İstedadlı şair Əbülfət Mədətoğlunun
yaradıcılığı barədə ikinci yazı
Bitdi, səni ağrıdan
O acı sevgi, bitdi!
Ürək saldı taxtından
O tacı, sevgi bitdi!
Belə zənn etmək olar ki, acı sevgilərin
bitdiyi vadilərdə insan, (çox vaxt) taledən gələn səs-sədadan diksinməmək üçün
özünü müxtəlif səmtlərə vurur, öz yaddaşını (saatın əqrəbləri hesabına) zamanın
axarına atır. Hec şübhəsiz, qələminin sanbalına adımız kimi əmin olduğumuz
Əbülfət Mədətoğlu şeirinin mənəvi təsirləri də bu axarı (bir az sakit, bir az
təlatümlü an kimi) xarakterizə edir. Bu yaddaş tablosunda istedadlı şairin
kövrək duyğuda təzahür edən qaynar fəlsəfi hissi, milli xarakterdə əks olunan
vətəndaşlıq əzmi, bir az da acı girdablara mənəvi ağırlıq verən insan meylləri
var. Oxucu məhz bu «vadilər»dən Əbülfət Mədətoğlu şeirini «hədəf alır».
Yuxarıdakı bir parça şeirdə də yaddaş anı çırpıntıya məruz qalmış bütün poetik
səmtlərə açıq təfərrüat verir. Şeirin «Bitdi, səni ağrıdan o acı sevgi, bitdi!»
konkretliyi aşkar qorxu doğurur;
sanırsan bir azdan Qiyamət qopacaq, umduğun şeylər dadını itirəcək. Bu vəhşəti
isə tək bir adamın yox, hamının günahı kimi qəbul etməliyik. Çünki həyat «o acı
sevgidə zahirdir», o, bitdisə, can da, ruh da solur, adamın üstündən torpaq-tabut
qoxusu gəlir...
Yuxarıdakı yanaşmadan (da) görünür ki,
Əbülfət Mədətoğlunun şeirə münasibəti sözə sadə bir yanaşma deyil, bir
ehtiramdır. Bu mənada, o, özünün insan-şair dürüstlüyünü poeziyanın ən ovqatlı
məqsədi kimi təqdim edir.
***
Məni "ah”ına tapşır,
Son günahına tapşır,
Uzaq uzaq tutacaq,
Sən lap yaxına tapşır -
Üzünü görə bilim...
***
Özünə bax, ona bax
Səsindəki tona bax...
Ay Əbülfət, sona bax,
Gör nələr soldu səndə...
Şeirdə həyat və taleyi adi təzahür kimi
vermək oxucuda meyl doğurmur. Əbülfət Mədətoğlu başqalarından fərqli olaraq bu
ədəbi prosesi (nümunə gətirdiyimiz parçalardan da göründüyü kimi)
zəruri-effektiv səciyyə kimi qabardır, məna və məzmun aralığında bir eyham
qurur. Onun, ən adi bildiyi şeir əslində, vacib bir statusdur, hadisələrin
xarakterini ədəbi faktlarla açır. Təkcə "Ay Əbülfət, sona bax, gör nələr soldu
səndə...» rakursu bir insanın yaradılışdan ta son ana qədərki həyatını ifadə
edir, günahda təcəlla edən canın hansı acrı-acıda ah-vay edəcəyinə diqqət
çəkir. Bu qorxu ruhu necə sarırsa, insan tövbə etməkdən başqa çarə tapmır.
Deməli, ağıllı-düşüncəli oxucu Əbülfət Mədətoğlunun şeirlərini idrak edə bilsə,
günahdan - daha doğrusu, cəhənnəm əzabından yaxa qurtarmaq şansı tapar.
