XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Coşqun XƏLİLOĞLU - İki hekayə
Ədəbiyyat 14:05 / 23.05.2022

                                                 ŞÜBHƏ   
                                               
   Qatarla ezamiyyətə  gedirdim. Kupe yoldaşım Dünyamin kişi söhbətcil, xoşbəniz bir adam idi. Biz yola körpü salmaq üçün ordan-burdan söhbət edirdik. Yol yoldaşım başına gəlmiş maraqlı bir əhvalat danışdı.         
    –Sovet dönəmində tikinti idarələrinin birində müdir işləyirdim. Səhər planlaşdırılmasından sonra adətim üzrə kabinetdə oturub gündəlik işlərlə məşğul idim.  Birdən katibə qapını açıb:
   –Dünyamin müəllim, yanınıza gələn var,  Sizi görmək istəyir, –dedi.
   Mən, –Qəbul günü gələr, bu gün işim çoxdur, –dedim.
   Katibə çıxdı və tez də içəri qayıtdı:
   –Yenə xahiş etdi ki, onu qəbul edəsiniz. Deyir, mütləq görüşməliyəm, çox vacib işim var.
   Mən tərəddüdlə:
   –Yaxşı, de,  gəlsin.
   Qapıdan içəri səliqə ilə geyinmiş, üzü tər-təmiz qırxılmış, saçları zövqlə daranmış, boy-buxunlu, 35-40 yaşlarında, qalstuklu, ciddi görkəmli bir kişi daxil oldu. Düşündüm ki, çağırılmamış qonaq heç də təmiz niyyətlə gəlməyib. Allah evini  yıxmışlar, yəqin yenə məndən döşəyiblər yuxarılara. Gələn ya "Xalq nəzarəti”ndəndir, ya da "KQB”-dən. Yadıma birinci olaraq aylıq plan düşdü. Yerinə yetirmişik, ürəyimdə sevindim. Bəlkə əmimoğlunun adına aldığım maşının mənə məxsus olduğunu biliblər...Ya da həyat yoldaşıma srağa gün ad günündə hədiyyə etdiyim bahalı briliyant qaşlı üzükdən xəbərdardılar. Olmaya Mərdəkanda tikdirdiyim bağ evi haqqında nəsə məlumat alıblar. Yox, yox. Birdən... Birdən məndən düz iyirmi yaş kiçik bir qadınla qeyri-rəsmi yaşadığımdan duyuq düşərlər ha...
   –Xoş gəlmisiniz, –mən özümü güclə topladım. Ona əyləşmək üçün yer göstərdim.
   –Sağ olun! –Səsindəki rəsmiyyətdən fikrimdə yanılmadığımı təsdiqlədim. Yazıblar, özü də möhkəm yazıblar. Dünən nazirlikdəki dostum üçün üç kub taxta materialı göndərmişdim. Yəqin yolda tutulub. Cəhənnəmə ki... Özümü ələ almağa çalışdım. Keçən dəfə də belə bir iş olmuşdu. Bir təhər razı saldım. Olmasın bir-iki  ayın qazancı.
   Düyməni basıb katibəyə iki stəkan çay gətrməyi tapşırdım.
   –Çay içmirəm, sağ olun, –razılığını bildirdi.
   "Hə, çay içmir. İşlər şuluqdu. Yəqin ciddi yoxlama aparacaq”.
   —Dünyamin müəllim, bilirsiniz, niyə gəlmişəm...
   Sözünü ağzında yarımçıq qoydum:
   –Əcəb eləyib gəlmisiniz, həmişə Siz gələsiniz, –demişdim ki, gözlərim şalvarının ütüsünə sataşdı, yəqin, bu şalvarı ilk dəfədir ki, geynib. İllərlə həsrətini çəkdiyim, indi-indi yerimi bərkitdiyim müdir kreslosu gözümdən düşdü. İşləyəndə də belə vəzifədə işləyəsən e... –həsəd hissi keçirdim.
   Dəqiqələr saat kimi uzun görünürdü. Kürəyimdən tər damcıları axdığını hiss etdim. Bu zaman alnımda da tər muncuqları olduğunu başa düşdüm. Cib dəsmalını çıxarıb üz-gözümü silməyə başladım.Onun qürurlü, məğrur baxışları altında özümün kiçildiyimi, yumağa döndüyümü hiss edirdim.
  –Müəllim,  hamı Sizdən...
   İnanın ki, bu sözləri eşidəndə az qaldım özümdən gedb yerə yıxılım, sanki ürəyimdən bir tel qırıldı. O, sözünə davam elədi: ...–razıdır. Ona görə də Sizdən xahiş eləməyə gəlmişəm. Doğrusu, deməyə də utanıram.
   Yüz faiz məni dolayır. Arxayındı ki,  məni həbs etdirəcək. Güclə eşidiləcək səslə, "buyurun,” dedim.
   –Mən qəsəbədəki məktəbdə müəllim işləyirəm. Dünənki külək vaxtı pəncərəmiz açıq qalıb, şüşələri sınıb. Gəldim ki, mümkünsə, mənə kömək edəsiniz.
  –Yaxşı, gözləyin. –Dərindən nəfəs alaraq müavinimə zəng edib müəllimə kömək etməsini göstəriş verdim. Müəllim təşəkkür edib kabinetdən çıxdı. Mən isə hələ də özümə gəlməmişdim.


