XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Gülşən TELMANLI : - “QIZLAR BULAĞI” ROMANINDA METOFORİZM
Ədəbiyyat 13:47 / 16.05.2022

Azərbaycan ədəbiyyatında elmi və bədii yaradıcılığı, həmçinin ictimai fəaliyyəti ilə özünəməxsus mövqeyi olan Yusif Vəzir Çəmənzəminlini tarix daim maraqlandırmışdır. Uşaqlıqdan bəri gördüyü ictimai-siyasi hadisələr, böyüdüyü naqis mühit onu cəlb etmiş, düşündürmüşdür. Müəllif gündəmin nəbzini tutan məqalələri, elmi və bədii əsərlərində dövrü üçün ən aktual məsələləri diqqətə çatdırmışdır.
Y.V.Çəmənzəminli yaradıcılığının tədqiqi nəticəsində yaşadığı dövr və mühit haqqında kifayət qədər məlumat öyrənmək olar. Xüsusilə, məqalələri və avtobioqrafik xarakterli "Həyatımın 20 ili” yaxud "Bir cavanın dəftəri” adlı yazılarında demək olar ki, çox mətləblər aydınlığı ilə əks olunmuşdur. 
Azadlıq eşqi, vətən, millət təəssübü ilə çırpınan yazar əsərlərində dönə-dönə Azərbaycanın istiqlaliyyəti, keçmişindən bəhs etmişdir. Onun keçmişə işıq salan əsərlərindəki mövzular sadəcə tarixə maraq deyil, müasir həyatdakı ictimai-siyasi suallara cavab tapmaq ehtiyacından irəli gəlirdi.
Bəhs edəcəyim "Qızlar bulağı” əsəri də eyni ehtiyacdan yaranmış və müəllif özü onu tarixi roman adlandırmışdır. Tarixiləşdirən səbəb kimi proloqda adları çəkilən əsərlərə istinad edilməsi göstərilmişdir: burada 19 kitab adı çəkilir ki, çox güman bunlar müəllifin istifadə etdiyi mənbələrdir.
Repressiya illərinin romanı
Repressiyaya aparan əsərlərdən biri kimi dəyərləndirilən "Qızlar bulağı”nda əcdadın tarixini, hal-hazırkı mövqeyə necə, hansı yollarla gəldiyini anlatmağa çalışmış və bu amalı digər yazılarından başlayaraq təqib etmişdir. "Biz kimik”, "Azərbaycan və azərbaycanlılar”, "Biz kimik və nə istəyirik” məqalələri də həmin məqsədə xidmət etmişdir. Müəllif yazılarında "biz kimik, hansı millətə mənsubuq, tariximiz necədir, bu hala necə gəlmişik” kimi suallara cavab axtarmaqla sanki tarixi kimliyimizi sübut etməyə çalışırdı. Romanın əvvəlində oxuyuruq: "..qəbilənin tarixi onun-Cəməsbin tərcümeyi-halından ibarətdir” ("Qızlar bulağı” romanı). Çəmənzəminli nəyə görə tarixi öyrənməyi bu qədər vacib hesab edirdi?! Yaşadığı dövrə nəzər salsaq görərik ki, Rusiyanın yeritdiyi müstəmləkəçilik siyasətinin əsasını təşkil edən müddəalardan biri Rusiyaya sədaqətli nümayəndələr yetişdirmək, insanları milli mənlik şüurundan məhrum etməkdir. Heç təsadüfi deyildir ki, XX əsrin 20-ci illəri ədəbiyyat tariximizdə sosialist-realizmi adlanmış və həmin mərhələdə milli köklərə söykənən nə vardısa, yasaq edilmişdir. Yeridilən siyasətin faciəvi nəticələrini ürək ağrısı ilə duyub dərk edən Yusif Vəzir bununla barışa bilmir və mənən əzab çəkirdi. 
