Ulularımızın gözəl bir deyimi var ki, "indinin kökü keçmişdədir və
keçmiş gələcəyin iynəsidir”. Bu keçmişimizi, kökümüzü dəqiq, dürüst öyrənərək vətənə
torpağa xalqa bağlı bir gənclik yetişdirməliyik. Əslində 44 günlük Vətən
savaşımız, qələbə zəfərimiz sübut etdi ki, bu gənçliyi yetişdirmişik. O, gənçlik
ki, canı, qanı bahasına cəsarətilə tarix yaradaraq, yazaraq "keçmişin
keşikçisi, sabahın təminatçısı” olduğunu sübut etdi. O, gənçlik ki, ümidləri
doğruldaraq, zəfəri gerçəkləşdirdi və qanını torpağa qataraq onu bir daha müqəddəsləşdirdi.
Deyirlər
"varislik və vərəsəlik çox böyük yük və hədsiz məsuliyyətdir”. Bu gün vətənimizə,
dövlətimizə, torpağımıza layiq varislər yetişir. Təbii burada daha çox məsuliyyət
ailənin, xüsusən də orta məktəb müəllimlərinin üzərinə düşür. Bu günlərdə Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində
yerləşən 227 saylı tam orta məktəbdə "Qarabağa qayıtdıq!” adlı keçirilən tədbir
bir daha bu fikri təsdiqlədi. Məmləkətimizin cənnət diyarı olan Qarabağ
sevgisini, möhtəşəmliyini əks etdirən bu tədbirdə ən kiçik detal belə qürur və
fəxarətlə, çox böyük məsuliyyətlə öz əksini tapmışdır.
Tədbirdə
Bakı şəhər üzrə Təhsil İdarəsinin rəhbər heyyəti və bir qrup əməkdaşları, Səs
Media qrupunun təsisçisi Bəhruz Quliyev, millət vəkilləri Könül Nurullayeva və
Ceyhun Məmmədov, Nizami rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Axundov və
başqaları iştirak etdilər. Məktəbin direktoru Sevinc Hüseynova tədbiri giriş
sözü ilə açaraq tədbir iştirakçılarını məktəbin həyətində nümayiş olunan sərgi
və kompozisiyalara baxmağa dəvət etdi.
VII "A”
və X "B” sinif şagirdlərinin iştirakı ilə S.Vurğunun "Vaqif” pyesindən, VII
"D”, IX "A”, X "B” sinif şagirlərinin ifasında Xan qızı Natavanın Xasay bəy
Usmiyevlə görüşündən hazırlanan kiçik səhnəçiklər gurultulu alqışlara səbəb
oldu. 3 "A” sinifinin şagirdləri əyani olaraq üstlərində əks etdirdikləri
Qarabağın milli geyimlərinin tarixi haqqında maraqlı bilgilər söylədilər. Elvin
Musayev, Yusif Quliyev, Zəhra Abıyeva, Ömər Rüstəmov və Fateh Mərdanzadənin
bilgiləri maraqla dinləndi. "Qarabağ uşaqların gözü ilə” əl işlərindən ibarət
olan sərgini isə məktəbin VIII "B” sinifinin şagirdlər təqdim etdi. Onu da qeyd
edək ki, bunlar məktəbdə cari tədris ilindən tətbiq olunan STEAM layihəsinin
gözəl bəhrəsi idi.
Hər bir
tədbir iştirakçısının qürur, fəxr hissi və gürultulu alqışlarla salamladığı,
bir zaman bu məktəbin şagirdləri olan, bu gün isə 44 günlük Vətən müharibəsində
tarix yazan qaziləri oldu. Sonra yuxarı sinif şagirdləri hərbi sıra düzülüşü ilə
Vətən müharibəsi Şəhidlərinin rəsimlərini daşıyaraq, onların əziz xatirəsini
yad etdilər.
2 "A” və
11 "A” sinif şagirdlərinin ifasında "Qarabağ Azərbaycandır” mahnısının sədaları
altında üç rəngli bayrağımızın əzəmətli gəlişi tədbir iştirakçılarını daha da
şövqə gətirdi. 2 "A” sinif şagirdlərinin ifasında "Xarı bülbülüm”, 7 "A” sinif
şagirdlərinin hazırladığı "Bütöv Azərbaycan komposisiyaları, 5 "D” sinif
şagirdlərinin "Xarıbülbül” rəqsi tədbir iştirakçılarının gürultulu alqışlarına
səbəb oldu.
Tədbir
zamanı bəlli oldu ki, onun belə yüksək səviyyədə keçəsində bütün məktəb
kollektivinin çox böyük əməyi olub. Xüsusən də məktəbin direktoru Sevinc
Hüseynova, müavin İlhamə Mirzəyeva, müəllimlərdən Rəqsanə Abdullayeva, Aynur Kərimova,
Mehriban Məmmədova və başqalarının adlarını çəkə bilərik.
Əslində
227 saylı məktəbin kollektivi hər zaman belə təbdirləri, yüksək naliyyətləri,
uğurları ilə çoxlarına nümunədir. Çünki məktəbdə tədris-təlim, nizam-intizam
işləri yüksək səviyyədə həyata kecirilir. Məsələn, 2020-21-ci tədris ilində
"Onlayn dərs” müsabiqəsində BŞTİ rəhbərliyi tərəfindən məktəbin iki müəllimi Səmər
Hacıyeva və Rəna Quliyeva diplomla, Lətafət Nəsibova isə Fəxri fərmanla qiymətləndirilib.
Elə həmin tədris ilində məktəbdə vətənpərvərlik mövzusunda "Ən yaxşı videotəqdimat”
yaradıcılıq müsabiqəsi kecirilib, IX "A” sinif şagirdi Məriyəm Əliquliyeva ARTN
rəhbərliyi tərəfindən II yerə layiq görülüb, diplomla mükafatlandırılıb. XI "A”
sinif şagirdi Rübabə Aslanova buraxlış və blok imtahanlarında ən yüksək nəticə əldə
edərək Prezident təqaüdünə layiq görülüb.
2021-ci tədris
ili də məktəb üçün ilk günlərdən uğurlu başlayıb. Məktəbin müəllimi Rəna Kərbalayeva
"Yaradıcı müəllim” müsabiqəsində BŞTİ –nin rəhbərliyi tərəfindən "Təşəkkürnamə”
ilə təltif edilib. RFO-da XI "B” sinif şagirdi Xəyal Əlizadə Tarix fənni üzrə
final mərhələsində respublika birinciliyini qazanıb.