Aradan 40-45 il vaxt ötüb. Bu, insan ömründə az zaman
deyil, ancaq biz hələ də
Qulu Xəlilovun ciddi baxışlarını,
Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikası tarixininə dair
maraqlı mühazirələrini, Famil Mehdinin şairanə görkəmini, Tofiq Rüstəmovun
təmkinli danışıq tərzini, Nurəddin
Babayevin kübarlığını, Seyfulla
Əliyevin səliqə ilə arxaya daranmış ağ saçlarını, Nəsir İmanquliyevin həssaslığını, Əliş Nəbilinin xəfif təbəssümünü
unuda bilmirik. Allah onların hamısına rəhmət
eləsin. Minlərlə jurnalist kadrı hazırlayan ustad müəllimlərimiz professor Cahangir
Məmmədli və Nəsir Əhmədliyə isə Allahdan cansağlığı arzulayrıam. Mən ali məktəbdə qiyabi yolla təhsil alsam da
adlarını fəxrlə çəkdiyim müəllimlərlə tələbələr arasında səmimi dostluq münasibətlərinin məhz bizim
jurnalistika fakültəsində şahidi olmuşam.
Professor Nəsir Əhmədli ilə bağlı mənim də
çoxlu xatirələrim var. 20 il əvvəl mən rayonda yaşayırdım. Yay vaxtıydı. Həsir
müəllim cox yaxın dostu və tələbəsi
Akif Səmədlə Masallıya gəlmişdi.
Akif məndən iki il əvvəl jurnalistika
fakültəsini bitirmişdi. Bir-birimizi
yaxşı tanıyırdıq. "Bircə qarış yol
varıymış, Adəmdən Akif Səmədə” deyən istedadlı qələm dostumuzu Nəsir müəllimlə
Masallının axarlı-baxarlı təbiət guşələrinə apardıq. Düzü, mən tələbə olanda jurnalistika
fakültəsində bizə nitq mədəniyyətindən mühazirə oxuyan Nəsir müəllimin şeir
yazdığını bilmirdim. Amma təbiətin qoynunda müəllimimizin poeziya dünyası ilə ilk dəfə tanış oldum.
İxtisasca rus dili
və ədəbiyyatı müəllimi Aqil Əliyev (Nəsir müəllimin bacanağı), vaxtilə
"Viləş” futbol komandasının tanınmış hücumçularından olan Seyran Əliyev
(fizika müəllimi), N.B. Vəzirov adına Lənkəran Dövlət Dram
Teatrının aktyoru Tale Mikayılov, Masallı Şahmat Məktəbinin məşqçisi Məzahim Ağayev və mən günlərin bir günü qərara gəldik ki, qonaqlarla
dənizə gedək. Nəsir müəllim Aqilgildə
qaldı. Amma Akifi dönə-dönə bizə tapşırdı:
"Şairdən muğayat olun!..”
20-25
dəqiqədən sonra dənizin sahilinə çatanda Akif məndən soruşdu: "Ayə, Masallıda
da dəniz varmış?” Dedim, yox, Akif bura Lənkərandır. Akif dənizə baş vurmadı.
Ayaqları çox şişmişdi. Ağlımıza gəlməzdi ki, bu bizm onunla son görüşümüz
olacaq... Şeirlərində həmişə ölümdən bəhs edən, "Nə qədər dostlarım qabağa
düşdü, gecikir, ölümüm, yaman gecikir” deyə
ölümü çağıran və ömrünün 45 yaşını doldurmağa 16 gün qalmış dünyasını dəyişən Akif Səmədin vaxtsız ölümünə ən çox yanan dostlarından biri də bizim Nəsir müəllimi idi.
Deyirlər,
kədərlə sevinc qardaşdır. Bu məqamda oxuculara Akif Səməd və Nəsir müəllimlə bağlı eşitdiyim bir gülməcəni nəql etmək istəyirəm. Günlərin bir günü Nəsir müəllim Akiflə ikisi
birlikdə restorana gedirlər. Xidmət
xoşlarına gəlmir. Nəsir müəllim restoranın
müdirini çağırtdırıb deyir:
- Cavan oğlan, sən bilirsən, kimlər oturub
burada. Zəmanəmizin Füzulisi...
Akif görür ki, müdir karıxıb qalıb. Tez dillənir:
-
Düzdü, özüm Füzuli döyləm, ancax arvadım Füzulidəndi.