"Qızlar bulağı” romanında keçmişin müxtəlif qatlarına işıq salınmış, birbaşa, dolayı yolla Azərbaycanla əlaqəli məqamlar əks olunmuşdur. Həmin məqamlara diqqət edək:
Midyalı Cəməsb, muğ, Muğan, artıvan, Suraqxana atəşgədəsi kimi adlar bilavasitə Azərbaycanla bağlıdır. Bunun ətraflı izahını müəllifin bir çox məqaləsində görə bilərik. "Tariximiz ətrafında” yazısında Azərbaycan adının etnoqrafiyası ilə bağlı üç  nəzəriyyədən bəhs olunur ki, bunlardan biri də Azərbaycanın tarixi ərazisinin iki hissədən ibarət olması, bir hissəsinin Midiya adlandırılması, paytaxt şəhərlərindən digərinin Cəzə(Gəncə) adlandırılması yaxud müəllifin də tərəfdarı olduğu nəzəriyyəyə əsasən Azərbaycanın odlar yurdu, od məbədi olmasına, orada yaşayan moğ xalqının Kür sahillərindən Muğan çölünə gəlmələri və burada yurd salmalarına geniş aydınlıq gətirilmişdir . Əsərdə də bu adlarla rastlaşırıq: "Atam Muğandan gəlmə artıvan idi”, "Cəzənin iqliminə alışmayıb qızdırmağa başlayır” və s. 
Vətənin tarixindən, enişli-yoxuşlu taleyindən bəhs edən əsərdə ola bilməz ki, müstəqil dövlətin ilk rüşeyminə toxunulmasın. Hələ ki, onun qurulmasında, ictimai-siyasi fəaliyyətində yaxından iştirak etmiş bir şəxsdən söhbət gedirsə. "Qızlar bulağı”nda oxuyuruq: "Günəş var ikən, ay var ikən, yeddi qardaş ulduz səyrişərkən göylərin əzəmətini duyarkən Midiya səltənəti yerə hakim idi.  Onun ordusunun qüvvətindən Babil titrəyir, Elam və Suz amana  gəlir, iskit Dərbənddən aşağı ayaq basa bilmirdi. Bu ifadələr bizə yad deyil: ay, ulduzlu bayrağımız, aləmi lərzəyə gətirən qüvvətli ordumuz hər kəsə əyandır. Yaxud, "Serimedis adlı bir muğ Həmədanı əldə edərək səltənətə oturdu. Atəşlər yenidən parladı. Zərdüştilərin üzü gülməyə başladı...Serimedis hökmranlığı da uzun sürmədi” ("Qızlar bulağı” romanı) misraları heç şübhəsiz, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinə işarədir.
Dördüncü pillədəki qocanın əhvalatı da cümhuriyyət qurucularını xatırladır. Naramsin cümlələrini onu əməlləri ilə yaradan, əbədi ruh qazanan şəxsiyyətlərlə əlaqələndirmək mümkündür. "Bu gördüyünüz Abadan qəbilə də ruhların məhsuludur. Fərdlər ölər, əməlləri onların ruhlarını əbədi yaşadar”.
Ardınca oxuyuruq: "Günəş altında heç bir şey baqi deyil! Yalnız mətanət və mübarizə baqidir!”. Dəfələrlə devrilməsinə baxmayaraq bir çox qaynaqlarda qeyd olunan kimi desək, Simurq quşu kimi öz küllərindən yenidən doğulan Azərbaycan mətanəti, mübarizəsi ilə mövcud olmuşdur və bu gün də olmaqdadır.
Yaşamaq haqqı-mübarizə gücü
Y.V.Çəmənzəminlini Şərq qadınının hüquqsuzluğu, Azərbaycan qadınının acı taleyi  çox düşündürmüşdür. Bu mövzuda bir çox bədii və elmi əsərlər qələmə almışdır. "Qızlar bulağı” və bu mövzuda yazılmış məqalələrindəki paralelizmə baxaq: Romanda Cəməsb və bacısı Jinduqtun taleyi vasitəsilə köhnə adətlər, qadın hüquqsuzluğu, dini ehkamların müqəddəsliyini görürük. Bununla yanaşı Çoponun mühiti, gənclərə azad ailə qurmaq imkanının verilməsi ilə təzad yaradılmışdır. 
