XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Aqil ABBAS: TANRI YOX İDİ, VARDISA DA KAR İDİ, KOR İDİ…
YAZARLAR 15:59 / 25.05.2022

Haçansa 27 yaşım vardı. Ən çox sevdiyim yazıçı da Yusif Vəzir Çəmənzəminli idi. Demək olar ki, bütün əsərlərini nəinki bir dəfə, bir neçə dəfə oxumuşdum. Xüsusilə də «Qan içində» («İki od arasında») romanı mənə çox təsir eləmişdi. Bir millətin, eyni göyün altında yaşayan, eyni Tanrısı olan bir millətin bir-birinin qanına yerikləməsi, qılıncdan keçirməsi mənə çox pis təsir eləmişdi. Sonra başladım «Qarabağnamələr»i oxumağa, yəni faciənin kökünü araşdırmaq istədim. Həmin vaxtlar hörmətli yazıçımız Anar müəllimin Şuşadan, Qarabağla bağlı yazdığı bir məqaləni oxudum. Həmin məqalədə Qarabağ qoşunlarının başçısı, sərkərdə, 34 yaşında xaincəsinə qətlə yetirilmiş Məmməd bəy Cavanşirin də adı keçirdi, həm də ləqəbi ilə – «BATMANQILINC». Və bu da mənə bir ilham verdi, Məmməd bəyin həyatı haqqında roman üzərində işləməyə başladım. Adını da qoydum «Batmanqılınc». Və əsərdə iki qəhrəman vardı – Ağa Məhəmməd şah Qacar və Məmməd bəy Cavanşir Batmanqılınc. İki yenilməz sərkərdə, iki böyük türk oğlu. Və mənim əsərimdə ikisi də, Sovet dili ilə desək, müsbət qəhrəmandı.

Məmməd bəy Qacara sui-qəsddə iştirak eləmək istəmir ki, yatmış adama qılınc çalmaram. Amma sərkərdələri Səfərəli bəy, Abbas bəy, Sadıq xan xaincəsinə Qacarın yataq otağına girib onu xəncərləyirlər.

Qacarın qan içində dediyi söz bu olur:

- Neylədiniz, İranı viran etdiniz.

Doğrudan da Qacardan sonra İran viran oldu. Torpağının bir hissəsi Rusiya tərəfindən işğal edildi və 200 ilə yaxın işğal altında qaldı.

Bunları niyə yazıram?

İndi baxıb görürəm ki, heç nə dəyişməyib. Yenə bir millət, eyni göyü, eyni Tanrını, eyni torpağı, eyni günəşi bölüşən bir millət ikiyə bölünüb, bir-birinin qanına yerikləyir.

O vaxt Qarabağ savaşında atlar qan işəyirdi, qılınclar, nizələr kef eləyirdi, indi tankın içindəkilər qan işəyir, raketlər, mərmilər, güllələr kef eləyir. Söhbət Rusiya-Ukrayna müharibəsindən gedir.

Belə qərara gəldim ki, «Batmanqılınc»dan bir parçanı sizə – oxuculara çatdırım. Sonra həmin parçanı bir balaca redaktə ilə bugünki Rusiya-Ukrayna müharibəsinə şamil edim.

 

***

 

«Batmanqılınc»dan bir parça

 

Üzbəüz dayanmış minlərlə at qəzəbindən fınxıra-fınxıra dırnaqlarıyla torpağı cırmaqlayır, cilov gəmirərək yernən-göynən əlləşirdi. İgidlər bu qəzəblənmş atların başını buraxmaq üçün bir himə bənd idilər. Qılınclar sıyrılmışdı və baş kəsməkdən ötrü ölürdü. İnsanların içindəki kin-küdurət püskürüb çıxmışdı üz-gözlərinə və sir-sifətlərində bircə damcı da insaf deyilən şey qalmamışdı, adam sifətindən çıxmışdılar. Yaralı ac qurdlar kimi qana yerikləyirdilər və həmin qan qaynamağa başladığından damarlara sığışmırdı. Bu qaynayan qan igidləri cuşa gətirib daha cəsarətli, qorxmaz edirdi. Bəzilərinin isə qanı qaynadıqca bənizləri solur, gözlərində işıq öləziyib itir, əl-ayaqları əsirdi – bir sözlə, onlar döyüşsüz-filansız ölmüşdülər.

