XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Ağladan şeir... - Emin Piri yazır
Ədəbiyyat 20:44 / 20.05.2022

Elə şeirlər var ki, onları dinlərkən kövrəlmək, duyğulanmaq, hansısa xatirəyə dalmaq öz əlində deyil.

Məhz bu şeiri dinləyəndə ağlamışam. Xüsusən də şairin öz ifasında. Söhbət şeirdə olan poeziyadan getmir. Elə şeirlər olur ki, poeziyası digər şeirlərdən zəif olsa da ruh və enerjini iliyinə kimi duyursan.Səninçün yazıldığını düşünürsən. Ya da bütün ayrılıqları bu şeirlərlə xatırlayırsan. Ya da qəlbinin bir küncündə ilişib qalan hamıdan gizlətdiyin bir xatirə üçün kövrəlirsən. Bəlkə də şeir bəhanədir.

Cəmi bir neçə şeir olub ki, xatirələrimi oyadıb, bəlkə də qaçmaq istədiyim xatirələri. Hə, bunlardan biri də Əli Kərimin "Aut" şeiri... Bütün topları auta atan o qız...

Tələbə vaxtı bizim komanda tərəfdə oturardı "o qız”. Sol tərəfdə. Sırf onu görüm deyə, ya da o görsün deyə hücumçu olmazdım, müdafiəçi olardım. Oturacaqlar sol tərəfdə olduğundan sol cinahda oynardım. Halbuki solla solla çox bərbadam. Bütün uduzmaqlarımızın səbəbi bu "yöndəmsiz" istəklərim idi.

Bütün uduzduğumuz oyunlarda özümü qalib kimi hiss edirdim. Oyun daha çox onun biz tərəfdə əyləşdiyi yerdə keçib deyə.

Bəzən məğlubiyyətlər də adamı sevindirə bilir.

Hə, bir də bir şeir var, o da qalsın...

Onu deyirdim, bəzi şeirlər var, poeziyasını bir kənara qoyuram, bir insanın ruhunu, enerjisini, bütün həyatını görürsən. Bəlkə də özünü görürsən. Və ağlayırsan.

Onu deryirdim, indi bu şeiri dinləyirdim, axı...Şəhriyarı...

 

YAR QASİDİ

Sən yarımın qasidisən,
Əylən, sənə çay demişəm.

Xəyalım göndəribdi
Bəski mən ax-vay demişəm.

Ax! Gecələr yatmamışam,
Mən sənə lay-lay demişəm.

Sən yatalı, mən gözümə
Ulduzları say demişəm.

Hər kəs sənə "ulduz" deyə,
Özüm sənə "ay" demişəm.

Səndən sora həyata mən,
Şirindisə, zay demişəm.

Hər gözəldən bir gül alıb,
Sən gözələ pay demişəm.

Sənin gün tək batmağıvı
Ay batana tay demişəm.

İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm.

Gah toyuvu yada salıb,
Mən dəli nay-nay demişəm.


Sonra yenə yasa,batıb
Ağları hay-hay demişəm!

Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm.


Ömrə, sürən mən qaragün
Ax demişəm, vay demişəm!


2864 oxunub

InvestAZ