"..arvadlarımızın hüquqsuzluğu, onların şəxsiyyətsiz bir para şey sanılmaqları hamıya məlumdur. Könülsüz ərə verilən müsəlman qızlarının özlərini öldürmələri, oda atmaları, yaxud xristianlığı qəbul etmələri ki, qəzetələrdə yazılır, bəs niyə bu biçarələrin səslərinə səs verən yoxdur?”.  Eyni motivi Jinduqtun taleyində görürük. Dini qaydalara əsasən qardaşına arvad olan biixtiyar qız son çarəni ölümdə tapır. Onun da səsinə səs verən yoxdur. "Sabah səsə ayıldım daxmaya meyit gətirmişdilər. Artıvanlar arasında atamı və Eyzədəsbi gördüm. Məni görcək hönkürtü ilə ağlaşdılar..qonşumuza sordum, qısa olaraq hadisəni anlatdı: gecə Eyzədəsbi yataqda qoyaraq çıxmış, gözləmişlər gəlməmiş. Səhər tezdən meyitini Semiramis qələsinin altından tapmışlar, bürcə çıxıb, oradan özünü atmışdır..”. Yaxud, "..əsrlərdən bəri 150 milyonluq bir insan kütləsini əsir edən, kabus kimi pəncəsində saxlayan çarşaf və çadra bu gün məğlub olmadadır...artıq zənciri qıran zəhmətkeş qadın dərəbəy məfhumlara boyun əymək istəmir. İnqilab davam edir və əsrlərin kölgəsini daşıyan, fəna qoxuyan həyatı alt üst edərək yenilik saçır”. Bu cümlələrdə isə Çopo və onun çağdaş mühitində əski ehkamlar yırtılmağa başlayır və azadlıq doğur. Hüquqsuz əcdad Jinduqt və müəyyən müstəqilliyə malik nəslin nümayəndələri Çopo və Ceyniz. Son nəticə olaraq müəllif millətin səadət günəşinin ailə üfüqlərində parlayacağına inam yaradır.
Din yoxsa siyasət?!
Romanda insanların dinə münasibəti, psixologiyası, hakimiyyəti ələ keçirmək üçün ondan bir vasitə kimi istifadə etməsi ustalıqla açılıb göstərilir. Çopo iskitlərin içinə kəşfiyyat üçün gedir və müşahidə etdiyi əsas şey dinin iskitlər arasında böyük nüfuza sahib olmasıdır. Bundan faydalanmağa başlayan Çopo çox keçmədən özünü qam (din nümayəndəsi) kimi tanıtmağa nail olur və hadisələrin gedişini dəyişdirməyi bacarır. "Hakimiyyət ətrafında çox həngamələr  olduğunu ilk dəfə duydum və istifadə etmək yollarını düşünərək saraya getdim”. Əzəldən hakimiyyət ətrafında çox həngamələr olmuşdur ki, biri də din pərdəsi altında görülən işlərdir. 
Ruhanilərin Sovet hakimiyyətinə qarşı çıxmaları və böyük qüvvəyə təsir etmələrinə görə bolşeviklər onlardan ehtiyat edirdilər. Yeni hakimiyyət qurulduqdan sonra məscid əmlakının, vəqf torpaqlarının müsadirə olunması dindarların qəzəbinə səbəb olmuş və hakimiyyətə qarşı çıxışlara başlamışdırlar. İlk vaxtlar respublikanın ərazisində dindarlar izlənir, sinfi düşmən kimi damğalanır, Sibirə sürgün edilib güllələnirdilər. Çünki, din xadimləri əhali arasında böyük qüvvə hesab olunurdu və xalqı  ardınca apara biləcək gücə sahib idi. Kommunistlər müsəlmanları özlərinə cəlb etmək, ümumi dil tapmaq, öz müttəfiqinə çevirmək istiqamətində addımlar atmağa başladılar. 1921-ci ildə İ.Stalinin dəstəklədiyi "qırmızı şəriətçilər” hərəkatı yaradılmış, nəticədə əvvəllər müsadirə olunmuş əmlaklar geri qaytarılmış, ruhanilərin də hakimiyyətə münasibətində dəyişiklik yaranmışdır. Artıq onlar antisovet ruhlu çıxışlar etmir, yeni höküməti dəstəkləyirdilər. Təbii ki, bu siyasət zahiri dostluqdan başqa bir şey deyildi və əsas məqsəd onlardan bir vasitə kimi istifadə etmək idi.
Əsərin əvvəlində də müəllifin dinə yanaşması var. Deyərdim ki, bu münasibətin özəyində real hadisələr durur. Y.V.Çəmənzəminli avtobioqrafiyası ilə tanışlıqdan sonra romanda belə bir eyniyyət diqqət çəkir. Cəməsb nəsil ənənələrinə görə artıvan olmalıydı. Onları dini təlim keçmək üçün məbədə çağırırlar və Cəməsb şahidi olduğu hadisələrdən sonra məbədə getməkdən imtina edir. "..halbuki, o, əllərini ac qurd kimi quzu buduna uzadandan bəri ürəyim ondan soyumuşdu” yaxud, "atəşgədə yanından keçərkən Şizi gördük. Hiddətlə yanaşıb:
-Məbədə niyə gəlmirsən?,- sordu”.  Y.Vəzirin xatirələrində də oxşar əhvalat oxuyuruq. Atasının "niyə ağanın yanına getmirsən, səni çox xəbər alır” sualına "getmirəm, çünki mənim boynuyoğun və insafsız adamla işim yoxdur” deyə cavab verir. Bunlar da heç şübhə yoxdur ki, yazarın şahidi olduğu hadisələrlə əlaqədardır.
Qadağan olunmuşlar
"Şura Yazıçılarının Ümumittifaq Qurultayına” roman belə bir epiqrafla başlayır. Əsər boyu da şura, qurultay təşkil etmək, qərar qəbul etmək kimi səhnələri ilə qarşılaşırıq. Xüsusilə, Nahura adlı bir qızın öz qəbiləsindən olan Murdadı sevməklə qəbilə qərarlarına qarşı çıxması, sabahı gün "şura çağırılıb, müzakirə edilməsi” hissələri xəyalımda XX əsrin əvvəllərində baş verən hadisələri canlandırdı. Bir düşünün:  necə ki, Sovet ideologiyasından deyil, Azərbaycandan, onun tarixindən yazan, bir növ "öz qəbiləsindən olanı” sevənlər şura qarşısında müzakirəyə çıxarılır, müxtəlif səbəblər gətirilməklə ya "parçalanma”, ya "sürülmə”, ya da "bağışlanma” qərarı alırdılar. Əsərdə də eyni motivi görmək mümkündür.
Daha sonra Murdadın fikirlərinə diqqət edək: "Yaradılış hisdən nəşət edər. Hiss heç bir ağıl və məntiqə tabe olmadan dünyanın davamına səbəb olmuş və olur”. Qəbilə qanununa görə insanlar hissə yox məntiqə əsaslanaraq özlərinə həyat qurmalıydılar. Bu nizamı pozanlar isə cəzalanmalıydı. Eynilə Sovetlər dönəminin hislə yazanları məntiq cilovuna salmaq, ideologiyasından döndərmək istəyi kimi.
Yazarın bədiilik arasında gizlətdiyi taleyüklü məqamlardan biri də şəxsi mənafeyə xidmət edən qərarlardır. Əvvəlki səhifələrdə müəyyən zaman aralığında milli kökə dayanan anlayışların yasaq olunduğundan bəhs etmişdik ki, bunlardan  biri də musiqimiz və musiqi alətləridir. Romanda oxuyuruq:
Qopuz- Şair Milnir qopuz çalır, "Qopuzun ilahi səsi ruhumuza əks edərək bizdə həyəcanlı nəşələr doğurdu”. Başqa bir məqamda musiqinin əhəmiyyəti qabardılaraq onun ağır əməyi yüngülləşdirmək üçün bina tikintisində, xəstələri müalicə məqsədilə xəstəxanalarda istifadəsindən danışılır.
Pillələrdə yaşayan gerçəklik
"Qoç” qəbiləsinə getməzdən əvvəl yeddi Xoruz məbədində yeddi qocanın hekayəsi ilə tanış oluruq. Hər birinin dərin qatlarında  gizli məna yatır. Pillələrə qalxdıqca bir qoca neyin müşayiəti ilə əhvalat danışır. Hər halda buradakı ney də təsadüfi seçilmiş alət deyildir. Onun yanıqlı səsi, sanki qəmdən xəbər verməsi, taleyin acı səhifələrinin vərəqlənməsindən xəbər verir. Birinci pillədə AXC-ə, ikinci pillədə yoldaşa sədaqət fonunda vətən düşmənlərindən intiqam almağa işarələr verilmişdir. (Əvvəlki hissələrdə bu haqda bəhs olunub.)
