XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Fuad Biləsuvarlı - ŞEİRLƏR
Ədəbiyyat 12:15 / 23.05.2022
Vətənin şeirə ehtiyacı var

Sən Nəriman baba dost, sirdaş kimi,
Daim yanımızda bir qardaş kimi.
Qapını döyürəm vətəndaş kimi,
Şairin şairə ehtiyacı var.

Elə 100 yaşda da əldə qələm yaz,
Hikmətli sözlərdən yenə kəlam yaz.
Bu gün səni sevir bütün aləm yaz,
Vətənin şeirə ehtiyacı var.

Fikir dumanını dağıtmaq üçün,
Həsrətin anasın ağlatmaq üçün.
Canının ağrısın azaltmaq üçün,
Xəstənin də pirə ehtiyacı var.

Dərd olmasa şeir yazılmaz axı,
Eh, bizi hər naşı anlamaz axı.
Ay ustad, tək əldən səs çıxmaz axı,
Kamanın da tara ehtiyacı var.

Gözlərim yollarda qaldım nigaran,
Çoxalıb içimdə sağalmaz yaram.
Qəlbimin evidi xərabə, viran,
Ürəyimin yara ehtiyacı var.

Müəllif: Fuad Biləsuvarlı


Tək qalan zaman

" Tanrım heç daşı da tək eyləməsin..."

(Zirəddin Qafarlı)

Gəlir üzərimə divar da, daş da,
Silinir beynimdən yaddaş kül baş da.
Qapımı döyməyir doğma qardaş da,
Evimdə özümlə tək qalan zaman.

Könlüm çabalayır qəm qucağında,
Sevənlərim olmur sol və sağımda.
Çölə də çıxmıram dərd otağından,
Evimdə özümlə tək qalan zaman.

Ömrüm də, günüm də saptək nazilir,
Sanki qəfəsdəyəm canım əzilir.
Ağlıma min cürə fikirlər gəlir,
Evimdə özümlə tək qalan zaman.

Şeirlə ovunur yazıq ürəyim,
Boğazımdan güclə keçir çörəyim.
Onda bir kimsəni gözlə görməyim,
Evimdə özümlə tək qalan zaman.

Mən də sənin kimi şair Zirəddin,
Dərddən yaza-yaza olmuşam bədbin.
Fuadam, oluram biçarə, miskin,
Evimdə özümlə tək qalan zaman.



İlahi, gör məni sevgi neylədi



Basdı ürəyimə kösövü, odu,
Qaçırtdı ağzımdan ləzzəti, dadı.
Bir sevən kişini məhv etdi qadın,
İlahi, gör məni sevgi neylədi.

Xəstəliyə saldı cavan canımı,
Zülmətlik elədi səhər danımı.
Köməyə çağırım Yaradanımı,
İlahi, gör məni sevgi neylədi.

Dildə dastan oldu qız yaraşığın,
Boğazın qurutdun neçə aşiqin.
Söndürdün bəxtimin yanan işığın,
İlahi, gör məni sevgi neylədi.

Məni qonşu etdi Məcnunla çöldə,
Baxıb məyus oldu sona da göldə.
Heç belə sevən yox mənimtək eldə,
İlahi, gör məni sevgi neylədi.

Dəryadan ayrılmış mən susuz balıq,
Yelkənsiz gəmiyəm, yelkənsiz qayıq.
Heç özüm özümə olmadım dayaq,
İlahi, gör məni sevgi neylədi.


Yazığın gəlsin

Kədərin qoynuna atılan qadın,
Səhv düşüncələrlə yanılan qadın.
Ürəyi qayadan yonulan qadın,
Ağlayan sevgimə yazığın gəlsin.

Başını tumarla, nazla, əzizlə,
Ovqatın xoş elə bal, şəkər sözlə.
Bir gözündən olub, indi bir gözlə,
Ağlayan sevgimə yazığın gəlsin.

Unutma önündə duran insandır,
Necə söndürmüsən gəl odu yandır.
Vicdanlı ol barı, az məni dondur,
Ağlayan sevgimə yazığın gəlsin.

Məhəbbət bilmirdin heç mənə qədər,
İndi sevgim sənə olubdu zəhər.
Gözümdə qaynayır sular hər səhər,
Ağlayan sevgimə yazığın gəlsin.

Hamını himayə edənin özü,
Görür hər bir şeyi Allahın gözü.
Gözəl vətənimin ziyalı qızı,
Ağlayan sevgimə yazığın gəlsin.



Dostluqdan başlayır böyük sevgilər

Yazsa da Yaradan hərəyə bir baxt,
Dostluqdan başlayır böyük sevgilər!
Bu sözüm yadından çıxmasın heç vaxt,
Dostluqdan başlayır böyük sevgilər!

Bunu qarşılama müsibət kimi,
Ən böyük faciə, cinayət kimi.
Qulağa sırğa et həqiqət kimi,
Dostluqdan başlayır böyük sevgilər!

Bundan inciməyə, küsməyə dəyməz,
Ay gözəl, ülfəti kəsməyə dəyməz.
Heç də ürəyini üzməyə dəyməz,
Dostluqdan başlayır böyük sevgilər!

Bu yolda yüksəliş, eniş də vardır,
Tab gətir, yoxuş da, eniş də vardır.
De, burda qəribə nə bir iş vardır?!
Dostluqdan başlayır böyük sevgilər!

Dana bilməzsən ki, sən bu sözümü,
Çünki söyləyirəm sözün düzünü.
Gərək öyrədəsən buna özünü,
Dostluqdan başlayır böyük sevgilər!


3677 oxunub

InvestAZ