XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Xalq yazıçısı Elçinə məktub: - Qurban Bayramov
YAZARLAR 08:37 / 14.05.2022
Ədəbiyyatımızın xan çinarı, sahilsiz istedadın imkanları…

Hörmətli Elçin müəllim! Sizi – Azərbaycan xalqının, bütün türk dünyasının görkəmli, ünlü yazıçısını, drmaturqunu, ssenaristini, ədəbiyyatşünas-tənqidçisisni, ictimai xadimini, filologiya elmlər doktorunu, professoru anadan olmağınızın 70 illik yubileyi münasibətilə təbrik edirəm!..

Siz "gözəllik uzaqda deyil, həyatımızda, məişətimizdədir, xalqımızın özündədir” estetik prinsipi ilə qələmə sarılmısınız, gözəllik kəşfiyyatçısı olmusunuz; təkcə "Bir görüşün tarixçəsi”n yox, əsərlərinizlə xalqımızın, millətimizin mənəviyyat tarixinin bədii səlnaməsini yaratmısınız;
"Aman ovçu, vurma məni” deyə-deyə, təkcə "Hökmdarın taleyi”ni yox, həmişə Azərbaycan xalqının, xalqı xalq edən Azərbaycan dövlətçiliyinin taleyini düşünmüsünüz; "Ölüm hokum”ndən qorxmayaraq sənələr, mərhələlər, devrimlər adlayaraq "Mahmud və Məryəm” roman-dastanını bağlamısınız; mənəvi tariximizin sonsuz səhralarında səmum yellərinə sinə gərə-gərə "Ağ dəvə” karvanının ustad sarvanı olmusunuz və milli-mənəvi yaddaşımızda ağ rəng ümid, murad rəmzidir. Sizin "Ağ dəvə”nizin ləpirlərində ağ güllər çiçək açır...  
"Ağ dəvə” karvanının yolu ağ işıq dolu nurlu sabahlaradır, bu, Azərbaycan xalqının yoludur; "Ah, Paris, Paris…” – qibtə hissini keçirə-keçirə Bakımızın, Gəncəmizin, Təbrizimizin, Ərdəbilimizin, Şuşamızın, Naxçıvanımızın işıqlı sabahları ilə xəyallanmısınız; "Bayraqdar” qəbildən əsərlərinizlə həm 60-cılar ədəbi nəslindən üzü bəri ədəbi nəsillərin bayraqdarına çevrilmisiniz, həm də, Milli bayraq istəyiniz həyata keçib, arzularınız çin olub, coşğun bəxtəvərliklə Respublikamızın Bayraqdarı ilə birgə Bakıda ucaldılan və dünyada rekord qıran ən hündür bayraq meydanında Milli bayrağımızın açılış törəninə qatılmısınız…

"Baladadaşın ilk məhəbbəti” ilə bədii kinomuzun həyatına əbədi məhəbbət bağlamağınız və bir-birinin ardınca çəkilən 22 filminiz, o cümlədən –  "Arxadan vurulan zərbə” (təssüf ki, bu cür zərbələrlə həyatınızda da dəfələrlə qarşılaşdınız), "Gözlə məni”, "Gümüşü furqon”, "Bağ mövsümü”, "Sahilsiz gecə”, "Hökmüdarın taleyi”, "Üç zirvənin fatehi”, "Silinməyən izlər...”,  "Mahmud və Məryəm” ssenariləriniz əsasında çəkilən filmlər Azərbaycan kino mühitinə yeni, təravətli bahar mövsümü gətirmiş, kinomuzda silinməyən izlərə dönmüş, Sizi isə zirvələr fatehi etmiş, istedadınızın sahilsiz imkanlarının təcəssümünə çevrilmişdir...

Azərbaycan və Türkiyə kinematoqraflarının birgə layihəsi olan "Mahmud və Məryəm” filminin dünya ekranlarına çıxması faktı isə deyərdim ki,  dahi Üzeyir bəyin "Arşın mal alan”ından sonra Azərbaycan kino mədəniyyətinin müasir mərhələdəki ən böyük qələbəsidir...

Sizin, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin nüfuzlu şəxsiyyəti, ziyalısı kimi  ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak etməyiniz Sizin bir şəxsiyyət tipi kimi miqyasınızın ölçülərindəndir...

Bu planetar ölçünün başqa bir nümunəsi də, əsərlərinizin nəşr və yayılma coğrafiyasıdır!

