaq üçün hər şeyə hazır idi. Xalq şairi, ağsaqqalımız Nəriman Həsənzadə danışır ki, Sara xanıma həsr etdiyi 

                                     Bir şair ömrünü girov qoymuşam,
                                     Bir qadın ömrünü yaşatmaq üçün  
şeirinə cavab kimi Sara xanım deyirmiş:
                                     Bir qadın ömrünü girov qoymuşam,
                                     Bir şair ömrünü yaşatmaq üçün.

İradə xanım da Taleh Həmidi yaşatmaq, onun ömrünü uzatmaq üçun ömrünü girov qoymuşdu. Taleh Həmid isə İradə xanımı özunə arxa-dayaq, ən yaxın sirdaş, dost bilirdi. Hələ 2002-ci ildə Moskvada xəstə yatarkən İradə xanıma həsr etdiyi "Sən varsan mənim yanımda” şeirində yazırdı:

                                   Xəyallar dolaşır, yuxular sərsəm,
                                   Səni gözləyirəm pəncərələrdən,
                                   Dodağında xoş söz, gözlərində nəm.
                                   İndicə qapını açıb girəcən.
  
                                   Desən də çətinlik yoxdur heç nədə,
                                   Axı ürəklər ki, başqa söz deyir.
                                   Həkimlər nə qədər əlləşsələr də,
                                   Sənin məhəbbətin mənə döz deyir.
 
         Taleh Həmid  yazın oğlan çağında–iyunun 19-da dünyaya gəlmişdi. Ən çox sevdiyi fəsil də yaz fəsli idi. Yaradıcılığında bahar fəslinə, ilin yaz çağına çoxsaylı şeirlər həsr eləmişdi. Özü də yaz xarakterli adam idi. Son dərəcə səmimi, sadə və həlim. Xeyirxahlıqdan yoğrulmuşdu. Yaxşılığı özünə peşə bilirdi. Yaxşılıq etməkdən ləzzət, zövq alırdı. Məkrdən, riyadan, söz-söhbətdən uzaq, saf, təmiz qəlbli bir insan idi:
                                      Bir payız səhəri çıxma qarşıma,
                                      Bir payız günündə ötmə yolumdan.
                                      Küləklər səmtinə çəkəndə məni,
                                      Amandı, amandı tutma qolumdan.

                                      Nə də üz çevirib dalımca ağla,
                                      Qayıda bilmərəm yaşını silim.
                                      Mənə ürəyində yaz yeri saxla.
                                      İstəsəm bir zaman cücərə bilim.

      Taleh Həmidi biz noyabrın 1-də çiskinli bir payız günü itirdik. Sanki öz taleyini bilirmiş Taleh Həmid. Lakin ömür-gün yoldaşı İradə xanımın, ciyər parası Cəlalın əzizlərinin, doğmalarının və dostlarının qəlbində, ürəyində Taleh Həmid üçün bir yaz yeri saxlanılıb. Hər il bahar gələndə Taleh Həmid də elə yaz kimi onu sevənlərin qəlbinə daxil olaraq yaşıl otlar kimi cücərəcəkdir.
      Ruhun şad olsun əziz dost, 70 illik yubileyin mübarək!

                                                                                                    Ramiz Göyüşov
                                                                                                     AYB-nin üzvü

2952 oxunub

InvestAZ