...Nəsir müəllimlə
bir neçə dəfə "Bilgəh” kardioloji
sanatoriyasında eyni vaxtda olmuşuq. Mən orada
Nəsir müəlimim təbiətə, milli dəyərlərimizə,
saza, sözə bağlılığının bir daha şahidi oldum.
Bir dəfə axşamüstü sanatoriyanın həyətində gəzirdik. Birdən əsas korpusun geniş eyvanından saz sədası gəldi. Kimsə
şövqlə sazda "Ruhani” havası çalırdı.
Nəsir müəllim dedi: "Gəl gedək yaxından qulaq asaq, saz çalan qazaxlı İsmayıl müəlimdir...” İsmayıl müəllim bizi görcək sazının "köynəyini”
geydirib aşağı endi. Gəzə-gəzə xeyli söhbət etdik. Həsir müəllim tələbə yoldaşlarımızdan ən çox
yadında qalanları xatırlayıb bir-bir adlarını çəkdi: Əli Nəcəfxanlı, Həzi Həsənli, Səadət Qarabağlı, Mais Səfərli
(Allah rəhmət eləsin), Rusvat Bayramov,
Qənbər Yusifli, Rasim Qaraca, Bəhlul
Eminli, Sərraf Talıb, Aydın Şirinov, Elşən
Məmmədov, Elşən Əliyev, İdris Şükürlü...
2018-ci İldə Yazıçılar Birliyinin
Natavan klubunda Nəsir müəllim
professor Qulu Məhərrəmli ilə birgə mənim
60 illiyim münasibəti ilə keçirilən tədbirdə iştirak elədi. Ürək sözlərini həm tədbir iştirakçılarına, həm
də AzTV-nin Mədəniyyət kanalının hazırladığı
"Qobustan”
verilişində söylədi.
Nəsir müəllim Azərbaycan dilinin təmizliyinin
qorunması, ana dilimizin qaydalarına ciddi əməl edilməsi istiqamətində fədakarcasına mübarizə aparan alimlərimizdən biridir. Bu
mövzuda söhbət edəndə deyir ki, dilin
varlığı millətin varlığıdır... Bir dəfə dövlət başçısının jurnalistlərə hədiyyə
verdiyi mənzillərin ədalətsiz bölgüsündən söhbət düşdü. Nəsir müəllim zarafatla dedi ki, mən elə
bilirdim ölkədə 10-15 jurnalistdən biriyəm, sən demə, heç 411 jurnalistin
arasında da adım yox imiş... Bu sözləri mənzilə ehtiyacı olan alim və qocaman
jurnalist deyirdi. Böyük jurnalist ordusu jetişdirən müəllimlərimizi V. Səfərli,
Ə. Həsənov kimi məmurlar mənzil bölgüsündə nəzərə almayanda biz nə edə bilərdik?
2013 və 2017-ci ildə mənə jurnalistlər
binasından mənzil veriləcəyini düşünürdüm. Fəqət... Nəsir müəllimin təbirincə desəm:
"Başdan-başa” müəmmadır bu dünya,
Gizlisi nə,
agahı nə, bilinmir...
Söz yox ki, professor Nəsir Əhmədli kimi ustad müəllimin ən böyük mükakafatı və hədiyyəsi
tələbələrinin, işlədiyi kollektivin, dostlarının ona tükənməz sevgisidir. Nəsir müəllim belə
mükafatları və hədiyyələri ömrü boyu
qazanıb... Nəsir müəllimi uzaqdan-yaxından
tanıyanlar, "Facebook” səhifəsində dostluğunda
olanlar belə onun necə vətənpərvər ziyalı və dostcanlı İNSAN olduğunu yaxşı bilirlər. 2020 -ci ilin
oktyabrın ortalarında Nəsir müəllim qələbəmizə
böyük inam hissi ilə rəhmətlik dostu və tələbəsi Akif Səmədə xitabən belə şeir paylaşmışdı:
"Akif Səməd, gözün aydın,
Şuşaya
doğru gedirik...”
Əgər
dostluğun yüz şərti varsa, bizim Nəsir
müəllim onun bütün şərtlərinə əməl edən ən
yaxşı DOSTDUR. Sevimli tələbələri ilə sidq-ürəklə
dostluq edən Nəsir müəllimin şəxsiyyətinə böyük hörmət və ehtiramla
Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist