XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : -Fikrə qoşulmanın yaşatdığı an
YAZARLAR 12:24 / 17.05.2022

 

Aida Adıgözəlin bir şeirinin işığında

 

Mənə belə gəlir ki,  söyləyəcəyim fikir mübahisə doğurmaya bilər. Amma onu da qeyd etməyi, daha doğrusu göz altına almağı xatırlatmaq istəyirəm: - Əgər mübahisə mövzusu olarsa, onda yenə SÖZ qazanacaq. İndiki halda isə demək istədiyim fikir belədir ki, hər kəs daha çox öz sözünə bənzəyir. Yəni söz adamının ürəyi elə onun sözü deməkdir. Lap dəqiqləşdirsəm, söz sahibinin ürəyinin əksidir! Bu mənada mən öz ürəyimin tam eyni olan ürəyimlə baş-başa qalanda, yəni  öz sözlərimlə söhbət edəndə darıxmıram. Çünki qarşılıqlı anlaşma və qarşılıqdı sayqı var aramızda.

Təbii ki, bu xüsusiyyət mənim digər sözlərə də, ürəklərə də olan münasibətimdə birmənalıdır. Hər gün sözlə açılan səhərimi  növbəti səhərə qədər elə sözlə də tamamlayıram. Çünki qarşılaşdığım söz – ürək həmdəmlərim məni öz dünyalarından kənara buraxmır. Həmin dünyanın rəngarəng mənzərəsi, şehli çiçəkləri, hətta müsiqisi də mənim sözümün həm söykəyinə, həm əl tutanına, həm də ümid verəninə çevrilir. Görür və anlayıram ki, söz dünyasında yetimlik yoxdu. Sadəcə hərdən qəriblik olur və ...

Bu ilin «Azərbaycan»  jurnalının ilk sayını gözdən keçirirdim. Diqqətimi bir şeir çəkdi. Onu təkrar oxudum. Hardasa ruhumun əkiz tayının, bənzərinin, sözümün həmsöhbətinin önündə dayandığını hiss etdim və məndən soruşmadan sözüm, yəni ürəyim həmsöhbəti ilə pıçıldaşmağa, bir-birinin dünyasını gəzib dolaşmağa başladı. Həmin an bir qəribəlik də hiss etdim. O da hər zaman mənim üçün yadda qalan olan mərhum filosof şairimiz Əhməd Elbrusun «Fikrə qoşulmalar» ilə bağlı yazdığı mükəmməl əsər idi. Oxuculara xatırlatmaq istəyirəm ki, söz dünyasında ruh doğmalarının bu cür halları  artıq çoxdan sübuta olunub. Deməli dünyanın, ölkənin müxtəlif səmtlərində yaşayan söz və ruh doğmaları bir-birlərini görmədən bəzən eyni mövzuda bir-birinə çox bənzər olan fikirlər qələmə alıb sözə çevrilirlər. Onda da ortaya məhz Əhməd Elbrusun dediyi «Fikrə qoşulmalar» çıxır . Mən də «Azərbaycan» jurnalının builki birinci sayında belə bir məqamı yaşadım. Jurnalın oxuculara təqdim etdiyi «Serenada» şeirində müəllif yazmışdı:

 

Səndən bir şey istəyəcəm,

amma söz ver, gülmə, gülmə.

Arada yuxuna gəlim,

sən də guya bilmə, bilmə.

 

Çox maraqlı və sadə bir məntiq. Həm ricası var, həm də yumoru. Həm gerçəkliyi var, həm də bir az xəyalpərvərlik. Belə olan halda ruha necə qoşulmayasan. Sözün ipucuna necə əl uzatmayasan... Və bu içərisində olduğum anın hökmü ilə bir də gördüm ki, pıçıldayıram.

 

Mənim ümid payımı

Gülüm, şax saxla, şax saxla...

Çəkib ruhumun yayını –

Gülüm, bax saxla, bax, saxla...

 

Beləcə pıçıldadığım misraların musiqisi də, ritmi də, yaratdığı ovqat da bir əks-səda verdi. Sanki mənim pıçıltım çağırış idi, əks-səda isə verilən cavab. Bu bir az söhbətə də, dialoqa da, hətta hardasa üz-üzə dayanıb yalnız baxışlarla çəkilən rəsmə də bənzəyirdi. Onu görməklə deyil, duymaqla oxumaq olar. Axı qarşı tərəf kökləndiyi notların üstündə, öz ruhunun dilində deyir ki:

 

Darıxanda mesaj yazsam,

«oxunmayıb» oxun atsan,

mən də cavabçın ağlasam,

mesajımı silmə, silmə!