Üçüncü pillədən başlayaq: "..dünyadakı ədalətsizliyi nə ilə izah edərsən? Gözlülər arasında işığa möhtac korlar var, xoşbəxtlər arasında talesizlər var, bolluqda yaşayanlardan çox yoxsul, ağalardan çox qul, gözəllərdən çox çirkinliyindən utananlar var.. bu ədalətsizliyi kim törədir?”. Gözü olan hamı ətrafı eyni cür görüb qavramır, yaxud qavramaq istəmir. Güclü dövlətlərin zəifləri əzməsi, müstəmləkəyə çevrilən ölkələrdə törədilən vəhşilikləri, ağır şəraitdə yaşayan fəhlə-kəndli hərəkatları, boyun əymək istəməyənlərin acı taleyi, qul halına salınmaları ədalətsizlik deyilmi? Bu ədalətsizliyin səbəbi nədir? Və kimlərdir? Qayıdaq Sovet hakimiyyəti illərinə: hakimiyyətdə oturanlar hüquqları tapdanmış insanları, üsyanları, muxtariyyət tələb edən kütləni gözləri ola-ola görməzdən gəlirdilər. Ədalətsizliyin də səbəbi məhz bu "gözlülər içində həqiqətə möhtac korlar” olmuşdur. Hekayənin sonunda müəllif işığın qalib gələcəyinə inam yaradaraq yazır: "Dünya işıqlar içində parlayacaq, insan əbədi səadətə nail olacaq. Həqiqət budur!”
Növbəti beşinci pillədə (dördüncüdən yuxarıda bəhs olunub) xəstələnib işə çıxmadığı üçün zorla qulu çubuq altına salmaları, zavallının dözməyərək ölməsi, bunun şahidi olan Mariqerinin qulları təhrik edərək fironun adamlarını öldürmələri təsvir edilir. "Zülmün mənbəyi saraydır! Saray!” səsləri eşidilir. İmperiyanın ən mühüm sənaye mərkəzinə çevrilən Bakıda işsizlik, maaşların az olması, ağır iş şəraiti, neft sahəsində ölüm faizinin yuxarı olması əhalinin səbr kasasını daşırırdı. Bu səbəbdən də bir çox tətillər başlayır və amansızlıqla yatırılırdı. Mariqerinin sonda "Heyvanları himayə edərək, insanları heyvan şəklinə salan bir həyatı məmnuniyyətlə tərk edirəm” deyərək zəhəri başına çəkməsi də olduqca mənalıdır.
Altıncı hekayədə quraqlıq ucbatından aclığın insanları fəlakətə sövq etməsindən, son əlac bir birlərini yeməsindən bəhs olunur ki, bu hissə bir qədər romantik tərzdə qələmə alınmışdır və bir qədər də fəlsəfi mahiyyət daşıyır. Çocuq və Aqni arasındakı söhbətdə bir tərəfin dediyini digərinin inkar etməsi və bunu əsaslandırması nəticə etibarilə, insanlara Padşahın bədənə başın hakim olması iddia olunur. Fəqirlər bunu inkar edərək başlarını çıxarıb yerə atırlar, sonra yenidən görürüb əvvəlki vəziyyətə qayıdırlar. Belə əlaqələndirmək olar ki, müəyyən dövrlərdə, eləcə də indi öz ağlından istifadə etməyən, səhv də olsa, başqalarının cızdığı yolla getməyi hünər hesab edənlər çox olmuşdur.