GÜLBƏY

   Yenicə işə başladığım təzə idarədə bir-birindən fərqli xasiyyətli, mənə qəribə təsir bağışlayan adamlara rast gəlirəm. Burada onun-bunun dalınca danışmaq, qeybət eləmək, yalandan gülmək, yalandan qəmlənmək adi haldır. Mən bu cür adamlara heç cürə uyğunlaşa bilmirəm. Hər an yalqızlığımı, tənhalığımı hiss edirəm.
   Təzə həmkarlarımdan birinin adı Gülbəydi. Adı nadir adlardan olduğu kimi özü də "təkrarsız” adamdı. Yaşı yetmişi haqlamış bu kişi xarici görkəmcə mollaya oxşayır. Həmişə üzündə saqqalı, başında papağı, əlində təsbehi olur. Özünü tərifləməyi xoşlayır. Dediyinə görə əvvəllər bu idarədə, daha doğrusu, bu idarə əvvəllər lap trest olanda rəis müavini işləyib. "Qurub-yaradıb,” xalq üçün can qoyub, nə qədər bina tikdirib, park saldırıb... Amma idarə binasının görkəminə, onun həyətinə baxanda kişinin dediklərinin doğru olmasına şübhə etməyə bilmirsən. Əşşi, sənin müavinlikdən çıxdığın bir əsrdi ki tikdiklərin uçub- tökülüb, əkdiklərin quruyub?
   Gülbəyin işinin adını da bilən yoxdu. İxtisasca iqtisadçıdır. Amma çətin ki iqtisadiyyatdan başı çıxa. Gah o şöbədə gəzir, gah bu şöbədə... Keçmiş fəaliyyətindən, mübarizliyindən danışır, özünü tərifləməkdən yorulmur. Nahar fasiləsi zamanı, Allah göstərməsin, onun-bunun nə yeyib, nə içdiyini öyrənməsə qiyamət qopar. Yemək təklif edilsə, -yox mən bu gün orucam -deyər və diliylə sulanan ağzını silər.
   İdarəmizin xidməti avtobusuna Gülbəy birinci minər, ən qabaqda əyləşər. Yol boyu boş-boşuna danışar, onun-bunun ünvanına xoşagəlməz sözlər söyləyər. Bərəlmiş gözləri də ki, Allah göstərməsin, avtobusa minənlərin sumkasında olar. Birindən bir narıngi alar,o birindən bir alma istəyər...
   Nə isə... Deyəsən mətləbdən uzaqlaşdım. Az qala yadımdan çıxmışdı, Gülbəy həm də Hacıdır. Onu "Hacı”deyə çağıranda elə görkəm alır ki, gözləri   sevincindən az qala hədəqəsindən  çıxır. Zarafat deyil, kişi sənin, mənim tayım deyil, Hacıdır. (Bu yerdə mən bütün dindar və imanlı əsl Hacılardan üzr istəyirəm.) Düzdür, Allah günaha yazmasın, hələ bir yaxşılığının şahidi olan yoxdu.  Amma elə danışır ki...
   Bir dəfə Gülbəy  kollektivdə yeni olduğuma görə özünü mənə yaxından tanıtmaq üçün tərcümeyi-halından bəzi məqamları danışdı. Sən demə, Gülbəy Sovet  dönəmində ateist olub. Özü də partiya fəalı kimi "Böyük Lenin” ideyalarının təbliğatçısı olaraq dinə qarşı mübarizə edib. Az adama nəsib olan "Əməkdar təbliğatçı” adına layiq görülüb. 1990-cı ilin 20 Yanvar hadisələri hər bir azərbaycanlı  kimi Gülbəyi də "sarsıdıb.” O, "Əməkdar təbliğatçı”adından imtina edib.   Respublikanın mərkəzi qəzetləri, televiziya Gülbəyin bu "cəsarətini”, "milli təssübkeşliyini”  başlayıblar ciddi şəkildə işıqlandırmağa.                   
   –Bu hadisədən sonra mən başladım dini kitabları oxumağa, şəriəti öyrənməyə, dinin tələbləriniə əməl etməyə, haqq yoluna qayıtmağa. Şükür Allaha, Hacı da oldum. Yaxşı ki o vaxt mənə verilən fəxri addan imtina etdim, –Gülbəy danışmağa davam etdi – Mən haqqı hər şeydən üstün tuturam. Fəxri adımı təsdiqləyən kitabçanı yandıranda elə bil, ürəyimdən tikan çıxdı. Bacıoğlu, amma görürsən də, elələri var ki, ancaq şəxsi mənafeləri üçün çalışırlar. Ad üçün, şöhrət üçün, pul üçün min dona girirlər. Belələrini görəndə ürəyim ağrıyır.
   Gülbəyin bu söhbətindən bir-iki ay keçmişdi. Xəbər yayıldı ki kimin fəxri adı varsa, ona dövlətimiz əlavə pul vəsaiti verəcək. Bizim idarəmizdə yaşlı işçilərdən bir neçəsinin fəxri adı olduğuna görə çox sevinir, əməklərinə qiymət verildiyinə görə dövlətimizə minnətdarlıqlarını bildirirdilər. Bir gün eşitdim ki, mühasibatlığa fəxri ad aldıqlarını təsdiq edənlərin arasında Gülbəy də var. Bəli, bəli. Həmin Gülbəy–vaxtilə fəxri addan guya imtina edən, kitabçasını yandıran Gülbəy... Bu xəbərdən heyrətə gəldim.  Yəqin, siz də mənim yerimə olsaydınız belə olardınız.
2006-cı il

3138 oxunub

InvestAZ