"Min gecədən biri" adlı ilk hekayələr kitabından (1965) başlayaraq Azərbaycan və dünyanın müxtəlif xalqlarının dillərində 100-ə yaxın kitabınızın nəşr olunması, əsərlərinizin ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilməsi, kitablarınızın ümumi tirajı 5 milyonu keçməsidir... Şeksprin vətənində pyeslərinizin səhnə həyatıdır...     
Bütün bunlar isə  "Azərbaycan ədəbiyytı Biləcəridən o yana keçmir!” mifinin bir yolluq darmadağın edilməsidir!..  Vaxtilə türk fatehləri – Mete, Çingiz xan, Teymurləng, Şah İsmayıl ölkələri qılınc və ordu zoruna fəth edə-edə fateh adını qazandılar... Amma Siz, şükürlər olun ki, böyük Azərbaycan yazıçısı kimi qələminizin qüdrəti və sözün gücü ilə ölkələri fəth edə-edə Azərbaycanı tanıdırsınız! Siz ulu sərkərdə babalarımızın tarixən qılınc gücünə etdiyini XXI əsrdə qələmin və sözün gücü və qüdrətilə edirsiniz! Məntiqə görə - Atilla da fatehdir, Elçin də!!

Sizi əbəs yerə "Azərbaycan ədəbiyyatının canlı klassiki” adlandırmırlar! Siz və Anar müasir ədəbiyyatımızın qoşa qanadısınız!.. Bu qoşa qanadlar olmasaydı son 50 ilin, xüsusən də, müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı səmasında belə pərvaz, bizi də belə sərəfraz etməzdi!!.

 Bu deyim də, Sizin barənizdədir və həqiqətən də belədir:  "Elçinin yaradıcılıq texnologiyası o qədər cazibədar, rəngarəng olmuş, eyni zamanda yaradıcılıq tempi o qədər artmışdır ki, hərdən adama elə gəlir ki, onun özü ədəbi mühitin içində bir ədəbi mühitdir. Bəzən onun ədəbi irsi – romanları, povestləri, pyesləri, hekayələri, ədəbi-tənqidi görüşləri, tərcümələri, ssenariləri, publisistika nümunələri bir nəfərin yox, bir ədəbi nəslin irsi kimi görünür.” (Abid Tahirli)

Sizin şəxsiyətiniz və yaradıcılığınız haqqında yüzlərlə deyimlərin içində bir deyimi də xatırlatmaq istərdim: "Tam səmimiyyətimlə deyirəm ki, müasir dramaturgiyada olan boşluğu Elçin müəllim doldurur. Onun "Teleskop” əsəri çox maraqlı əsərdir.” – bu sözləri, elə belə adam demir, Elçinin bir əsərini də tamaşaya qoymayan, amma arzysunda olan  tanınmış rejissor, xalq artisti, profesional səhnə ustası Mərahim Fərzəlibəyov deyir.  "Arılar arasında” traqikomediyanız, "1937-ci il” adlı tragediyanız, "Sənətkarın taleyi”, "Qatil”, "Şekspir”, "Mənim sevimli dəlim” qəbildən pyesləriniz XXI əsr dramaturgiyamızın nadir nümunələrindəndir...

Adətən, teatrlar rejissorların adları ilə tanınırlar, teatrın  müəllifin adı ilə tanınması isə qeyri-adi bir hadisədir.  Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun "Mənim sevimli dəlim” pyesinizin Londondakı premyerasında söylədiyi bu sözlərini də, təsadüfi saymırıq: "Onun əsərləri "Elçin teatrı” kimi tanınmışdır. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır.” Belə ki, yazıçının bütün əsərlərinin nümunəvi olduğunu diqqətə çatdıran diplomat, "Şekspir" pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını da, xüsusən vurğulayır.  Bir sözlə, müasir mərhələdə Azərbaycan xalqının ədəbi, mənəvi, mədəni intibahının nədən ibarət olduğu Sizin şəxsiyyətinizlə, planetar miqyaslı fəaliyyətinizlə, bir daha, sübuta yetirilmiş oldu...

Siz millət üçün estetik sərvətə çevrilən amalları qələmə alan müqtədir sənətkarsınız! Millətin mənəvi gərəyini bədii sözlə ifadə etmək səlahiyyətinin ağırlığına Sizin çiyinləriniz Herakl gücü, Prometey dözümü ilə dözür!.. Məhz bu cəhətlərinizə görə, Sizi "Nobelçilər” sırasında görmək istəyən çox tanınmış ziyalılar da var və yəqin yaxın gələcəkdə onların bu istəyi də real olacaqdır...