Bir çox əsərlərdə gördüyümüz zülmün cəzasını zülm görənin verməsi motivi ilə yeddinci pillədə rastlaşırıq ki, bu bir zamanlar ədalətin yerini tapmasını simvolizə edirdi. Atinada zənginliyi ilə məşhur olmuş Nestorun döydürdüyü qul Filipp tərəfindən öldürülməsi bu ideyanın davamıdır. Həmin hissədə diqqət çəkən məqamlardan biri də döyülən müti qullat səslərini çıxartmağa cürət etməzkən Filipp özündə güc tapıb söyüş söyməyə başlayır. Bu inqilabın ilk cücərtiləridir ki, tək-tük gözü açılanlar sahəsində damla dönüb ümman olacaqdır.
"Son zamanlar məmləkətin varidatı məsələləri dövlət adamlarını çox narahat etmədə idi”. Yenə eyni hekayədə gümüş mədənləri ilə zəngin olan yurdun başqa dövlətlərin diqqətini cəlb etməsi Azərbaycanın sərvətlərinə tamah salanlara, bəlkə elə Nestorun ağ mərmərdən heykəlini yapdırması da XX illərdəki şəxsiyyətə pərəstişə işarədir. "Nestor yeni tikdirdiyi evini süsləndirmək, əlavə olaraq, şöhrətini artırmaq üçün özünün ağ mərmərdən heykəlini yapdırırdı”.
Milli ruhu sınmış millətin məhvə məhkumluğu
Romanın alt qatına getdikcə Yusif Vəziri görürük, onun düşüncələrini duyuruq. Ceynizlə Çoponun dialoquna baxaq: "Həmişəki kimi şikayətlənirdi.
-Canım,- dedi:
-Bu adətlər bitməyəcəkmi? Sürü kimi bizi burdan oraya dartırlar. Artıq bıqdım. Mən cavab vermədim. Susduğumun mənasını anlayaraq mülahizələrinə davam etdi:
-Sənə nə var, hər şeydən həzz duyursan. Mənim içimi şübhə yeyir. Dərdimi kimsəyə aça bilmirəm. Vulkan olub məni titrədir”. Qəlbini şübhə yeyən, vulkan olub titrəyən, dərdini kimsəyə aça bilməyən elə yazarın özüdür. Sovetlır dönəmindəki kollektivləşdirmə, ümuma fayda vermək, qatı mərkəzləşdirmə, əhaliyə verilən yalançı vədlərin kağız üzərində qalması, yenə xalqı soykökündən uzaqlaşdırmağa çalışmaları millətpərvər ziyalıların açıb ağarda bilmədikləri ən böyük dərdi idi. 
Digər bir məqamda verilir: "Tariximizi bilirsən, amma qəbilə həyatına keçməyimizin əsil səbəbini dərk edə bilmirsən. Cürət edib bu sözü deyirəm. Bağışla! Qəbilələrə Babil, Midiya, Kapadosya, Urartu, Pars, Xaldeya, Qara dəniz sahillərindən belə adamlar toplanmışdır”. Cürət edib bu sözləri deyən Y.Vəzir, zahirdə qəbilə kimi təqdim olunan da rus imperiyasıdır. On beşə yaxın ölkəni özünə birləşdirən Rusiya Azərbaycanı da tərkibinə aldıqdan sonra burada yeni quruluş yaranır. Dəyişimin səbəbi isə saray istibdadı- İranda ən yüksək zirvəsini yaşayırdı, müharibələr, daxili iğtişaşlar, din naminə qan tökmələr, zorluların əmlak iştahasının xalqı zara gətirməsidir.
Soydaşlarımızın acınacaqlı həyatı, xoşbəxt yaşamaq ümidi ilə baş götürüb başqa diyarlara qaçması da əsərdə real şəkildə təsvir olunub. "Həyat ağırlaşaraq zəifləri, zəhmətinin barını yeyə bilməyənləri qaçmağa məcbur etmişdir”. Bu kateqoriyaya neçə-neçə incəsənət, elm xadimlərini aid edə bilərik ki, təqibdən qurtulmaq üçün ömrünün sonunacan mühacirət həyatı yaşamışdırlar.