Cilov gəmirməkdən əngləri yara olmuş atlardan biri var gücü ilə kişnədi. Elə bil minlərlə at bu dəli kişnərtini gözləyirmiş – verdilər səs-səsə. Bu dəhşətli kişnərtidən səksənən ağaclar qurudu, otlar qurudu, torpağın bağrı yarıldı.

Bu kişnərti bayaqdan gözlənən him oldu – atların başını buraxdılar. Hər iki düşmən eyni göyü, eyni tanrını, eyni torpağı köməyə çağırıb zor verdi qılınca.

Atların çıxardıqları səs daha kişnərti deyil, dəhşətə gəlmiş heyvan çığırtılarıydı, vəhşiləşmişdilər və insandan da betər olub qabaqlarına keçən canlı hər nə vardı didib-parçalayırdılar. Yerdən fışqıran qan göy üzünü qıpqırmızı eləmişdi və göydən də yağış əvəzinə qan yağırdı. Qılınclar ömürlərində belə kef görməmişdi – kəsirdilər, doğrayırdılar, deşik-deşik eləyirdilər. Kəsilənlər, doğrananlar at ayaqları altda qalıb parça-parça olur, can verməkdə olanlar, ölənlərə həsədlə baxırdılar. Ölüb bu dəhşəti görməyənlər dünyanın xoşbəxtləriydi. Ən xoşbəxtlərsə qəfildən ölənlərdi. Sağ qalanlar üçünsə hər şey yuxu kimiydi, ölüm o qədər adiləşmişdi ki, daha onun işgəncəli qorxusu ilə deyil, daha çox öldürmək eşqiylə çarpışırdılar. Tanrı yox idi, əgər vardısa da insanın önündə cılızlaşmışdı. İnsanlar onun iradəsindən kənardaydılar.

Analar tanrıya üz tutub diz çökmüşdülər, bacılar, gəlinlər diz çökmüşdülər, dünya diz çökmüşdü. Tanrı isə yox idi. Vardısa da kar idi, kor idi.

Bu qırğını heç kim, heç kim, heç bir bəndə, heç bir tanrı saxlaya bilməzdi, təkcə uca bir təpənin üstə çıxıb acı qəh-qəhələrlə bu qırğını müşayiət eləyəndən başqa. Tanrı o idi, o idi yer üzünün əşrəfi – qəh-qəhə çəkirdi. Allahlıq eşqinə düşmüşdü. Allahlıq eşqinə düşmüş bəndənin də Allahlığı elə belə olmalıydı – ona görə dünya kəllə-mayallaq dayanmışdı.

Bir göyün altında, bir odada yaşayıb, bir anadan doğulanlar, bir kişinin belindən gələnlər idi bu qırıb-qırılanlar. Qardaş qardaşı qılınclayırdı, qardaş qardaş balasını nizəyə keçirirdi, doğulduğu odaya od vururdu.

Dünyaya bir qatı zülmət çökmüşdü və bu qatı zülmət ucsuz-bucaqsız çöllərə səpələnmiş insan və at cəsədlərini görünməz eləmişdi. Hardansa qan iyinə bir sürü qurd gəlmişdi və cəsədlərin arasında dolaşırdılar. Dolaşa-dolaşa buğlanan qanı iylədilər, iylədilər və başladılar üzlərini Tanrıya tutub uzun-uzadı ulamağa...

Tanrı isə yox idi, vardısa da kar idi, kor idi.