Həmçinin Sizin elmi-nəzəri yaradıcılığınız müasir filoloji fikrimizin güclü mənbələrindən biridir. Elçin müəllim, Siz onlarla monoqrafiyaın, yüzlərlə elmi-nəzəri məqalənin müəllifi olan görkəmli nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professorsünüz. Təsadüfi deyildir ki, Sizin "kərpic-kərpic” on cildlik «Seçilmiş əsərləri»nizin dörd cüldini  elmi əsərləriniz əhatə edir. Məsələn, «Tənqid və ədəbiyyatımızın problemləri», «Klassiklər və müasirlər», «Ədəbiyyatda tarix və müasirlik problemi», «Klassik aşıq poeziyasında «Dünya» obrazı»,   böyük mütəfəkkir Üzeyir bəyə həsr olunmuş «Bəstəkarın vətəndaş sözü» və  Azərbaycanın böyük milli yazıçısı C.Cabbarlıdan bəhs edən «Şəxsiyyət və istedad»,  "Sosrealizm bizə nə verdi?" təkin fündamental monoqrafiyalarınız Sizin böyük alim-ziyalı amalınızın,  alim-vətəndaşı yanğınızın, gərgin tədqiqatçı əməyinizin bəhrələridir...  Sizə dünyanın bir çox tanınmış universitetlərinin, xüsusən də, İstanbul Kültür Universitetinin "Fəxri doktor"u adının verilməsi də, sizin virtioz tədqiqatçı bacarığınızın, geniş diapazona malik yaradıcılığınızın, həssas yazıçı fəhminizin, çevik tənqidçi təfəkkürünüzün  nəticələrindəndir...

Sizin yrdadıcılığınızın sahilsiz imkanları sayəsində müasir filoloji problemlərin bir qismi öz həllini tapmış, bədii yaradıcılığınızın əsasında isə onlarca namizədlik və doktorluq elmi işləri yazılmış, Azərbayca filologiyasının yüksək səviyyəli, konseptual, "...şünaslıq” qismində elmi-nəzəri xəttini meydana gətirmişdir...

Siz, təkcə bu günümüzün deyil, gələcəyimizin, dünyamızın əbədiyaşar yazıçısısınız!.. Siz, müasir dünyamızın bədii söz ritmini bütün nüansları, faktları, tonallıqları ilə canlandırmağı bacaran söz ustasısınız!..

Sizin yaradıcılığınız bütövlükdə xalqımızın mili təfəkkürünün bədii kəşf səviyyəsində şəhadətnaməsidir, kamal attestatıdır!..

Sözün canı istedadlı yazıçının qələminin ucundadır. Siz, söz sahibisiniz! Siz, sözə qüdrət verən, sözü mataha mindirən, sözə sahib çıxan kişilərdənsiniz!..

Sizin əsərləriniz – hekayələriniz, povestləriniz, romanlarınız, pyesləriniz, ssenriləriniz, elmi-nəzəri monoqrafiyalarınız, mükəmməl publisistikanız, maraqlı müsahibələriniz ədəbi-estetik dəyəri, milli əhəmiyyəti, populyarlığı, uzunömürlülüyü baxımından Azərbaycan xalqının ədəbiyyat və mədəniyyət xəzinəində, çoxəsirlik ədəbi-estetik və ictimai fikir tarixində çox böyük nümunələrdir, onların müəllifi isə əsil ədəbiyyat xadimidir, mədəniyyət xadimidir, incəsənət xadimidir – ictimai xadimdir! Əgər belə demək mümkünsə, öz millətinə, xalqına başdan-başa layiq –  vətəndaş xalq xadimidir!..

Bir var vətəndaşlıq mövqeyini sonradan qazanasan, bir də var nəslən, nəcabətən vətəndaş olasan! "Ot kökü üstə bitər!” – deyib atalar! Dəvətikanı yüz dərdə məlhəmdir! Niyə? Çün ki, kökü 400 metr dərinliyə gedir!.. Kökü-köməci dərinlərdə olanlara min şükür!!..

Müasir dövrdə iki böyük ziyalı, iki böyük yazıçı var ki, xalqımız uşaqlarına, övladlarına fərəhlə onların adlarını qoyurlar – Anarın və Elçinin! İndi Anarlar, Elçinlər çoxdur! Hətta Elçin adında yazarlar da çoxdur, amma xalq yazıçısı Anardan, Elçindən yoxdur!!

Sizin belə bir ifadənizi xatırladım: "Çinarın gözü görünmür, çinarın gözü şəffafdır, çünki əslində çinar bütun gövdəsiylə, budaqlarıyla, yarpaqlarıyla görür...”  Elə bu sözlərlə də, məktubumu bitirirəm: "Siz, bütün ədəbi possesi, Azərbaycanı, dünyamızı  bütün şəffaflığı ilə görən ədəbiyyattımızın xan çinarısınız!..

Azərbaycanın xalq yazıçısı, ictimai xadimi, filologiya elmlər doktoru, professor, Elçin müəllimi, hamımızın Elçinini bir daha təbrik edir, ona xan çinar ömrü arzulayıram!..

Böyük hörmətlə, qələm dostunuz,
tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov


2492 oxunub

InvestAZ