 

İndi gördünüzmü, mən yanılmamışam. Çünki burda təhrik var, lap sadə, el-oba dilində desəm, «qıdıqlama», «qaşınma"   var... , kimisə özündən çıxartmaq üçün, kiminsə diqqətini çəkmək üçün bir tamaşa qurulub. Yəqin ki, şeirin bəndinə fikir vermisiniz. Müəllif həm mesaj yazır, həm onun oxunmadığını xatırladır, həm də ağladığını və ağlayaraq da mesajının silinməməsini rica edir. Bu istək mənim o dediyim həmin o pünhan ünvanı hərəkətə gətirmək, onu səsləmək deyilmi? Bax bu yerdə mən yenə qoşuluram həmin mühitə.

 

Yozma heç yerə bu cəlbi

Ruhum buluddan da qəlbi!

Adın yazılan bu qəlbi –

Gülüm, ağ saxla, ağ saxla...

 

İndi də mənim ürəyim, mənim sözüm həmin o pünhan ünvanı «qıdıqlamağa, özündən çıxartmağa» çalışır. İstəyir ki, onun yanında olduğumu, onun hənirini üz-gözündə hiss etdiyimi andırım ona. Bu üsul, bu məntiq, bu yanaşma o qədər təbii və öz axarı ilə davam edir ki, hətta ölüm halı da, ayrılıq, itkinlik belə bu müstəvidə bir-birini tamamlayır. Bir qom  bənövşənin rəngarəngliyini ortaya qoyur. Çünki:

 

Bir gün eşitsən ölmüşəm,

səndən izinsiz köçmüşəm,

xəbər göndər incimisən,

ağla, amma gəlmə, gəlmə...

 

 

Görürsünüz, mən yanılmadım. Hər şey baş verib, ölüm də, köç də, hətta inciklik də. Amma bütün bunların normal həyatda bir yozumu var. Baş verənlən üçün ağlamaq, sızlamaq, saç yolmaq... Müəllif isə yenə o pünhan ünvanı bütün bu halların  qismən yaşamasına o yerə qədər razı olub ki, o ağlasın. Amma ölməsin, köçməsin. Və bunun üçün də deyir Gəlmə!

Bu yerdə mən də həmin o gerçək mənzərənin iştirakçısı kimi öz ifamı, öz təqdimatımı edirəm. Mən də həmin pünhan ünvana deyirəm ki:

 

Zaman bölündükcə lək-lək

Demirəm otur, fikir çək!

Mənim adıma çubuq ək –

Ya da bağ saxla, bağ saxla...

 

Burda da mən özümə görə haqlıyam. Mənim məntiqim belədir ki, zaman hər şeyi yoluna qoyacaq, yaralar da qaysaq bağlayacaq. Sən bütün bunların şahidi olacaqsan, əgər yaddaşında da ürəyində olduğu kimi qalacamsa, onda bir çubuqla, bir ağac əkməklə onu bağ hesab edib yaşaya bilərsən. Axı:  

 

Hər gün mənə şeirlər yaz,

şəklimi sətirlərə qaz,

bir az, çox yox, elə bir az,

darıx, amma ölmə, ölmə...

 

Budu gerçək, budu əsl aşiqin istəyi, duası, alqışı və qarğışı. Görünür, bax, o ruh doğmalığı da, fikrə qoşulma da bir anda, bir duyğunu yaşamaq da elə budur.  Mən də öz məntiqimə söykənib çıxartdığım nəticəyə uyğun olaraq ruh doğmamın, fikrinə qoşulduğum həmkarımın istəyinə öz istəyimi qatıram. Və yenə pıçıldayıram:

 

Bu sevgi mənim yer kürəm

Hardan baxsan görünürəm...

Mən sənin Allah verginəm –

Könlü çağ saxla, çağ saxla!

 

Hə, indi  sizə  deməyin məqamı  gəlib çatdı: - həmsöhbət olduğum şeirin müəllifi Aidə Adıgözəl xanımdır. Özünü şəxsən tanımadığım, şeirini ruhuma doğma bilib bir məcrada, bir nöqtədə, fikrinə qoşulduğum Aida xanım!.. Bilmirəm mən öz düşüncəmlə, öz məntiqimlə, ürəyim olan sözümlə sizin ürəyiniz olan sözünüzlə həmsöhbət ola bildim, amma  Sizin adınızdan isə heç nə deyə bilmərəm. Qoy onu oxucular desin.


5430 oxunub

InvestAZ