 

VƏ BU GÜN…

 

Üzbəüz dayanmış minlərlə tank, qrad, raket, top fınxıra-fınxıra təkərləri ilə torpağı cırmaqlayır, yerlə-göylə əlləşir. Döyüşçülər bu qəzəblənmiş tankların, raketlərin, topların düyməsini basmaq üçün bir himə bənd idilər. Mərmilər sıyrılmağa hazır idi. Öldürüb dağıtmaqdan ötəri özləri ölürdü. Döyüşçülərin içindəki kin-küdurət püskürüb çıxmışdı üz-gözlərinə. Və sir-sifətlərində bircə damcı insaf deyilən şey qalmamışdı, adam sifətindən çıxmışdılar. Yaralı ac ayılar kimi qana yerikləyirdilər və həmin qan qaynamağa başladığından damarlara sığışmırdı. Bu qaynayan qan döyüşçüləri cuşa gətirib daha cəsarətli və qorxmaz edirdi. Bəzilərinin isə qanı qaynadıqca bənizləri solur, gözlərində işıq öləziyib itir, əl-ayaqları əsirdi – bir sözlə, onlar döyüşsüz-filansız ölmüşdülər.

Atılmaqdan ötrü ölən tanklardan biri qəfil kişnədi. Elə bil minlərlə tank, top, raket, qrad bu dəli kişnərtini gözləyirmiş, verdilər səs-səsə. Bu dəhşətli bağırtıdan səksənən ağaclar qurudu, otlar qurudu, torpağın bağrı çatladı.

Bu dəli kişnərti bayaqdan gözlənən him oldu – tankların başını buraxdılar. Hər iki düşmən eyni göyü, eyni Tanrını, eyni torpağı köməyə çağırıb zor verdi mərmilərə.

Tankların çıxardıqları səs daha tank səsi deyil, dəhşətə gəlmiş insan çığırtıları idi. Vəhşiləşmişdilər, insandan da betər olub qarşılarına keçən hər nə vardı, parça-parça edirdilər.

Yerdən fışqıran qan göy üzünü qıpqırmızı eləmişdi və göydən yağış əvəzinə qan yağırdı. Güllələr, mərmilər ömürlərində belə kef görməmişdilər – parçalayırdılar, doğrayırdılar, deşik-deşik edirdilər. Kəsilənlər, doğrananlar, tank tırtılları altda qalıb parça-parça olur, can verməkdə olanlar ölənlərə həsrətlə baxırdılar. Ölüb bu dəhşəti görməyənlər dünyanın xoşbəxtləri idi. Ən xoşbəxtlər isə qəfildən ölənlərdi. Sağ qalanlar üçün isə hər şey yuxu kimi idi, ölüm o qədər adiləşmişdi ki, daha onun işgəncəli qorxusu ilə deyil, daha çox öldürmək eşqi ilə çarpışırdılar.

Tanrı yox idi, əgər vardısa da, insanların önündə cılızlaşmışdı. İnsanlar onun iradəsindən kənarda idilər.

Analar Tanrıya üz tutub diz çökmüşdülər, bacılar, gəlinlər diz çökmüşdülər, dünya diz çökmüşdü. Tanrı isə yox idi. Vardısa da kar idi, kor idi.

Bu qırğını heç kim, heç kim, heç bir bəndə, heç bir Tanrı saxlaya bilməzdi. Təkcə Vaşinqtonda və Moskvada rahat kabinetlərində oturub acı qəh-qəhələrlə müşayiət edənlərdən başqa. Tanrı onlar idi, onlar idi yer üzünün əşrəfi, qəh-qəhə çəkirdilər. Allahlıq eşqinə düşmüşdülər. Allahlıq eşqinə düşmüş bəndənin də Allahlığı elə belə olmalı idi – ona görə dünya kəllə-mayallaq qalmışdı.

Bir göyün altında, bir odada yaşayırdı, bir anadan doğulanlar, bir kişinin belindən əmələ gələnlər idi bu qırıb-qırılanlar. Qardaş qardaşı doğrayırdı, qardaş qardaşının balasını pulemyot ilə biçirdi, doğulduğu odaya od vururdu. Dünyaya bir qatı zülmət çökmüşdü. Və bu qatı zülmət uçsuz-bucaqsız çöllərə səpələnmiş insan cəsədlərini görünməz eləmişdi. Hardansa qan iyinə bir sürü ayı gəlmişdi və cəsədlərin arasında dolaşırdılar. Dolaşa-dolaşa buğlanan qanı iylədilər, iylədilər və başladılar üzlərini Tanrıya tutub uzun-uzadı böyürməyə...

Tanrı isə yox idi, vardısa da kar idi, kor idi...

 


2463 oxunub

InvestAZ