Şəxsiyyətin azadlığı fikrini daşıyan, insana əsarət zənciri kəsilən ayinləri tərk etmək istəyən Ceyniz bir gün qoxuyan meyidə keşik çəkmək qaydasını pozur və yoldaşlarını da buna sövq edir. Sovet rejminə qarşı xalq hərəkatlarını xatırlayaq ki, Ceynizin təhriki  də onların bir nümunəsidir. Eyniyyətə baxaq: üsyanlar hakim dairələrin işə qarışması, rəhbərlərin və iştirakçıların cəzalandırılması ilə nəticələnirdi. Qaçanlar qaçır, qalanlar müxtəlif üsullarla tənbeh edilirdi. Romanda da eyni mənzərə yaradılıb. Qəbilə camaatı qaydanı pozan kiçik dəstəyə hücuma keçir, Ceyniz gizli şura çağırır və lüzumsuz adətlər təhlil olunduqdan sonra məhvinə qərar verilir. Yoldaşlardan birinin cavabında reallığı görürük: "Bizim mənəvi qüvvəmizdən onların maddi qüvvələri çoxdur. Qovğada məğlub olarıq, fikrimiz qanlara qərq edilər”. Üsyanların qanla yatırılması tarixi mənbələrdə ətraflı əks olunmuşdur.
Romanın sonuna doğru getdikcə inqilabi ruh, üsyana çağırış daha da güclənir. Müxtəlif obrazlar vasitəsilə qaldırılan problemlər ümumiləşdirilir və çıxış yolu göstərilir. Durğun həyat aşiqi olan Çopo və hərəm ağasının söhbətinə diqqət edək: "..zülmə qarşı üsyan edərik, yalnız dərdlilər birləşməli və hər bir fədakarlığa hazır olmalı” yaxud "özgələrin dərdini gördükdı öz dərdimi unuduram”. Bunu müəllifin avtobioqrafiyasında da görürük: "Azadlıq haqqımızdır, verilməzsə, zorla alınmalıdır”.  Zülmün, fəlakətlərin səbəbi Xaqan, cazası isə ölümdür. "Ya minlərcə adamın səadəti, ya Xaqan”. Çoponun mülahizələrini hərəm qadınları və qullar arasında yaymalarına paralel olaraq antisovet birliklərinin ideyadaşlarını bir cəbhəyə toplayıb, təşkilatlandırmalarını xatırlaya bilərik.
Cəza vasitəsi kimi zəhər təklif edilir. Niyə məhz zəhər?  Əksər mənbələrdə olan bu motivə fərqli mövqedən də yanaşa bilərik. Hakimiyyət elə bir məfhumdur ki, bütün zehniyyəti, ruhu zəhərləyir. Bu yolda doğma övladlarının canına qıyan, hər cür vəhşilikdən, nahaq qana batmaqdan çəkinməyənləri saymaqla bitməz. Siyasətlə zəhərlənənlər axırda öz,silahları ilə ölməyə məhkumdurlar.
Y.V.Çəmənzəminli qurulmuş hakimiyyətin də çox çəkməyəcəyini, gec-tez vətənin öz sahiblərinə geri dönəcəyinə inanmışdır. "Qartal yuvası yenə qartal yavrusuna nəsib oldu”. Hər şeyi dəqiqliklə nizamlayan yazıçı "qartal” sözünü də təsadüfü işlətməmiş, çox güman qartal və qartala bənzər xəritəmiz arasında da müəyyən bağlılıq olmuşdur.
1933-cü ildə yazılmış "Qızlar bulağı” romanı tarixi gerçəkliyi əks etdirən, yarı tarixi, yarı fantastik bir əsərdir. Nağı içində nağıl motivli olub Çoponun həyatının üç fərqli dövrünü əhatə edir. İstifadə olunan qəbilə adları totemlərlə bağlıdır və zərdüşt adətləri dəqiqliklə təsvir olunur. Burada bir çox taleyüklü məsələlərə toxunulur: qadağan olunmuş anlayışlar, köhnə adətlər, qadın hüquqsuzluğu, yeni ailə münasibətləri və Azərbaycanın tarixi və s.
Roman iki hissədən ibarətdir: birinci hissə gənclərin köhnə adətləri, qəbilə tərcümeyi-halını öyrənməsi və "Qoç” qəbiləsinə yola düşməsinə qədərki dövrü, ikinci hissədə isə artıq yeni quruluşdakı yaşantıları əhatə edir.

3997 oxunub

InvestAZ