XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Qapaz və yumruq - İradə TUNCAY yazır
YAZARLAR 21:23 / 25.05.2022

Əslində siyasi mənzərə deyə bilərik. Və hər ölkəyə aid bir şey sayıla bilər. Kim güclüdüsə kənardakılara yumruq vurur, özünkünə qapaz... Yumruq indi populyardı – abidə də qoyuruq yumruğa... Qapaz haqqında da düşünməyin vaxtı çatıb. Qapaz olmadan yaşaya bilmirik. Yumruq xarici siyasətdi, qapaz daxili... Vaxt gələcək qapaza da heykəl qoya bilərik...

***

Anası balacaları yedirdir, mən də baxıram. Televizor da açıqdı. Nəsə film gedirdi, reklama keçəndə bunlar yeməyi dayandırıb əl çaldılar və "lyalya" dedilər. Körpə yeməyinin reklamı idi. Təbii ki, ekranda da balaca bəbə göstərirdilər. Uşaqlar özlərinə bənzər varlığın görüntüsünə baxdılar yeməklərin dayandırıb... Fikir vermisinizmi bizim nə səhnəmizdə, nə də TV-lərimizdə intellektual yumor olmayıb? Olubsa da azacıq, cüzi olub. Həmin yumoru anlamağa mütaliə, savad, bilgi gərəkir... İndi xatırlayaq nə bizi ovundurur gördüklərimizdən? Roşka, Fəlakət, Tamada... və sairə... Biz özümüzə baxmaq istəyirik. Bizə həzzi bu verir – "ağəz, cıraram səni"... Bircə bu cümlə bəs edir ki, hamı uğunsun... Və nahaqdan TV-lərdən ciddi nəsə tələb edirik. Beş, altı nəfər oxumuş publika sayılmır. İstisnalar rusdilliləri əhatə edir ki, onlar da bizləri bəyənmir. Və həm də ən əsası bizi tanımır, bizdən xəbəri yoxdu... Hələ mən görməmişəm burda (sosial deyirik də) ciddi nəsə müzakirə olunsun. Ancaq ya tərif, ya da söyüş... Təhlil görmədim... Biz hələ ki, böyüməmişik..."Lyalyayıq"... Böyümək isə labüddü... Amma necə? Fəlakət olaraq? Bilmirəm...

 

***

82-ci ilin aprelində Britaniya öz sahillərindən 13 min kilometr uzaqda yerləşən, Argentinaya isə 400 kilometr məsafədə olan Folklend adalarına desant çıxarır. Səbəb isə Argentinanın adalara iddia edərək ora qoşun tökməsidi. Konfliktin tarixi bir əsr əvvələ dayansa da savaş məhz 1982-ci ilin aprelində başlayır. Tarixi ədalətsizliyə son vermək istəyir Argentina. Axı, onlarındı bu adalar... Təbii ki, ingilislər belə düşünmür... Dünya iqtisadi böhran içindədi. Hər iki ölkədə narazılıq artmaqdadı və sadalamadığım bir çox səbəblər də var bunun içində. İlk günlər dünya konflikti sakit izləyir – BMT həmişəki kimi qətnamə qəbul edir, tərəfləri sülhə dəvət edir. Amma tərəf deyəndə Böyük Britaniyanı fikirləşsək, onda BMT qətnaməsinin nə qədər dəyəri ola bilər ki?!

***

Adanı Britaniya qarnizonunun əlindən alan argentinalılar ilk günlər eyforiyaya qapılırlar. Güman edirlər ki, artıq Britaniyanın dünya siyasətində əvvəlki nüfuzu yoxdu... Amma unutdum deyəm ki, həmin vaxt baş nazir Marqaret Tetçer idi axı... Hikkəli xanım öz ölkəsinin prestijini yerə vura bilməzdi. Donanma və aviasiya artıq adalara yaxınlaşmaqda idi. Adaların blokadası başlayırdı. İlk olaraq ingilislərin sualtı qayığı Argentinanın kreyserini batırır – 323 dənizçi həlak olur gəmidə. Bu şərtlər daxilində dənizdə uğur qazana bilməyəcəyini anlayan argentinalılar aviasiyaya üstünlük verirlər. Elə fikirləşirlər ki, aviasiya zərbələri, insan itkisinin çoxluğu Britaniyanı geri çəkilməyə məcbur edəcək... Bu düşüncəyə ancaq gülmək olar. İnsan itkisi haqqında düşünən ölkə dünyanın yarısını fəth edə bilməzdi... İyunun sonuna qədər davam edir bu qeyri-bərabər savaş... 74 gün ... Nəticə isə...