Yaxşı bilirik ki, örnək yaradıcılığa,
nümunəvi, əxlaqlı poeziyaya sahib ola bilməyin də özünün məlum çətinlikləri
var. Dəfələrlə demişik: o qələm sahibi ki, zəhmətlə istedadı qoşalaşdırır, onun
örnəklik qazanma şansı daha çox olur. Parlaq zəkalı qələmdaşımız Əbülfət
Mədətoğlu da poeziyanı bir həyat israrı hesab etdiyi üçün öz fövqündə
sadə-səmimi hislər qurur, dərhal da anlayırıq ki, bu, onun şeiriyyətində
ləngərli duyğuların kövrək inikasıdır. Əbəs yerə deyil ki, onun şeirləri həcmə
deyil, məzmuna, mahiyyətə sığır.
Çox vaxt qürur doğuran hisslərə
aludəçilik poeziyada az əhatə cızır. Əbülfət Mədətoğlu idrakında saf meyllər
qabartmaqla bu əhatədə bir genişlik tapır. Onun şeirdən-şeirə keçirdiyi
mübarizə çək-çevirləri bu cəhdə qapı açır.
Sən bütün ümidlərin
Qapısın
kilidlədin.
Qopmuş vərəqlərini
Topladın, cilidlədin
kədərin...
***
...Söylə görüm nə çin olub,
Olubsa, bəs neyçün olub?
Ürəyim ki, elçin olub,
Özgə kimi göndərəydim?!
***
Allahım, yoruldum daha,
Dincəlmək keçir içimdən...
***
İnsan gəlir görə-görə,
Min cürə dəyişir hərə...
Sevgisin anamız yerə
Qoymur ki, dincə Dan üzü.
Yuxarıdakı vahimə dolu, ictimai çalarlı
şeir parçalarına hakim kəsildikcə adam min hala düşür, min əhvala bükülür,
sonra da ovqatına xoş təsir verən obrazların ağrısına tuş gəlir və o ağrıda
bişir. Bax, dərdi təsvirə çəkmək, onu ürəyə sadəcə yük yox, həm də naxış etmək
budur!
Sanki Əbülfət Mədətoğlu lirik ovqatlı
şeirləri ilə ürəyə yol, cığır, səmt tapmaqla xoşhal olur. Onun ömür
sayğacındakı zaman diyircəkləri o qədər sakit işə düşür ki, poetik hislərindəki
çat fikrin dəqiqliyinə nəzər ayırır. Bu zəruri-şüuraltı faktı yuxarıdakı şeir
parçalarında təzahür edən ədəbi israrla sübut edək: «Sən bütün ümidlərin
qapısın kilidlədin. Qopmuş vərəqlərini topladın, cilidlədin kədərin...»
eyhamında bir insanın bütöv anı əks olunub. Məqsədi insansevərlik olan şair
oxucusunu bu fikrin alt qatındakı dəhşətlərdən xəbərdar etmək, onu yanlış
etiqadlardan çəkindirmək istəyir. Bu israrı biz onun «Ürəyim ki, elçin olub,
özgə kimi göndərəydim?!» ədəbi faktında da aşkar görürük. İçində Allah xofu
çırpınan Əbülfət Mədətoğlu cəmiyyətləri günahdan gen tutmaq üçün özünü
poetik-fəlsəfi fikirlərin istisində şam kimi əridir. O, (bir növ) şeiryazma
işini (həm də) bir tədqiqat işi kimi qəbul edir deyə, hadisələri ehtimal deyil,
gerçək kimi qabardır, ən adi fikrində (belə) bədii məğz və məna zərurəti qurur,
fərdi mülahizələrdəki pessimist ovqatları durulaşdırır. Ədəbi mühitdə kifayət
qədər tanınmış şair bədii zərurətləri daha çox bir kod altında sistemləşdirməyə
üstünlük verir. Bununla (sanki) poetik fikri təkcə bir əhatədə yox, həm də
geniş təsəvvürdə cilalamq istəyir.
Ən əsası, onun şeirlərinin əksəri həyat
materialları əsasında səciyyələnir deyə (ədəbi qayəcə) öz poetik normasına
qalxa bilir.
Hikmət Məlikzadə,
Prezident mükafatçısı