***

Adalar üzərində Böyük Britaniyanın hakimiyyəti qeyd-şərtsiz təsdiq olunur (qarşı tərəf narazı olsa da ).

***

İtkilər – Böyük Britaniya: 248 əsgər həlak olur, 2 freqat, 2 esminets, 1 desant gəmisi, 1 desant kateri, 1 konteyner daşıyan batırılır, 34 təyyarə və vertolyot vurulur.

***

Argentina: 649 nəfər həlak olur (19 pilot), 11 minə yaxın əsir düşür (minalanmış sahələri təmizləmək üçün əsirlərdən istifadə olunur), 1 kreyser, 1 sualtı qayıq, 1 gözətçi qayığı, 4 nəqliyyat gəmisi, 1 balıqçı trauleri batırılır, 22 hücumçu, 11 qırıcı təyyarə vurulur (ümumilikdə 100-dən çox təyyarə və vertolyot. Demək olar ki, aviaparkın hamısı).

***

1982-ci ilin oktyabrında Londonda parad keçirilir. Tetçer qələbəsini qeyd edir. O, öz yüksəkliyini vətənindən 13 min kilometr uzaqlıqda olan bir adada fəth etmişdi. Özü orda olmasa da... Argentinalıların isə mənliyi tapdanır... 2014-cü ilin oktyabrında Argentinada çəkiliş edən Britaniya televiziya proqramı qrupuna Folklend müharibəsi veteranları hücum edirlər – əzilmiş heysiyyətlərinə toxunduqları üçün. Jurnalistləri polis konvoyu ilə ölkədən çıxarıb Çili sərhədinə ötürürlər...

***

Tarixçilərin yazdığına inansaq, İkinci Dünya Müharibəsindən sonra yeganə savaşdı ki, hərbi-dəniz qüvvələrinin irimiqyaslı hücumu savaşın nəticəsini həll edib. Və burda bir çox hərbi ilklər də olub...

Və yaxşı yadımdadı, 1982-ci ilin iyununda İspaniyada dünya çempionatı keçirilirdi futbol üzrə. Həmin çempionat Maradonanın ulduz saatının başlanğıcı idi. Və Argentina millisinin futbolçularından birinin qardaşı Folklend adalarında həlak olmuşdu. Çıxdı amma meydana, öz oyununu oynadı... Tale başqa oyun oynasa da...

1986-cı ilin iyununda Maradona "əsrin qolu” adlanan bir qol vurur yumruğuyla ingilis komandasının qapısına – əl ilə vurulsa da qolu sayırlar. Maradona "bu, Tanrının əliydi”- deyir... Çox illər sonra isə Folklend məğlubiyyətinin revanşı adlandırır... Yumruq !!!

***

1981-ci ilin may-avqust ayları arasında Belfast hadisələri ilə bağlı həbs olunan 10 nəfər aclıqdan ölür zindanda. Yəni Tetçer mane olmur aclıq keçirənlərə. Dövlətin qanunları var və hamı tabe olmalıdır. Amma yumruğu güclü dövlətin və qapazı möhkəm dəyən dövlətin. Nə etmək olar??? Bəlkə bunu da xatırlasınlar? Skotland Yarddan yardım istəməyək də… "Beyker street”dən Holmsu çağırmayaq…

Bəzən yumruq və qapaz sintez halına gəlir… Vaxt lazımdı…

***
 

Bir hekayə oxumuşdum illər əvvəl. Zəngin bir adam bahalı maşında kəndin içində, yolda bir qız uşağını vurur. Hekayə birinci şəxsin həmin anda xatırlamalarıdır – öz-özünə deyir, guya böyüsə nə olacaq? Yekələcək, kökələcək, eybəcərləşəcək… Öldü, xilas oldu da… Yoxsulluqdan qurtardı… Bu anda görür ki, kənd camaatı qəzəblə onun üstünə gəlir və döyməyə başlayır qəza edəni… Yumruq, qapaz… Bir gün belə də ola bilər…

 


2181 oxunub

InvestAZ